|
MSŞA Koalisiyasının Növbədənkənar Ümumi Yığıncağı #5(21/04/2005)
MSŞA Koalisiyasının Növbədənkənar Ümumi Yığıncağı #5(21/04/2005)
21 Aprel 2005-ci il tarixdə Bakı Biznes Mərkəzində “Mədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 5-ci növbədənkənar Ümumi yığıncağı keçirildi. Yığıncaqda
Koalisiya üzvləri, qonaqlar (ACİ YF-nun və Fridrix Ebert Fondunun nümayəndələri,
Böyük Britaniya Səfirliyi EITI məsələləri üzrə nümayəndəsi,) və KİV təmsilçiləri
iştirak etmişlər. Gündəlikdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:
Gündəlik:
-
Şuranın hesabatı;
-
Hesabat formaları və Memorandumla bağlı Koalisiyanın təklif etdiyi təkmilləşdirmələr
və dəyişikliklər (Hökumətlərin və şirkətlərin birinci hesabatının nəticələri
və Şuranın şəffaflığın artırılması ilə əlaqədar təklifləri);
-
Koalisiyanın Əsasnaməsinə təklif edilən dəyişikliklər (Şuranın fəaliyətinə
nəzarət edəcək Müşahidə komissiyasının yaradılması məsələsi);
-
Müşahidə komissiyasının seçilməsi;
-
Koalisiyaya yeni üzvlərin qəbulu;
-
Cari məsələlər
Şuranın keçən 4 ay ərzində fəaliyəti barədə hesabatını Şuranın Koordinatoru S.
Bağırov təqdim etdi. Bu dövrdə Şura aşağıdakı tədbirləri həyata keçirib:
- Müntəzəm olaraq ayda iki dəfədən gec olmamaqla Şuranın iclaslarını;
- F. Ebert Fondunun maliyə dəstəyi ilə QHT-lər üçün iki maarifləndirici
dəyirmi masa (iki tədbirdə 40-dan çox QHT iştirak edib);
- Koalisiya üzvlərinin iştirakı ilə başqa bir dəyirmi masada Beynəlxalq
Maliyə İnstitutlarının- BMK, BVF və AYİB-in şəffaflıq məsələləri ilə əlaqədar
yeni siyasət prinsiplərinin ictimai müzakirəsi keçirilib və Koalisiyanın təklifləri
hazırlanıb həmin institutlara təqdim edilib;
- ACİ YF-nın maliyə dəstəyi verdiyi layihə üzrə Koalisiya üzvlərinin,
ARDNŞ-nin, ARDNF-nin, bir neçə xarici neft şirkətinin, KİV nümayəndələrinin
iştirakı etdiyi “İştirak payının satışından vergi ödənməlidirmi?” mövzusunda
xüsusi dəyirmi masada bəzi neft şirkətlərinin, o cümlədən ARDNŞ-nin, Lukoylun
və bir neçə başqa şirkətin müxtəlif illərdə neft kontraktlarındakı paylarının
satışından əldə etdikləri gəlirlərdən vergi ödənilməməsi müzakirə edilib. Bunun
nəticəsi olaraq Milli Məclisə və Vergi Nazirliyinə məktubla müraciət edilib.
Bizdə olan məlumata görə bu müraciətlərdən sonra Vergi Nazirliyində müəyən proseslərə
təkan verilib;
- Koalisiya üzvlərinin və jurnalistlərin potensialının artırılması
layihəsi hazırlanıb, müzakirə edilib və donorlara təqdim edilib. Onlardan Dünya
Bankı layihəni maliyələşdirməyə razılıq verib və yaxın bir- iki ay ərzində layihə
həyata keçirilə bilər. Layihənin müəllifi İ. Əhmədovun rəhbərlik etdiyi İctimai
Vəsaitin Monitorinqi Mərkəzidir. Layihə çərçivəsində ayrı- ayrılıqda QHT üzvləri
və jurnalistlər üçün neft kontraktları mövzusunda treninqlər və dəyirmi masalar
keçiriləcək;
- “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” ilə əlaqədar sorğu keçiriləcək.
“İqtisadi Tədqiqatlar Mərkəzi” buna həsr olunmuş müvafiq layihə hazırlayıb.
