|
Milli Büdcə Qrupu və Mədən
Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının
mətbuat
üçün açıqlaması
Milli Büdcə Qrupu və Mədən
Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının
mətbuat
üçün açıqlaması
 Martın
12-də “Avropa” mehmanxanasının konfrans zalında Milli Büdcə Qrupu və Mədən
Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası “Dövlət
xərcləmələri şəffaflıq və səmərəlilik müstəvisində” mövzusunda birgə Dəyirmi
Masa keçiriblər. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə, “Ekspert”
jurnalının informasiya dəstəyi ilə baş tutan tədbirdə yerli və beynəlxalq
QHT-lərin, dövlət təşkilatlarının, beynəlxalq təşkilatların, xarici ölkə
səfirliklərinin və Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların
təmsilçiləri iştirak ediblər.
Dəyirmi Masada çıxış edən MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlu neft gəlirləri hesabına həyata keçirilən xərcləmələrlə bağlı tədbirlərin silsilə xarakter daşıyacağını bildirib. Nə MBQ-nin, nə də MSŞA Koalisiyasının dövlət investisiyalarının əleyhinə olmadığını söyləyən koordinator diqqətin bu investisiya layihələrinin icrası prosesinin şəffaflığı, həmçinin onların səmərəliliyi məsələlərinə yönəltmək məqsədini daşıdıqlarını qeyd edib: “Məqsədimiz dövlət orqanlarının məsuliyyətini artırmaq, hökuməti şəffaflığa sövq etməkdir.” MBQ-yə daxil olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev geniş məruzə ilə çıxış edərək hökumətin investisiya siyasətindəki nöqsanlara yönəldib. Onun sözlərinə görə, bu nöqsanların böyük bir qismi dövlət xərcləmələrinə effektiv nəzarətə imkan verməyən qanunverici bazadadır. Belə ki, hüquqi sahədəki ciddi boşluqlar müxtəlif strukturların irihəcmli layihələri tam qapalı həyata keçirmələrinə şərait yaradır. Bundan əlavə, bir sıra məmurlar bilərəkdən mövcud qanunvericiliyin tələblərini pozurlar .Maraqlıdır ki, dövlət investisiya layihələri maliyyələşmə üçün seçilərkən istisadi-sosial və ya ictimai səmərəlilik, real nəticəlilik kimi əsaslandırmalardan istifadə olunmur: “Nəticədə bu il istifadəyə verilən yol iki ildən conra əsaslı təmirə dayanır. Yaxud yüz milyonlarla manat xərc çəkilib tikilən yol ötürücüləri Bakı şəhərində tıxacları azaltmaq əvəzinə daha da artırır.” MBQ-na daxil olan Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl bir çox hallarda dövlət investisiya layihələrinin icraçılarının tendersiz müəyyənləşdirildiyini, bu halın daha çox Nəqlıiyyat Nazirliyinin layihələrində qeydə alındığını bildirib. O, həmçinin nəqliyyat layihələrinin illərlə uzandığını, bu zamansa onların dəyərinin də şişirdildiyini qeyd edib. Tədbirdə çıxış edən Milli Məclisin üzvü Vahid Əhmədov iki ildən bəridir ki, parlamentdə “Maliyyə nəzarəti haqqında” qanunun qəbuluna nail ola bilmədiklərini deyib. Deputatın bildirdiyinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf sürəti çox aşağıdır. Bu sektora investisiya qoyuluşları da cüzidir. Dəyirmi Masada Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, politoloq Zərdüşt Əlizadə və AXCP sədri Əli Kərimli də çıxış edərək dövlət investisiya layihələrinin icrasında sahəsində mövcud olan ciddi problemlərin səbəbləri və digər məsələlərlə bağlı öz mövqelərini bildiriblər.
◄ 1 ... 40 41 42 ... 46 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 12/3/2008 - 23:14:53
|