AZƏRBAYCANDA EITI-LA BAĞLI MÜHÜM HADİSƏLƏRİN XRONOLOJİSİ (2007)
Koalisiyanın məlumatlarına əsasən
Azərbaycanda EİTİ-la bağlı mühüm hadisələrin xronolojisi 2007-ci ili əhatə edir
12/06/2007 - NICO şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu
2007-ci il iyunun 12-də Naftiran Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı”nı imzalamaqla NİCO Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti –altıncı hesabat dövrü (2006-cı il üzrə illik) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 25-ə çatıb və artıq ölkədə neft və qaz hasilatı ilə məşğul olan bütün şirkətlər MHŞT-nin tətbiqi prosesinin iştirakçısıdır. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha üç şirkət - Inpex Azərbaycan, Binəqədi Oil və RAFI Oil şirkətləri qoşulub.
12/06/2006 - MSŞT Koalisiyasına media ödülü təqdim olundu
Qurum 2006- cı ildə media ilə fəal əməkdaşlığına görə fərqlənib
Zərdabi Media Mərkəzi 2006- cı ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Mayın 30- da Hyatt Regency otelində təşkil olunan təqdimat mərasimində hökümət nümayəndələri, müxtəlif nazirliklərin məsul işçiləri, beynəlxalq təşkilatların rəhbərləri, millət vəkilləri, Mətbuat Şurasının üzvləri, KİV təmsilçiləri, şirkətlər, QHT- lər və s. iştirak edirdilər. Müxtəlif istiqamətlər üzrə keçirilən sorğuda 7 nominasiya üzrə qaliblər müəyyənləşib. Sevindirici haldır ki, qaliblər arasında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası da olub. Koalisiya QHT və QHT birlikləri arasında 2006- cı ildə media ilə fəal əməkdaşlığa görə nominasiya üzrə fərqlənib. Zərdabi Media Mərkəzi tərəfindən fərqlənmə diplomu və “2006 cı ildə media ilə fəal əməkdaşlığa görə” ödülü təqdimat mərasiminə qatılan Koalisiyanın Şura üzvü Oqtay Gülalıyevə təqdim olunub. Koalisiya təmsilçisi toplantıda çıxış edərək sorğunu təşkil edən və həyata keçirən şəxslərə, həmçinin Zərdabi Media Mərkəzinə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. Koalisiyanın məqsədlərində danışan O. Gülalıyev təbii sərvətlərin istismarından əldə olunan gəlirlərin şəffaf xərclənməsində vətəndaş cəmiyyətinin aktiv iştirakının vacibliyini bildirib.
MSŞT Koalisiyasının iyunun 8- də keçirilən Şura toplantısında bu barədə geniş məlumat verilmiş və quruma hədiyyə edilmiş mükafat Koalisiyanın ofisinə təqdim olunmuşdur.
08/06/2007 iyun
Press-reliz
İyunun 8-də Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Koalisiyasının mənzil qərargahında Qazaxstanın MHŞT sahəsində fəaliyyət göstərən ekspertlərlə görüşü keçirilib. Görüşdə Koalisiyanın Şura üzvləri, Qazaxstanın Soros Fondunun nümayəndəsi Anton Artemyev və Qazaxstan MHŞT təmsilçisi Malik İsabekov iştirak ediblər.
Görüşdə Azərbaycan və Qazaxstan MHŞT Koalisiyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qonaqlar Azərbaycanda MHŞT sahəsi üzrə yüksək nailiyyətlərin əldə edildiyini vurğulayaraq bu təcrübədən istifadə edilməsini vacib hesab etdilər.
Koalisiyanın Şura üzvləri qarşılıqlı şəkildə MHŞT ilə bağlı hazırlanan hesabatlarla əlaqədar dərc olunan materialların mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, Rusiya və Türkmənistan MHŞT Koalisiyalarının da iştirakı ilə Konsorsiumun yaradılmasını təklif kimi irəli sürdülər.