Bu layihə üzrə hazırlanmış xüsusi sorğu anketi hazırlanıb və tezliklə sorgu
keçiriləcək. Layihənin maliyə dəstəyini ACİ YF təmin edir;
- KİV-lərlə aparılan işi təkmilləşdirmək üçün xüsusi layihə hazırlanıb
və ACİ YF bu layihəni dəstəkləyib. Tezliklə Koalisiyanın KİV-lərlə əlaqələri
daha yüksək səviyyədə qurulacaq. Layihənin koordinatoru O. Güləliyevdir;
- Regionlarda MSŞT həsr ediləcək dəyirmi masaların keçirilməsini
nəzərdə tutan xüsusi layihə hazırlanıb və donorlara təqdim edilib. Layihə qismən
ACİ YF tərəfindən dəstəklənib və yaxın bir ay ərzində regionlarda yerli ictimaiyətin
iştirakı ilə dəyirmi masaların keçiriləcək. İlk belə bir toplantının may ayında
Gəncədə keçiriləcəyi planlaşdırılır. Layihənin müəllifi S. Rəhmanovdur;
- Koalisiya və Şuranın üç üzvü auditor şirkətinin seçilməsində
iştirak ediblər. Novbəti belə proses yaxın zamanda başlayacaq və yeni dövr üçün
yenidən audit şirkəti seçiləcək;
- Şura tərəfindən auditin nəticələri təhlil edilib və həmin təhlilin
nəticəsi olaraq mətbuat konfransı keçirilib və Şuranın hesabatlar və auditin
nəticələri ilə bağlı mövqeyi açıqlanıb;
- İlk hesabatlar göstərdi ki, Memoranduma dəyişikliklər edilməsi
zəruridir. Şura bununla bağlı təkliflər hazırlayıb;
- EİTİ ilə əlaqədar Şura üzvlərindən İ. Əhmədov Parisdə və İ. Əhmədov,
R. Nurullayev və S. Bağırov Londonda beynəlxalq forumlarda iştirak ediblər;
- Koalisiya üzvlərinin məlumatlandırılması mütəmadi aparılıb. Elektron
poçt vasitəsi ilə müxtəlif sənədlər, o cümlədən, beynəlxalq maliyə institutlarına
təkliflər, Şuranın qərarları və s. hər cür sənədlər Koalisiya üzvlərinə göndərilib;
- Koalisiya Vebsaytı mütəmadi aktuallaşdırılıb.
Şuranın hesabatı
Təqdimatdan sonra yığıncaq iştirakçıları Şuranın fəaliyəti ilə bağlı fikirlərini
söylədilər.
Mais Gülalıyev: Keçən ilin dekabr ayınadək, yəni mən Şura üzvlüyündən
istefa verənədək Koalisiya üzvlərinə məlumatların necə çatdırılmasından şəxsən xəbərim
olmayıb, lakin həmişə Şura üzvlərinə deyilib ki, məlumatlar Koalisiya üzvlərinə
çatdırılır. İstefa verdikdən sonra isə mən Şuranın fəaliyəti haqqında heç bir məlumat
ala bilməmiş və hətta bu yığıncağa belə dəvət edilməmişəm, sadəcə özüm xəbər tutub
gəlmişəm. Beləliklə, digər Koalisiya üzvlərinin necə məlumatlandırıldığını, Koalisiya
ilə əlaqə və əks əlaqənin olmadığını da mən öz timsalımda aydın görürəm. İndi Sizdən
aldığımız məlumatdan isə görürük ki, ümumiyətlə Koalisiyanın Əsasnaməsi və İş Planı
EITI kriteriyasına və fəlsəfəsinə ziddir. Çünki, EITI məsələsi birbaşa dövlət tərəfindən
dağ- mədən sənayesində şəffaflığın yaradılması sahəsində ediləcək fəaliyətin tələbindən
ibarətdir. QHT-lər isə bu fəaliyətdə tərəf kimi iştirak edə bilərlər, lakin əsas
fəaliyətləri hökumət və şirkətlərin ədəcəklərinin monitorinqindən ibarətdir. Mən
bu məsələni Şura üzvü olarkən bir neçə dəfə qaldırdım, lakin mən izah edə bilmədim
və Şuradan uzaqlaşdım. Digər Koalisiya üzvləri də gördülər ki, mənim fikirlərimlə
Şuranın digər üzvləri arasında konsertual fərq ondan ibarət idi ki, Şuranın həyata
keçirdiyi fəaliyət EITI fəlsəfəsinə, kriteriyasına uyğun deyil. Şuranın fəaliyəti
birbaşa yönəlib maarifləndirmə məsələsinə. Maarifləndirmə QHT-lərin bu sahədə fəaliyətlərinin
yalnız biri ola bilər. Əsas fəaliyət isə hökumətin və şirkətlərin fəaliyətlərinin
EITI prinsipləri və kriteriyalarına uyğunluğunun monitorinqindən ibarətdir. Bunu
isə biz etmirik. Biz Memorandumda və prosesin gedişində tərəf kimi çıxış edirik.
Biz əslində tərəf kimi çıxış etməli deyilik, biz onların fəaliyətlərinin monitorinqini
aparmalıyıq. Həyata keçirilən iş planında nəzərdə tutulan fəaliyətlər bizim işimiz
deyil. Ona görə də xahiş edirəm ki, bir daha EITI prinsipləri nəzərə alınmaqla iş
planının müzakirəsinə qayıdılsın. Biz düzgün yolla getmirik. Biz hökumətin və kompaniyaların
dəyirmanına su tökürük, onların qeyri- şəffaf fəaliyətlərini bir növ legitimləşdiririk.
