YEKUN HESABAT (2007)
“Neft gәlirlәrinin istifadәsi üzrә layihәlәrin monitorinqi vә nәticәlәrin
ictimai müzakirәsi” layihәsi
Hesabatın müәlliflәri: Mirvari Qәhrәmanlı, Zöhrab İsmayılov, Zamin Hacıyev

2005-ci ildən başlayaraq Azərbaycan böyük neft gəlirləri əldə etməyə başlayıb.
Hazırda ölkənin neft gəlirləri dövlət büdcəsində, ARDNF-də və ARDNŞ-də toplanır.
2006-cı ildə Azərbaycan cəmi 4279.4 mln. manat neft gəliri əldə edib ki, bunun
2287.5 mln. manatı xarici neft şirkətlərinin mənfəət vergisi və ARDNŞ-nin dövlət
büdcəsinə ödənişləri, 897.6 mln. manatı ARDNF-in gəlirləri, 1094.3 mln. manatı
isə ARDNŞ-nin xalis mənfəəti olub. Ölkənin neft gəlirləri elə bu mənbələr üzrə
də istifadə edilir. 2006-cı ildə əldə edilmiş neft gəlirləri tamamilə istifadə
edilib.
2006-cı ildə ARDNŞ əldə etdiyi gəlirlər hesabına 285 mln. manat investisiyaqoyuluşu həyata keçirib ki, bunun da 27.9 mln. manatı sosial investisiya layihələrinə (o cümlədən, 16.8 mln manat səhiyyə layihələrinə) sərf edilib. ARDNF-in əldə etdiyi gəlirlərin 585 mln. manatı dövlət büdcəsinə transfert edilib, qalan vəsait isə sosial və infrastruktur layihələrinə yönəldilib.
2006-cı ildə neft gəlirlərinin əksər hissəsi sosial və infrastruktur layihələrinə, habelə dövlət-hakimiyyət orqanlarının inzibati binalarının və başqa obyektlərinin təmirinə sərf edilib. Bu layihələrin isə hansısa maddi mənfəətindən danşmaq mümkün deyil. Sosial və infrastruktur layihələrinin yalnız sosial səmərəsindən söz açmaq olar.
Bununla belə, bu layihələr başa çatdıqdan sonra onların dövlət qurumları tərəfindən saxlanması nəzərdə tutulur ki, bu da böyük xərclər tələb edəcək. Azərbaycan hökumətinin “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sı mövcuddur. Bu sənəd 27 sentyabr 2004-ci il tarixli 128 №-li prezident fərmanı ilə təsdiq edilib. Strategiyaya əsasən neft və qaz gəlirlərinin aşağıdakı istiqamətlərə sərf edilməsi nəzərdə tutulur:
- iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;
- infrastruktur sahələrin geniş miqyaslı inkişafı:
- yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;
- iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;
- "insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);
- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
- azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.
Artıq üçüncü ildir ki, sözügedən strategiya qəbul edilsə də, onun proqram əsasları hazırlanmayıb və hazırda hökumətin gündəliyində belə bir məsələ durmur. Məlum strategiya Azərbaycanın neft və qaz gəlirlərinin istifadəsi üzrə məqsədləri və prioritetləri müəyyən edir. Lakin bunun davamı ola biləcək proqramların nəzərdə tutulmaması neft gəlirlərinin pərakəndə, sistemsiz və bir çox hallarda isə səmərəsiz istifadə olunmasına gətirib çıxarmaqdadır. Məsələn, hazırda bir tərəfdən dövlət büdcəsi hesabına, digər tərəfdən isə ARDNŞ hesabına səhiyyə ocaqları, məktəblər və idman kompleksləri tikilir.
Dövlət büdcəsindən bu istiqamətə sərf olunan vəsaitlər xətti nazirlikərin təşəbbüsü ilə müəyyən mənada əsaslandırılır. Ancaq ARDNŞ-nin bu istiqamətdəki fəaliyyəti hansısa sosial tələbatlarla əsaslandırılmır. Neft gəilrlərinin istifadəsi prosesində başqa bir ciddi problem layihələrin maddi cəhətdən yüksək qiymətləndirilməsi, bir çox hallarda isə icra prosesində layihələrin yenidən bahalaşdırılmasıdır. Bir sıra layihələr isə (məsələn, yol infrastrukturu layihələri) sadəcə olaraq illərlə uzanır və onların nə dayandırılması, nə də sona çatması mümkün görünür. Eyni zamanda layihələrin icraçılarının seçilməsi və icra prosesində dövlət satınalmalarının tələbləri tez-tez pozulur. Həmçinin, bir çox hallarda layihələri məsul dövlət qurumunun rəhbərliyinə yaxın olan özəl şirkətlər həyata keçirir. Dünya təcrübəsinə görə, infrastruktur layihələrinə ayrılan vəsaitlərin 20-25% korrupsiyaya uğrayır. Ümumi təəssüratlar Azərbaycanda bu fazin daha çox olduğunu ehtimal etməyə əsas verir.
“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsində neft gəlirləri hesabına həyata keçirilən bir sosial və bir infrastruktur layihəsi monitorinq edilib. Bunlardan birincisi, ARDNŞ-nin 10 regionda inşa etdiyi Müalicə Diaqnoasika Mərkəzlərinin tikintisi layihələri, digər layihə isə “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, ARDNF-in vəsaiti hesabına inşa etdiyi “Taxtakörpü” Su Anbarıdır. Birinci layihənin maliyyə tutumu 60 mln. manat, ikincisi
layihənin smeta dəyəri isə 277 mln. manatdır. Bununla belə hər iki layihənin bahalaşması real görünür. ARDNŞ-nin layihələrinin nə qədər bahalaşması hələ bəlli olmasa da, ASCnin layihəsinin ARDNF-ə azı 305 mln. manata başa gələcəyi gözlənilir.
daha geniş