Görüş iştirakçıları MHŞT ilə bağlı geniş miqyasda informasiya təbliğatının aparılması ideyasını gələcək fəaliyyətin mühüm bir istiqaməti kimi məqsədəuyğun hesab etdilər.
Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Kolaisiyasının mətbuat xidməti
07 iyun, 2007
Beynəlxalq Xəzər Neft, Qaz Konfransının üçüncü sessiyası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə həsr olundu
İyunun 7-də 14-cü Beynəlxalq Xəzər Neft, Qaz Konfransının sonuncu günü üçüncü sessiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) həsr olundu.
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü–Gəlirlərin Şəffaflığında Beynəlxalq Standartlara Doğru” adlandırılan sessiyanı giriş sözü ilə Norveçin Azərbaycandakı səfiri Yon Remberq açaraq MHŞT-nin neft və qaz hasilatı həyata keçirilən ölkələrdə mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Böyük Britaniyanin Azərbaycandakı səfiri Lori Bristou ölkəsinin baş naziri Toni Bleyer tərəfindən irəli sürülən təşəbbüsə Azərbaycanın qoşulduğu ilk dövlətlərdən biri olduğunu və bu sahədə mühüm nailiyyətlərin əldə edildiyini söylədi. Səfir bu uğurlar sırasında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının fəaliyyətini musbət qiymətləndirərək vətəndaş cəmiyyətinin nümayəndələri ilə faydalı əməkdaşlığın həyata keçiriləcəyini bəyan etdi. L.Bristou bildirdi ki, Azərbaycan hökuməti şirkətlər və qeyri-hökumət təşkilatları ilə birgə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü qlobal təşəbbüsə çevirmək sahəsində aparıcı rol oynamışdır.
Norveçin neft və enerji nazirinin müavini xanım Anita Atses ölkəsinin MHŞT-yə dəstək verdiyini və Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərin yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi.
Sessiyanın 1-ci hissəsində “MHŞT: Qazanılmış Təcrübə/Növbəti addımlar” mövzusu üzrə çıxışlar edildi.
MHŞT üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycan hökumətinin bu təşəbbüs çərçivəsində həyata keçirdiyi siyasət və indiyə qədər görülən işlər haqqinda ətraflı məlumat verdi. Komissiya sədri MHŞT uzrə QHT Koalisiyası, yerli və xarici neft sirkətləri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğuladı.
MHŞT ilə bağlı yerli və xarici neft şirkətlərinin hazırladıqları hesabatlar haqqında da məlumatlar verildi. Bununla əlaqədar, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, “Statoil” şirkətinin hökumət və ictimaiyyətlə əlaqələr üzrə menecer Sver Olden Mala, “BP” şirkətinin rabitə və xarici əlaqələr üzrə direktoru Klar Bebbinqton çıxış etdi.
Konfransda MHŞT üzrə Azərbaycan QHT Koalisiyasının Şura üzvü Sabit Bağırov geniş təqdimatla nitq söylədi. S.Bağırov bildirdi ki, Koalisiya təsis edilərkən 32 ictimai birlik və fərdi uzvdən ibarət idisə, 3 illik fəaliyyəti dövründə bu say 107-yə catıb. Koalisiyanın 4 əsas məqsədi var ki, bunlar da neft gəlirlərinə ictimai nəzarət, bu sahədə əhalinin maarifləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və MHŞT-də vətəndaş cəmiyyətinin təmsilçiliyidir. MHŞT ilə əlaqədar Koalisiyanın fikirlərini ifadə edən natiq bildirdi ki, “MHŞT gəlirlərin böyük qismini əhatə etsə də, bəzi gəlir növləri Təşəbbüs xaricində qalır” və “MHŞT neft gəlirləri ilə əlaqədar ictimaiyyəti maraqlandıra bilən sualların yalnız bir qisminə cavab verir”. S.Bağırov neft gəlirləri ilə əlaqədar 4 əsas təklifi irəli sürdü: 1.Neft gəlirlərinin idarə edilməsinə dair yeni qanun qəbul edilməlidir; 2.Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin nümayəndəsi təmsil edilməlidir; 3.MHŞT hesabatları genişləndirilməlidir; 4.Neft gəlirlərinin xərclənməsinə dair hesabatlılıq sistemi yaradılmalıdır.