Bizim fəaliyətimizin nəticəsi odur ki, DFID-in və ümumiyətlə bu “Təşəbbüs”ün bütün
sənədlərində fəxrlə deyilir ki, Azərbaycan QHT-ləri bu prosesə qoşulublar. Yəni
doğrudan da, legitimləşmə prosesi gedib. Biz isə elə bir mövqedə olmalıyıq ki, həmişə
onlardan nəyi isə tələb etməliyik. DFID-in nümayəndəsi burda oturub. Ona xatırladıram
ki, EITI Source Book adlı bir kitab var. Niyə həmin kitab bu vaxtadək Azərbaycan
dilinə tərcümə edilib yayılmayıb. Həmin kitabda bircə- bircə EITI kriteriyalar yazılıb.
Orda QHT-lə bağlı yeganə bir hissə var- o da monitorinqdir. Qalan hamısı hökumətin
və kompaniyaların çiynindədir. Mən təklif edirəm bu məsələyə bir də baxılsın. Biz
nəticə ala bilməyəcəyik. Nəticə nədən ibarət olacaq? Ondan ibarət olacaq ki, deyiləcək
filan yerdə hansısa bir konfrans keçirilib, filan vaxtı treninq keçirilir və s.
Artıq ilk hesabatlar dərc edilib. QHT Koalisiyasının o hesabatların alternativ analizi
olmalıdır. Ona görə mən təklif edirəm ki, biz bir daha Şuranın fəaliyətinin yenidən
qurulmasına qayıdaq və elə bir idarəetmə sistemi qurulmasını istəyirəm ki, QHT-lər
bu taleyüklü və tarixi bir vəzifənin yerinə yetirilməsində iştirak etsinlər. Bu
Koalisiyanın belə bir potensialı var və ACİ YF-da buna imkan yaradır.
Sahib Məmmədov: Mən bilmirəm ki, bütün məlumatları alıram, ya yox. Amma
ümumiyətlə məlumat alıram. Ancaq görünür Azərbaycan hökuməti seçki qabağı internetə
hücuma keçib və onun işi tez- tez pozulur. Buna görə də xəbərvermənin başqa yollarını
tapmalıyıq. Mən özüm bundan başqa bir neçə Koalisiyada olmuşam, lakin çox tezliklə
məni oradan mədəni şəkildə qovublar. Yalnız ona görə ki, mən alınan grantların hara
sərf edilməsi haqqında məlumat verilməsini istəmişdim. Ona görə də mən, Sabit bəy,
sizə təşəkkür etmək isərdim ki, məni e-mail passılkalarıma görə Koalisidan xaric
edilməmişəm. Mən sizdən xahiş edirəm ki, Koalisiyanın yeni bir piramidaya çevrilməsinə
imkan verməyəsiz. Çünki, bu artıq belədir və Koalisiyanın siyasətini müəyənləşməsini
cəmi bir neşə nəfər həyata keçirir. Koalisiyanın qalan üzvləri sadəcə dekorasiya
rolunu oynayır. Koalisiya qeyri- şəffaf təşkilatdır, baxmayaraq ki, özü şəffaflıq
məsələləri ilə məşğuldur. Mən bir mini sorğu keçirdim və bir neçə Koalisiya və Şura
üzvündən soruşdum ki, onlar Koalisiyanın aldığı qrantlar üzrə vəsaitlərin sərf olunması
haqqında məlumat alırlarmı? Onlar cavab verdilər ki, almırlar. Mən də almıram. Bu
o demək deyil həmin qrantlar kim tərəfindənsə mənimsənilir. Lakin şəffaflıq naminə
bunlar açıqlanmalıdır. İlk növbədə Şuraya daxil olan Şəxslərin rəhbərlik etdikləri
təşkilatların auditi aparılmalıdır. Mən demirəm ki, onların fəaliyətlərində mütləq
nə isə var. Qoy sübut etsinlər ki, onlar həqiqətən şəffafdırlar və şəffaflıq uğrunda
mübarizə aparmağa haqları var. Mən öz elektron məktubumda yazmışdım ki, Koalisiya
komprador təşkilatdır. Əslində isə onlar kompradorun, yəni xaricilərin əlaltısına
çevrilmiş yerli hökumət və şirkətlərin kompradoruna çevrilməkdədirlər. Yerli hökumət
də, burda adları çəkilən xarici təşkilatlar da öz hesabatlarında Koalisiyanın adını
daha çox çəkir və ondan daha çox bəhrələnirlər. Kimdir bu təşkilatlar? Onların əksəriyəti
BP-nin dəstək verdiyi, onun əlaltı təşkilatlarıdır. Save the Children və s. Ona
görə də mən narazıyam. Ya elan edin ki, bu Koalisiya Hökumətə, xarici şirkətlərə
kömək edən, onların imicini formalaşdıran təşkilatdır, ya da ictimai təşkilatdır.
Biz doğrudan da monitorinqlə məşğul olmalıyıq. Azərbaycanın energetika sənayesində
şəffaflıqdan danışmaq absurddur. Eyni zamanda mən hesab etmirəm ki, biz Şuranın
tərkibini dəyişməklə nəyə isə nail olacağıq. Sadəcətəklif olunan strukturu qurmaq
vacibdir. Koalisiyanın bütün üzvləri, bizim hamımız fəal olmalıyıq. Bundan başqa
mən hesab edirəm ki, donorların ayırdığı vəsaitləri qiymətləndirməliyik.
