Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
Bundan qaçmaq üçün ciddi institutsional islahatlar aparılmalıdır
Iyulun 12-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (İSAM) təşkilatçılığı, USAİD və Avrasiya
Fondunun maliyyə dəstəyi ilə “Neft gəlirləri və institusional islahatlar” mövzusunda
Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada çıxış edən İSAM-ın rəhbəri Sabit Bağırov böyük neft gəlirləri olan ölkələrdə xərclərlə bağlı problemlərin olduğu və belə problemləri aradan qaldırmaq üçün neft gəlirlərinin təsnifatı üzrə xərclənməsinin, institutsional islahatlar aparılmasının məqsədəmüvafiq hesab edildiyini. vurğulayıb Onun fikrincə, belə islahatlar nəticəsində yerli mal və xidmətlərin rəqabətə davamlılığı möhkəmlənər.
İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov, adətən, neft ölkələrinin dövlət büdcəsinin 25-90 faizinin məhz neft gəlirləri hesabına formalaşdığını qeyd edib. Onun sözlərinə görə, büdcənin neft gəlirləri hesabına formalaşması büdcə risklərini artırır, profisit, idarəetmə problemləri yaradır, büdcənin tənzimləyici vasitələri zəifləyir. Onun sözlərinə görə, daxili iqtisadiyyatda dövlət büdcəsini bir orqan həyata keçirməli və tənzimləyici rolunda çıxış etməlidir. .Eyni zamanda riskləri kompensasiya etmək üçün qanunvericilik bazasını təkmilləşdirmək və eləcə də bədxərclilik sindorumunu aradan qaldırmaq lazımdır. İ.Əhmədov Azərbaycanda büdcənin formalaşmasında yaxından iştirak edən Neft Fondu ilə büdcə arasındakı əlaqələr barədə də danışaraq bu əlaqənin çox zəif olduğunu qeyd edib: “Hesab edirəm ki, neft gəlirləri ilə bağlı, həm də idarəetmə problemləri var. Hazırda regional büdcə ilə dövlət büdcəsi arasında əlaqə yoxdur. Ölkə büdcəsini Sosial Müdafiə Fondunun, Dövlət Neft Fondunun gəlirləri və eləcə də xarici kreditlər formalaşdırır.
2002-ci ilə qədər Dövlət Neft Fondu ilə dövlət büdcəsi arasında heç bir əlaqə mövcud olmayıb. Yalnız 2005-ci ildə ikitərəfli əlaqələr bərqərar olunub. Təbii ki, belə əlaqənin olmaması xərclərlə bağlı riski daha da artırır. Çatışmazlıqların aradan qaldırılması və islahatların həyata keçirilməsi ilə bağlı, Neft Sənayesində Şəffaflıq Koalisiyasının özünəməxsus təklifləri də var. Belə ki, koalisiya hesab edir ki, ilk növbədə instutsional islahtalar aparılmalı, qanunvericilik bazasına dəyişikliklər edilərək, daha da təkmilləşdirilməlidir. “
Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Xristos Kostopolous isə “Dünya Bankının dəstəklədiyi islahatlar proqramı” mövzusunda məruzə edib. Onun sözlərinə görə, iqtisadiyyatı tək neft faktoru üzərində qurmaq gələcəkdə böyük risklərə yol açır: "Mənim fikrimcə, mümkün olduğu qədər neft gəlirlərini özəl sektora yönəltmək daha səmərəlidir. İndiki imkanlardan maksimum istifadə etməklə, ölkədə yoxsulluğun səviyyəsini daha da azaltmaq olar. Dünya Bankı olaraq, biz bu sahədə Azərbaycana dəstək olmağa hər zaman hazırıq. Bütün bunları nəzərə alaraq, biz sosial sahələrə, infrastruktura daha çox investisiya yatırırıq". Xristos Kostopolous Hesablama Palatasının işinin təkmilləşdirilməsini də vacib sayır. Onun sözlərinə görə, hazırda ölkəmizdə bu qurumun fəaliyyətində bir qədər geriləmə müşahidə olunur.
Toplantıda iştirak edən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri Azər Əmiraslanov, Əli Məsimli və Vahid Əhmədov da müzakirə olunan məsələlərə münasibət bildiriblər.