Sessiyanın 2-ci hissəsində “MHŞT: Regional perspektivlər” mövzusu üzrə MHŞT Katibliyinin rəhbəri Yonas Moberq, Gürcüstanın “İctimai Maliyyə Fondlarında Şəffaflıq” QHT Koalisiyasının uzvü David Narmania, Qırğızıstan MHŞT Koaliyasının təmsilçisi Anara Dautaliyeva və Qazaxstan MHŞT Koalisiyasının nümayəndəsi Malik İssabekov çıxış etdilər. Natiqlər ölkələrində bu sahə üzrə görülən işləri qeyd etməklə yanaşı Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını və dərc olunan hesabatların MHŞT üzrə QHT Koalisiyası tərəfindən dərhal nəzərdən keçirilərək Rəy verilməsini mütərəqqi hal hesab etdilər.
Qeyd edək ki, hər il Bakıda keçirilən Beynəlxalq Xəzər Neft, Qaz Konfransı çərçivəsində ilk dəfə olaraq sayca 14-cü tədbirdə MHŞT üzrə məsəslələr müzakirə edildi.
07 iyun, 2007
Britaniya, Norveç və Azərbaycan hökumətləri Neft Fondunun BMT-nin mükafatına layiq görülməsinə dair birgə bəyanat imzalayıblar
“DÖVLƏT NEFT FONDU BU MÜKAFATI ALMAQ ISTƏYƏN BIR ÇOX NAMIZƏDLƏRIN ARASINDAN SEÇILMIŞDIR”
Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək səviyyəli Komitəsinin Nyu-Yorkda keçirilən 15-ci sessiyası zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Norveç və Azərbaycan hökumətləri birgə bəyanatla çıxış etmişlər.
Birgə bəyanatda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü barədə məlumat verilmiş, onun Azərbaycanda uğurla həyata keçirilməsi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na (UN Public Service Award) layiq görülməsi xüsusi qeyd olunmuşdur.
Bəyanatda deyilir: “Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqində aparıcı rol oynayan Dövlət Neft Fondunun “Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması” kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülməsi barədə məlumat verməkdən məmnunluq duyuruq. Dövlət Neft Fondu bu mükafatı almaq istəyən bir çox namizədlərin arasından seçilmişdir”.
Bəyanatda Təşəbbüsün tətbiqi ilə bağlı regional əməkdaşlığın əhəmiyyəti də xüsusi vurğulanır və Azərbaycanın bu sahədə öz təcrübəsini Qazaxıstanla bölüşməsi bu əməkdaşlığa misal olaraq göstərilir.
18 may, 2007-ci il
ARDNF-in İcraçı Direktoru Şahmar Mövsümov Koalisiyanın yaradılmasının 3 ili münasibəti ilə təbrik məktubu göndərir. Məktubda deyilir:
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına
100-dən artıq üzvü özündə birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yaradılımasının 3 ili tamam olur. Bu münasibətlə Koalisiya üzvlərini təbrik edirəm.
Azərbaycan Mineral Ehtiyaların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasından keçən 4 ilə yaxın bir müddət və Koalisiyanın fəaliyyət göstərdiyi 3 il ərzində ölkə hökuməti Təşəbbüsün Azərbaycanda həyata keçirilməsi prosesində uğurlara özünün əsas tərəfdaşlarından biri olan Koalisiya ilə əməkdaşlıq nəticəsində nail olmuşdur. Azərbaycan bu gün MHŞT-nin tətbiqində dünyanın lider ölkəsi sayılır və artıq Təşəbbüs üzrə 5 hesabat dərc etdirib. Koalisiyanın timsalında vəəndaş cəmiyyətinin bu prosesdə fəaliyyəti Təşəbbüsün Azərbaycanda tətbiqinin təsdiqedici faktorudur.
