Beynəlxalq Xəzər Neft, Qaz Konfransının üçüncü sessiyası Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsünə həsr olundu (07/06/2007)
İyunun 7-də 14-cü Beynəlxalq Xəzər Neft, Qaz Konfransının sonuncu günü üçüncü sessiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) həsr olundu.
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü–Gəlirlərin Şəffaflığında Beynəlxalq Standartlara Doğru” adlandırılan sessiyanı giriş sözü ilə Norveçin Azərbaycandakı səfiri Yon Remberq açaraq MHŞT-nin neft və qaz hasilatı həyata keçirilən ölkələrdə mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Böyük Britaniyanin Azərbaycandakı səfiri Lori Bristou ölkəsinin baş naziri Toni Bleyer tərəfindən irəli sürülən təşəbbüsə Azərbaycanın qoşulduğu ilk dövlətlərdən biri olduğunu və bu sahədə mühüm nailiyyətlərin əldə edildiyini söylədi. Səfir bu uğurlar sırasında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının fəaliyyətini musbət qiymətləndirərək vətəndaş cəmiyyətinin nümayəndələri ilə faydalı əməkdaşlığın həyata keçiriləcəyini bəyan etdi. L.Bristou bildirdi ki, Azərbaycan hökuməti şirkətlər və qeyri-hökumət təşkilatları ilə birgə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü qlobal təşəbbüsə çevirmək sahəsində aparıcı rol oynamışdır.
Norveçin neft və enerji nazirinin müavini xanım Anita Atses ölkəsinin MHŞT-yə dəstək verdiyini və Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərin yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi.
Sessiyanın 1-ci hissəsində “MHŞT: Qazanılmış Təcrübə/Növbəti addımlar” mövzusu üzrə çıxışlar edildi.
MHŞT üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycan hökumətinin bu təşəbbüs çərçivəsində həyata keçirdiyi siyasət və indiyə qədər görülən işlər haqqinda ətraflı məlumat verdi. Komissiya sədri MHŞT uzrə QHT Koalisiyası, yerli və xarici neft sirkətləri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğuladı.
MHŞT ilə bağlı yerli və xarici neft şirkətlərinin hazırladıqları hesabatlar haqqında da məlumatlar verildi. Bununla əlaqədar, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, “Statoil” şirkətinin hökumət və ictimaiyyətlə əlaqələr üzrə menecer Sver Olden Mala, “BP” şirkətinin rabitə və xarici əlaqələr üzrə direktoru Klar Bebbinqton çıxış etdi.
Konfransda MHŞT üzrə Azərbaycan QHT Koalisiyasının Şura üzvü Sabit Bağırov geniş təqdimatla nitq söylədi. S.Bağırov bildirdi ki, Koalisiya təsis edilərkən 32 ictimai birlik və fərdi uzvdən ibarət idisə, 3 illik fəaliyyəti dövründə bu say 107-yə catıb. Koalisiyanın 4 əsas məqsədi var ki, bunlar da neft gəlirlərinə ictimai nəzarət, bu sahədə əhalinin maarifləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və MHŞT-də vətəndaş cəmiyyətinin təmsilçiliyidir. MHŞT ilə əlaqədar Koalisiyanın fikirlərini ifadə edən natiq bildirdi ki, “MHŞT gəlirlərin böyük qismini əhatə etsə də, bəzi gəlir növləri Təşəbbüs xaricində qalır” və “MHŞT neft gəlirləri ilə əlaqədar ictimaiyyəti maraqlandıra bilən sualların yalnız bir qisminə cavab verir”. S.Bağırov neft gəlirləri ilə əlaqədar 4 əsas təklifi irəli sürdü: 1.Neft gəlirlərinin idarə edilməsinə dair yeni qanun qəbul edilməlidir; 2.Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin nümayəndəsi təmsil edilməlidir; 3.MHŞT hesabatları genişləndirilməlidir; 4.Neft gəlirlərinin xərclənməsinə dair hesabatlılıq sistemi yaradılmalıdır.
Sessiyanın 2-ci hissəsində “MHŞT: Regional perspektivlər” mövzusu üzrə MHŞT Katibliyinin rəhbəri Yonas Moberq, Gürcüstanın “İctimai Maliyyə Fondlarında Şəffaflıq” QHT Koalisiyasının uzvü David Narmania, Qırğızıstan MHŞT Koaliyasının təmsilçisi Anara Dautaliyeva və Qazaxstan MHŞT Koalisiyasının nümayəndəsi Malik İssabekov çıxış etdilər. Natiqlər ölkələrində bu sahə üzrə görülən işləri qeyd etməklə yanaşı Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını və dərc olunan hesabatların MHŞT üzrə QHT Koalisiyası tərəfindən dərhal nəzərdən keçirilərək Rəy verilməsini mütərəqqi hal hesab etdilər.
Qeyd edək ki, hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft, Qaz Konfransı çərçivəsində ilk dəfə olaraq sayca 14-cü tədbirdə MHŞT üzrə məsəslələr müzakirə edildi.