İnqilab Əhmədov S. Məmmədova sualla müraciət edərək soruşdu ki, o, audit
şirkətini seçən qrupun üzvü kimi, seçdiyi audit şirkətinin işinin nəticələri ilə
maraqlanıbmı, onun hesabatlara Rəyləri ilə tanış olubmu, onları necə qiymətləndirir?
S. Məmmədov bildirdi ki, seçim prosesinin özü ədalətli keçib, heç bir
təzyiq və təlimat olmayıb. Lakin sonradan o başa düşüb ki, tenderdə iştirak edən
hər üç audit şirkəti Neft Fondu ilə əməkdaşlıq edir və müxtəlif dövrlərdə hökumətin
sifarişlərini yerinə yetirib. Sonradan təəssüf ki, tenderin bir sıra şərtləri dəyişdirildi
və məni bir neçə dəfə Neft fonduna dəvət etdilər və mən də bir sıra dəyişikliklərə
qol çəkdim. Əslində şərtlərin sonradan dəyişdirilməsi yolverilməzdir.
Hesabatlarla isə qismən mətbuatda nə verilibsə onlarla tanış oldum və onlar heç
nə vermir.
M. Gulalıyev xahiş etdi ki, heç kim başqalarına ittihamlar irəli sürməsin,
çalışaq ki, normal işlək strukturun yaranması haqqında təkliflər verək.
S. Bağırov ona bu təklifinə görə təşəkkür etdi və bir daha çıxış etmək
istəyənləri konstruktivizmə çağırıraraq bir sıra beynəlxalq təşkilatlara və Koalisiyaya
və onun Şurasına əsassız ittihamlar söyləməməyə çağırdı. O Şuranın hesabatı üzrə,
görülmüş işlər haqqında danışmağı, nöqsanları və yaxşı işləri obyektiv qiymətləndirməyi
daha düzgün saydı. Bu mənada Mais bəyin çıxışı daha konstruktiv hesab edilməlidir.
Əgər biz bu yeganə işləyən koalisiyanı da öz məqsədlərindən uzaqlaşdırıb onu- bunu
ittiham etmək, özü də əsassız ittiham etmək üçün istifadə etməyə çalışsaq, o da
məhv olacaq. Onda nə əldə edəcəyik? Mən şəxsən hesab edirəm ki, bu Koalisiyanın
əldə etdiyi nəticələr musbatdir və əminəm ki, bu nəticələr getdikcə artacaq. Biz
istəməməliyik ki, KİV-lər, burda onların nümayəndələri oturub, sabah qəzetlərdə
yazsınlar ki, Koalisiya öz ümumi yığıncağında Save the Children təşkilatının kimə
işlədiyini müzakirə etdi və s.
Osman Gündüzov qeyd etdi ki, M. Gülalıyevin fikirləri ilə əsasən razıdır.
Belə ki, üç tərəfin- hökumətin, şirkətlərin və Koalisiyanın iştirak etdiyi strukturda
məhz koalisiya sanki, öz yerini tapa bilmədi. Çox böyük bir hadisə baş verdi, hesabatlar
açıqlandı və Koalisiya kiçik bir mətbuat konfransı keçirməklə işini bitirdi. Hansı
ki, o, daha geniş, cəmiyətin diqqətini çəkən tədbirlər, deyək ki, Mais bəyin dediyi
kimi hesabatların alternativ analizini hazırlamaq, televiziyada tok şou və yaxud
başqa formalarda çıxışlar etmək və s. mənə elə gəlir ki, Koalisiya bu prosesdə ictimai
marağı təmin etmək vəzifəsini tam yerinə yetirə bilməyib. Bəlkə biz həqiqətən idarəetmədə
hansı bir dəyişikliklər etməliyik? Kiçik tədbirlərdənsə, təklif edərdim ki, ölkə
miqyaslı tədbirlər keçirilsin. Eyni zamanda hesabatlar da daxil olmaqla müxtəlif
məsələlərin müzakirəsinə Koalisiyanın üzvlərini cəlb etmək lazımdır. Bu potensialdan
istifadə etmək vacibdir. Bəlkə Koalisiya şirkətlərin fəaliyəti üzərində monitorinqi
təşkil etməlidir. Bununla belə, pessimizmə qapılmaq olmaz. Biz görürük ki, Şura
həqiqətən xeyli iş görüb, bunları qiymətləndirməmək olmaz və bu işləri qənaətbəxş
hesab etmək olar. Sabit bəyin fikri ilə razıyam ki, bu yeganə işləyən Koalisiyadır
və onun məhv olmasına yol vermək olmaz. Əksinə, daha fəal və cəsarətli olmaq, daha
çox şey tələb etmək lazımdır.
Telman Zeynalov bildirdi ki, o e-mail vasitəsi ilə Şuradan müxtəlif məlumatlar
və sənədlər alır. Doğrudan da Koalisiyanın fəaliyəti, Şura istisna olmaqla demək
olar ki, yoxdur. Koalisiyanın digər üzvləri Şuranın fəaliyətində onları dəstəkləmir.
Gəlin bir- birimizə kömək edək. Mən də o fikirlə razıyam ki, Koalisiya hökumətin
və şirkətlərin fəaliyəti üzərində monitorinq aparmalıdır.