Sizi bir daha təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzu edirəm
Hörmətlə Ş. Mövsümov
+++++++++++++++++++++++++++++++++++++
18 may, 2007-ci il
“Azərbaycan” Universitetində “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir.
MSŞA Koalisiyasının üzvü, İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri professor Fuat Rəsulov, Universitetin tədris işləri üzrə prorektoru Mahir İbrahimov, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və 48 nəfər müəllim, tələbə heyəti iştirak etmişlər.
Dəyirmi masanı Ehtiram Əli açaraq, mədən sənayesində şəffaflığın artırılmasının əhəmiyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu yığıncaq iştirakcılarına çatdırdı.
Yığıncaqda professor Fuat Rəsulov “Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Professor, mədən sənayesi gəlirlərinin əhalinin sosial drumuna təsiri, gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsinin vacibliyi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır
Məruzə ətrafında geniş diskusiya oldu. Suallara ətraflı cavab verildi.
Universitetin rektoru professor Fərahim Sadıqov yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə tədbirlərin keçirilməsinin lazım olduğunu bildirdi.
18 may, 2007-ci il
Prezident İlham Əliyev Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
| Artur Rasizadə | Baş nazir |
| Valeh Ələsgərov | Milli Məclis sədrinin müavini |
| Vahid Axundov | iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri |
| Samir Şərifov | maliyyə naziri |
| Heydər Babayev | iqtisadi inkişaf naziri |
| Elman Rüstəmov | Milli Bankın İdarə Heyətinin sədri |
| Azər Əmiraslanov | Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini |
| Gündüz Məmmədov | Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri |
| Mahmud Kərimov | Milli Elmlər Akademiyasının prezidenti |
17 may, 2007
Vahid Layihə çərçivəsində "Universitetlərdə dəyirmi masaların keçirilməsi" istiqaməti üzrə iki universitetdə dəyirmi masalar keçirilir.
14 may, 2007-ci il
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının yaradılmasının 3 illiyi münasibəti ilə mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı hökumət komissiyasının indiyə qədər açıqladığı 5 hesabata rəy verilib və burada təklif və iradların nəzərə alınması tövsiyyə edilib. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" çərcivəsində imzalanan müqavilələr üzrə əsaslı xərclərin artması və bununla əlaqədar kompensasiya vaxtının uzanması Koalisiyanı narahat edir. "Azəri-Çıraq-Günəşli" yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa da, artıq xərclər 14 milyard dolları keçib. Nəticələr onu göstərir ki, kapital xərcləri ciddi nəzarət altına alınmalıdır”. Q.İbadoğlu təklif edib ki, kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat şirkətini və koalisiyanı təmsil edən İşçi Qrup yaradılmalıdır. Koalisiyanın əlaqələndiricisi ARDNŞ-nın hesabatlılıq sisteminin və ödəmələrin ziddiyyətli xarakter daşıdığını vurğulayıb.
Koalisiya Şurasının üzvü İnqilab Əhmədov Böyük Britaniya hökumətinin rəhbəri tərəfindən irəli sürülən bu təşəbbüsün son dərəcə vacib siyasi mahiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüsə iki konsepsiyadan yanaşıla bilər. Birincisi, bu, Toni Bleyer tərəfindən irəli sürülən adi bir siyasi bəyanatdır və o, siyasi arenadan gedəndən sonra unudulacaqdır. İkincisi isə bu, hökumət rəhbərlərinin özlərindən asılı olmayan labüd bir məsələdir. Azərbaycanın da bu cür labüd bir təşəbbüsə qoşulması çox mühüm bir addımdır.
Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev əhalinin neftdən gələn gəlirlər və onların xərclənməsi barədə məlumatlandırılması çox vacib bir amil hesab edərək bu istiqamətdə addımların atılmsını vacib hesab edib.
Müstəqil Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, Koalisiya üzvü Telman Zeynalov isə qeyd edib ki, neft sənayesində olan şəffaflıq təkcə gəlir və xərclərin düzgün aparılması ilə bitmir. Ekoloji baxımdan da bu sahədə bir sıra ciddi problemlər mövcüddur.
Qeyd edək ki, MSŞT Koalisiyası 3 il ərzində təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi, eyni zamanda, əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün koalisiya tərəfindən indiyə qədər 19 layihə həyata keçirilib və cari ildə daha bir neçə layihənin icrası nəzərdə tutulur. Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 94 QHT və 13 fərdi üzvü özündə birləşdirir.
27 aprel, 2007-ci il
2006-cı ilin ilk 6 ayı üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi açıqlanır »
07mart 2007-ci il
Koalisiyanın 9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü iştirak edib.
Müzakirə edilən məsələlər:
- Görülmüş işlər və qərarların icrası:
Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu 8-ci yığıncaqdan keçən müddət ərzində görülmüş işlər haqqında məlumat verib. O, bu dövrdə Şuranın əsasən aşağıdakı fəaliyyətlərlə məşğul olduğunu bildirib:
- Koalisiyanın 2007-ci və ondan sonra 2009-cu ilədək fəaliyyətinin təşkili;
- Koalisiyanın və onun qurumlarının (Şura, Monitorinq Qrupu) fəaliyyətlərini tənzimləyən sənədlərin müzakirəsi, təkmilləşdirilməsi və yeni sənədlərin hazırlanması;
- Memorandumdan irəli gələn fəaliyyətlərin (MSŞT üzrə 5-ci hesabat və audit rəyinə alternativ rəyin hazırlanması) davam etdirilməsi;
- Donor təşkilatlarla yazışmalar və danışıqların aparılması;
- Koalisiya üzvlərinin dəqiqləşdirilməsinin başa çatdırılması və yeni üzvlərin qəbulu;
- Beynəlxalq və regional tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi.
Şura vaxtaşırı olaraq keçirdiyi iclaslarında bir sıra vacib və cari məsələləri müzakirə edib, müvafiq qərarlar qəbul edib.
- Koalisiyanın Əsasnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi:
Koalisiyanın Əsasnaməsinə əlavə və düzəlişlər təsdiq edilib və Əsasnamə bütövlükdə qəbul edilib.
- 2007-2009-cu illər üzrə Strateji Plan layihəsinin müzakirəsi:
Koalisiyanın 2007-2009-cu illər üzrə Strateji Planı müzakirə edilib və əsasən qəbul edilib. Qərara alınıb ki, bu sənəd üzərində iş Şura tərəfindən mütəmadi davam etdirilsin.
- Monitorinq Qrupunun hesabatının və Əsasnamə layihəsinin müzakirəsi:
Monitorinq Qrupunun hesabatı dinlənilib. Koalisiya üzvləri hesabatı geniş müzakirə ediblər. MQ-nun fəaliyyətinin gücləndirilməsi çox vacib məsələlərdən biri hesab edilib. Bunun üçün MQ-nun Əsasnaməsinin təsdiq edilməsi və üzvlərinin sayının artırılması qərara alınıb. Əsasnamə müzakirə və qəbul edilib. Gizli səsvermə ilə Koalisiya üzvləri Ruhəngiz Hüseynova və Azər Mehtiyev MQ-nun üzvləri seçiliblər.
- Etik Kodeksin müzakirəsi
MSŞA Koalisiyası üzvünün Etik Kodeksi müzakirə edilib. Sənəd əlavə və düzəlişlərlə qəbul edilib.
- Cari məsələlər:
Yığıncaq iştirakçıları Global Witness beynəlxalq təşkilatının nümayəndəsi, korrupsiya əleyhinə hərəkatın tanınmış nümayəndəsi xanım Sara Veyksin Anqolada qanunsuz həbs edilməsinə etiraz edib və beynəlxalq ictimaiyyətin onun dərhal azad edilməsi tələbilərinə qoşulduğunu bəyan edib.