Fəqan Əliyev sözünə onunla başladı ki, o bu vaxtadək Koalisiyanın işində
fəal olmayıb, lakin söz verir ki, bundan sonra fəal olacaq. Hamınız yaxşı bilirsiniz
ki, iri neft şirkətlərinin dünya siyasətində təsiri böyükdür. Onlar ölkələrin siyasətinə
də qarışır və onu dəyişə də bilirlər. Belə şeyləri və vətəndaş cəmiyəti kimi məsuliyətimizi
dərk edərək işimizi elmi və ağılla qurmalıyıq ki, nəticə əldə edə bilək. Yaxşı olar
ki, koalisiyanın fəaliyət dairəsində ekoloji aspektlər də nəzərə alınsın. Təəssüf
ki, Azərbaycanda neft- qaz sənayesində ekoloji monitorinq demək olar ki, aparılmır.
Zöhrab İsmayıl qeyd etdi ki, Şuradan məlumatları və müxtəlif sənədləri
e-mail vasitəsi ilə müntəzəm alır və onu bu qane edir. Lakin əgər kimlərisə bu qane
etmirsə, deməli məlumatların yayılmasının başqa yollarını da tapıb tətbiq etmək
lazımdır. Ümumiyətlə götürdükdə Koalisiyanın fəaliyətini qənaətbəxş hesab etmək
olar. Lakin qeyd edilməlidir ki, Koalisiya qarşısında duran işlərin ancaq bir hissəsini
görür. Məsələn, onun məşgul olduğu işlərdən biri Neft fondunun şəffaflığı məsələsidirsə,
bununla o qədər yerli və xarici təşkilatlar məşğul olur ki, artıq Neft Fondunu xeyli
şəffaf təşkilat saymaq olar. Bu işlə yenə də məşğul olmaq olar, ancaq daha vacib
iş ARDNŞ-da şəffaflığa nail olmaqdır. Bu tamamilə qapalı təşkilatdır və bu işlə
mütləq məşğul olmaq lazımdır. Osman bəy fikrində haqlıdır ki, S. Şərifov Koalisiyanın
açıqlamasına çox kəskin reaksiya verdiyi halda, Koalisiyadan heç bir cavab olmadı.
Ümumiyətlə Koalisiyanın mətbuatla əlaqələri əsaslı şəkildə qurulmalıdır. İctimai
müzakirənin formaları dəyişdirilməlidir. Onun fikrincə, heç kimin iştirak etmək
istəmədiyi konfransları keçirməkdənsə, məsələn, radiolarda çıxış etmək daha münasib
ola bilər.
O. Gündüzov əlavə etdi ki, ARDNŞ ilə mütləq məşğul olmaq lazımdır. Ordan
heç bir məlumat almaq mümkün deyil. Yalnız hərdənbir çox həyəcan və narahatlıq doğuran
xəbərlər alırıq və onların da yoxlanılması demək olar ki, mümkün deyil. Qəzetlərlə
işi qurmaq lazımdır. Sözsüz ki, onların öz kommersiya maraqları var və ictimai marağa
uyğun yazılar verməyə çalışırlar, Lakin məncə biz hansısa bir qəzetin bir səhifəsin,
yaxud onun bir hissəsini pulla almaq istəsək buna razı olarlar.
Azad Əliyev Koalisiyanın məşqul olmaq istədiyi sahədə iş görməyin çətin
olduğunu dedi və təklif etdi ki, EITI tətbiq edən digər ölkələrin analoji problemləri
necə həll etdiyini öyrənməliyik. Koalisiyanın ofisində resurs mərkəzi yaradılsın
və ehtiyacı olanlar ondan istifadə etsinlər.
Fərda Əsədov əvvəlcə S. Məmmədovun donorların ayırdığı vəsaitləri düzgün
qiymətləndirmək haqqında sözlərinə münasibət bildirdi. O dedi ki, donor təşkilatını
təmsil edir və bu mənada S. Məmmədovun təklifinə həssas yanaşır. Şuranın fəaliyətinə
gəldikdə isə, buradakı çıxışlara əsasən 4 çatışmamazlığı qeyd etmək olar. Birincisi
odur ki, Şura ilə Koalisiya üzvləri arasında əlaqə, məlumat mübadiləsi lazımi səviyədə
deyil və Koalisiya üzvləri əslində passiv qalırlar. Onlar əsasən məlumatları alırlar,
kimlərsə özü üçün müəyən nəticələr çıxardır, lakin aktiv fəaliyətə həvəs göstərmirlər.