Koalisiyanın yeni təsdiq edilmiş Əsasnaməsindəki dəyişikliklərə uyğun olaraq Gəncədə yaradılmış "Mədən Sənzyesində Şəffaflıq Təşəbbüsünə dəstək Alyansı"na MSŞA Koalisiyasının Gəncə regional şöbəsi statusu təsdiq edilib. Əsasnaməyə uyğun olaraq Şöbənin nümayəndəsi, MSŞA Koalisiyasının üzvü Aslan Vəliyev Koalisiya Şurasının üzvü seçilib.
Koalisiyanın Mətbuat Xidmətinin yaradılması qərara alınıb.
Mayın 13-də Koalisiyanın yaradılmasının 3 ilinin tamam olması münasibəti ilə tədbirlər planını hazırlamaq və həyata keçirmək Şuraya həvalə edilib.
10- 11 fevral 2007-ci il
Novxanıda AF- Hotelin konfrans zalında Şuranın növbəti iclası keçirilir. İki gün ərzində Koalisiyanın 2009-cu ilədək strategiyasının əsas müddəaları müzakirə edilir. O cümlədən, Koalisiyanın missiyası, hədəfləri, məqsədləri, fəaliyyət qrupları, fəaliyyət istiqamətləri, zəif və güclü cəhətləri (SWOT analiz), onun idarəetmə sisteminin təkmilləşdirilməsi, Şura üzvləri arasında iş bölgüsü, Koalisiya Əsasnaməsinin son variantının hazırlanmasının başa catdırılması, layihələrin işlənməsi, donorlara təqdim edilməsi və icraçıların müəyyənləşdirilməsi prosedurlari, mövcud üzvlər və üzvlüyə yeni müraciətlər, regional bölmələr, Koalisiya ofisinin imkanları və onun tələblərə uyğun yenilənməsi və bir sıra digər məsələlər üzrə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir.
08 fevral 2007-cı il
Şura keçən ilin yekunlarına, Koalisiya daxili yeniliklərə və gələcək planlara həsr edilmiş mətbuat konfransı keçirir və mətbuat üçün açıqlama verir.
31 yanvar 2007-ci il
Azərbaycan Respublikası höküməti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə (2006-cı ilin yanvar- iyun ayları üzrə altı aylıq) növbəti hesabatını və Müstəqil Mühasiblərin (Deloitte audit şirkəti) rəyini açıqlayırlar. Bu Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olan Azərbaycanın MHŞT çərçivəsində açıqladığı artıq beşinci hesabatdır. Bu barədə Memorandum tərəflərinin birgə pres-relizi yayılır.
· 18 yanvar 2007-cı il - Beynəlxalq Mətbuat Mərkəzində Koalisiya Şurası mətbuat konfransı keçirir. Şura üzvləri Koalisiyanın 2007-ci il üçün Proqram Sənədlə jurnalistləri tanış edir və Koalisiyanın 2007-ci ildə planlaşdırdığı işlər haqqında məlumat verirlər. Mətbuat Konfransının ikinci hissəsində Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı son qərarına Koalisiya Şurasının münasibəti bildirilir və bu barədə xüsusi açıqlama jurnalistlərə paylanır.

18 yanvar 2007-cı il
Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarı ilə əlaqədar МSŞA Коаlisiyasının AÇIQLAMASI yayılır.
21 may, 2007-ci il
MHŞT üzrə altıncı mərhələnin hesabatlarına rəy verəcək audit şirkəti seçilir. bu haqda ARDNF-in pres- relizi yayılır:
MHŞT üzrə altıncı mərhələnin hesabatlarına “ Mur Stefens ” şirkəti rəy verəcək
2007-ci il mayın 21-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – altıncı hesabat mərhələsi üzrə hesabatlarını (2006-illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və “Mur Stefens” (Moore Stephens) şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, altıncı hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı şirkətlər tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu auditor şirkətinə (Deloitte, PriceWaterHouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG) müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.
“Mur Stefens” şirkəti 1907-ci ildə Londonda yaradılıb. Hazırda 93 ölkədə fəaliyyət göstərən “Moore Stephens International” dünyanın mühasibatlıq və konsaltinq xidmətləri göstərən aparıcı beynəlxalq şəbəkəsidir.