Şura isə daha fəaldır, daha çox məsuliyət daşıyır. Əlbəttə ki, bu fəallıqlar eyni
ola da bilməz, çünki, koalisiyanın strukturu belədir ki, Şura əsasən icraedici qurumdur,
Koalisiya üzvləri onun fəaliyətində müəyən məqamlarda iştirak edə bilərlər, lakin
əsasən belə yığıncaqlarda Şuranın fəaliyətini qiymətləndirməlidir.Biz məhz donor
təşkilatı kimi bunu nəzərə almalıyıq və bütövlükdə koalisiyanın fəallığını artırmaq
yollarını fikirləşməliyik. Koalisiyanın hər bir üzvünə, məhz onun tələb etdiyi qədər
məlumat çatdırılmalıdır. Şuranın iclaslarında müntəzəm iştirak etdiyim üçün deyə
bilərəm ki, Şura bu haqda müzakirələr aparır və tədbirlər fikirləşir və güman etmək
olar ki,yaxın müddətdə bu sahədə irəliləyiş hiss ediləcək. Koalisiya üzvlərinin
işlərə fəal cəlb edilməsinin indi də mexanizmləri var. Bu Şurada rotasiya mexanizmi
və Şuranın iclaslarının açıq keçirilməsidir. Ikinci irad o oldu və doğrudan da razılaşmalıyıq
ki, istər Şuranın, istərsə də bütövlükdə Koalisiyanın mətbuatla əlaqələri qənaətbəxş
deyil. Mən bilirəm ki, Şura bu haqda düşünür və bu gün sizə nəzərdə tutduğu tədbirlər
haqqında məlumat verəcək. Biz bu tədbirləri dəstəkləməyə razıyıq. Üçüncü, Mais bəy
tərəfindən kəskin şəkildə irəli sürülmüş və Sahib bəy və Osman bəy tərəfindən əsasən
müdafiə edilən iraddır ki, Şuranın üzvləri nə dərəcədə fəal vətəndaş cəmiyətinin
mənafeyini müdafiə edən mövqe tuturlar? Onlar EITI –ın vətəndaş cəmiyəti üçün nəzərdə
tutduğu yeri Memoranduma girməklə tuta bilirlərmi? Bu çox ciddi məsələdir. F. Əsədov
ən əvvəl diqqəti ona çəkdi ki, prosesin başlanğıcında olduğuna nisbətən, istər hökumət,
istərsə də şirkətlər Koalisiya ilə daha çox diqqət və həssaslıq göstərir, onun mövqeyini
mütləq nəzərə alırlar. Siz özünüz də qeyd etdiniz ki, Şuranın kiçik bir bəyanatına
Hökumət Komissiyasının Sədri necə kəskin və qəzəbli reaksiya verdi. Buna baxmayaraq,
aprelin 6-da Neft Fondunda keçirilmiş görüşdə Koalisiyaya qarşı narazılıq qalsa
da, münasibət tamamilə başqa idi. S. Şərifov orda qeyd etdi ki, indi prosesin davamı
QHT-lərin mövqeyindən asılıdır. O, Koalisiyaya münasibətin belə dəyişməsinə prosesin
müsbət inkişafı kimi qiymətləndirdi. İkinci, artıq neft kompaniyaları daxilində
fikir ayrılığı yaranıb. Vaxtilə fərdi açıqlama haqqında Şuranın təkliflərini heç
yaxına buraxmayan kompaniyaların bir neçəsi artıq fərdi açıqlamalara razıdırlar.
Bir neçəsi isə bu yöndə danışıqlara başlamağa etiraz etmirlər. Bu da həqiqətən çox
böyük nailiyətdir. Üçüncü, Zöhrab müəllimin qeyd etdiyi ARDNŞ-in şəffaflığı problemidir.
Nəzərə almalıyıq ki, EITI heç də neft sənayesi üzrə bütün gəlirlərin və xərclərin
şəffaflığını təmin etmək üçün əsas vasitə deyil. Bu müxtəlif ölkələrdə vəziyətə
tam müdaxilə edə bilən və şəffaflığı təmin edə bilən proses ola bilməyəcək. Lakin
onun beynəlxalq mahiyəti buna şərait yarada bilər. Bu mənada bizdə də EITI ARDNŞ-də
şəffaflığı yaratmaq və inkişaf etdirmək üçün yaxşı imkandır. Dördüncü, Koalisiya
üzvü olan QHT-lərin özlərinin şəffaflığı problemi. Bu ümumi QHT problemidir və narahatçılıq
var. Məsələ o yerə çatıb ki, bunun məsuliyətini artıq təkcə QHT-lərdən deyil, donorlardan
da soruşmağa başlayıblar və donorları QHT-lərlə əlbir olub vəsaitləri mənimsəməkdə
günahlandırırlar. Bu məsələnin həllini biz bu koalisiya daxilində tapa bilsəydik,
çox yaxşı olardı və digər QHT-lərə də örnək olardı. F. Əsədov məlumat verdi ki,
Şura bu problemləri görür, Koalisiya üzvlərinin narahatlığını bölüşür və onun həlli
yollarını tapmağa çalışır. Bu gün gündəlikdə nəzərdə tutulan Müşahidə komissiyasının
seçilməsi təklifi məhz buna xidmət edir.
İlham Mustafayev qeyd etdi ki, bu Koalisiyanın yaranması Azərbaycan üçün
şansdır. Çünki bu beynəlxalq bir prosesdir və böyük dövlətlərin dəstəyi var. Bu
mənada onu qorumaq və inkişaf etdirmək vacibdir. O bəzən Şuranın qapalılığı haqqında
səslənən fikirlərlə razılaşmadığını, müntəzəm olaraq məlumat aldığını və Şuranın
iclaslarında tez- tez iştirak etdiyini söylədi. O Koalisiya üzvlərinə irad tutaraq
onların fəal olmadığını, hətta bu yığıncaqda belə bir çox təşkilatların içtirak
etmədiyini misal göstərdi.
M. Gülalıyev bir daha söz alaraq, EITI təşəbbüsünün mahiyəti haqqında
danışdı və bildirdi ki, EITI yeganə bir məqsədi var: hökumətlər şirkətlərdən aldığı
gəlirləri açıqlamalıdır. EITI bundan başqa bir şey deyil. Koalisiyanın fəaliyəti
ona yönəlməlidir ki, hökumət aldığı bütün ödəmələri açıqlasın. Açıqlamırsa, deməli
Koalisiya heç bir iş görmür. Bu fəlsəfədən irəli gələrək biz şirkətlərdən tələb
etməliyik ki, onlar da ödədiklərini açıqlasınlar. Açıqlamırlarsa, deməli düzgün
işləmirlər. Bu gün kompaniyaların hökumətə ödədiklərini onlar açıqlamır. Bu gün
hökumət kompaniyalardan aldıqlarını açıqlamır. EITI prinsiplərinə görə şirkətlər
və hökumət fərdi şəkildə bu açıqlamaları etməlidirlər.
S. Bağırov bu fikirlərə etiraz edərək onların həqiqətə uyğun olmadığını
bildirdi. O qeyd etdi ki, sizi maraqlandıran açıqlamalarla tanış olmaq istəyirsinizsə,
onlar həm Neft Fondunun, həm də Koalisiyanın vebsaytlarında var. O düzdür ki, şirkətlər
bu məlumatları fərdi açıqlamayıblar, bu isə bizim imzaladığımız Memoranduma uyğundur.
Biz burada, Koalisiyanın ümumi yığıncağında bu Memorandumu imzalamağı razılaşmışıq.
Razılaşmışıq ki, şirkətlərin birgə hesabatları açıqlansın. Bu açıqlamalar edilib
və vebsaytlarda var. İndi nə irad tuta bilərik? Artıq növbəti mərhələlərdən isə
şirkətlərin bir çoxu fərdi açıqlamalara razıdırlar. Bu isə məhz Koalisiyanın fəaliyətinin
nəticəsidir. Məhz Koalisiya nümayəndələri bu məsələni Neft Fondundakı sonuncu görüşdə
qaldırdıqdan sonra, Hökumət Komissiyasının Sədri şirkətlərə bir həftə ərzində bu
məsələyə münasibət bildirməyi xahiş edib. Bu gün artıq bir neçə iri şirkət, BP.
İtoçu, Statoil və digərləri fərdi açıqlamalara, digərləri isə bu haqda müzakirələrə
başlamağa hazır olduqlarını bildirirlər. Mən bu məlumatları sizə də göndərmişəm.
Biz bunu Koalisiyanın nailiyətlərindən biri hesab edirik. Bundan irəli gələrək Memorandumda
dəyişikliklər edilməsi zərurəti yaranıb. Bu təkliflərmiz də hazırdır və sizin qarşınızdadır.
Biz Şuranın sonuncu iclasında razılaşdıq ki, 2004-cü ilin qalan ikinci yarısının
da hesabatları köhnə qaydada verilsin, artıq 2005-ci ildən başlayaraq isə Memoranduma
dəyişikliklər edildikdən sonra yeni qaydalar tətbiq ediləcək. Fərdi açıqlamalar
da olacaq. O zaman bizim həqiqətən işimiz xeyli artacaq, biz yəqin ki, bu hesabatları
analiz etmək üçün işçi qrup da yaradacağıq və s. Mais bəy bir məsələdə haqlıdır
ki, EITI həqiqətən ancaq hökumətlərin gəlirləri üzərində şəffaflığı tələb edir.
Onun adı daha geniş məsələləri əhatə etsə də, bu “Təşəbbüs”də sosial, ecoloji, insanhaqları
və sair problemlər nəzərdə tutulmur. Bunu biz, vətəndaş cəmiyəti tədricən, mərhələ-
mərhələ nail olmalıyıq. Xarici şirkətlərlə operativ işləmək mümkün deyil. Ən adi
məsələnin müzakirə etmək üçün onların menecerləri qərarları rəhbərlikləri ilə müzakirə
etməlidirlər. Bu isə xeyli vaxt aparır. İndi biz onlarla görüşməliyik və hesabat
formalarında dəyişiklikləri müzakirə etməliyik.
Saleh Hüseynov qeyd etdi ki, audit şirkəti seçilərkən o bunun EITI-ın
mahiyətinə zidd olduğunu əsas gətirərək etiraz etmişdi. Bu koalisiyanın ilk geri
çəkilməsi idi və bizim uduzmağımıza əsas oldu. O Koalisiyanın Əsasnaməsindən müxtəlif
maddələri misal gətirərək həmin bəndləri Koalisiyanın yerinə yetirmək iqtidarında
olmadığını, Koalisiyanın imkanı daxilində olmadığını dedi. Onun fikrincə Koalisiya
ancaq tam müstəqil neytral mövqedə olan audit şirkətinin vasitəsilə bu işin öhdəsindən
gələ bilərdi, lakin bu imkan əldə çıxarılıb. BP-nin və digər maraqlı təşkilatların
iradəsi ilə seçilən audit şirkətinin işinin nəticələrinə biz etibar etmirik. Bu
mənim subyektiv fikrimdir. Koalisiya yalnız neft gəlirlərinin səmərəli istifadəsinə
nəzarət etməklə nə isə bir iş görmüş olar. Cəmiyyətdə də bu fikirlər var ki, BP-nin
bu iqtidarın hakimiyətə gəlməsində rolu olub və nə onlar verdiklərini, nə də hökumət
aldıqlarını deyəcək. Ona görə də bu məsələlərə nəzarət etmək mümkün deyil. Biz imkanlarımızı
və səylərimizi nəyi əldə edə bilərik ona yönəltməliyik. Xərclər üzərində monitorinqi
təşkil etməliyik.
S. Məmmədov bildirdi ki, mən Koalisiyanın ünvanına iradlar söyləyərkən
konkret heç kimi nəzərdə tutmuram. Mən son 6- 7 ayda nailiyətləri görürəm, irəliləyişləri
görürəm, Sabit bəyin o fikri ilə də razıyam ki, Koalisiya mümkün ola bilənləri əldə
edib və reallıqlar nəzərə alınmalıdır. Artıq bir sıra rəqəmləri də açıqlamağa söz
verirlər. Bu işlər genişlənir və biz də onların yerinə yetirilməsində iştirak etmək
istəyirik.
S. Bağörov əlavə etdi ki, Koalisiyanın yaşı çox deyil. Müəyən nüfuz qazanmaq,
beynəlxalq təşkilatlar tərəfindən tanınmaq üçün vaxt lazım idi. Biz bu vaxtdan istifadə
etmişik və bu məqsədə də çatmışıq. Biz indi yeni işləri planlaşdırırıq və yeni nailiyətlərin
əldə ediləcəyinə inanırıq. Sonra o bəzi iradlara münasibət bildirərək dedi ki, Koalisiya
üzvlərinin məlumatlandırılması üçün mövcud imkanlardan maksimum istifadə etməyə
çalışıb. Mümkün məlumatlar Koalisiya üzvlərinə e-mail vasitəsi ilə çatdırılıb. Lakin
təəssüf ki, çox vacib məlumatlara Koalisiya üzvləri tərəfindən heç bir reaksiya
olmayıb. Məsələn, Beynəlxalq Maliyə qurumlarının yeni enerji siyasətləri ilə bağlı
Şuranın təkliflərinə, hər hansı məsələ ilə bağlı Şuranın qərarlarına heç kim münasibət
bildiurməyib. Son dövrlərdə Şuranın iclasları haqqında məlumatları göndərmişik və
kim istəyirsə iştirak etməyə dəvət etmişik. Bir neçə nəfər istisna olmaqla heç kim
iştirak etməyib və maraq göstərilməyib. Şura Koalisiya üzvlərinin prosesdə fəal
iştirakında maraqlıdır. Bir çox işlər, məsələn telekanallarda tok şou və yaxud radiolarda,
qəzetlərdə çıxışlar maliyə tələb edir. Bu imkanlar isə məhduddur. Şura bu fəaliyəti
qurmaq üçün layihə hazırlayıb. Bu gün həmin layihə haqqında danışılacaq. Yaxın zamanda
siz məlumatların yayılmasında irəliləyişləri hiss edəcəksiniz. S. Bağırov Source
Book haqqında xatırladan M. Gülaliyevə təşəkkür etdi və donorların bu kitabın tərcümə
edilməsi üçün imkan arayacaqlarına ümid etdiyini dedi. Koalisiya üzvlərindən kim
bacararasa layihə təqdim etsin və donorlar da yəqin ki bu məsələyə müsbət yanaşarlar.
M. Gülaliyev xatırlatdı ki, vaxtilə Şurada bu məsələ müzakirə edilmişdi
ki, Şuranın tövsiyə etdiyi və Şuranın iş planına uyğun olan bütün layihələr Koalisiya
çərçivəsində həyata keçirilməlidir.
S. Bağırov bildirdi ki, keçən dəfə bu məsələnin müzakirəsinə vaxt çatmadı
və M. Gülalıyevdən xahiş etdi ki, onun elektron səsverməsini keçirməyi öhdəsinə
götürsün. M. Gülalıyev bununla razılaşdı. Daha sonra S. Bağırov layihələrin şəffaflığı
haqqında danışaraq bildirdi ki, indiyədək yalnız bir layihə tətbiq edilib və o da
hələ sona çatdırılmayıb. Sona çatan kimi hesabat veriləcək. Digər layihə isə Ebert
Fondundan alınmış layihədir və 3 aydır ki, həyata keçirilir. Bitən kimi hesabat
veriləcək. Burada adları çəkilən 4 layihənin isə ancaq razılığı alınıb və aydındır
ki, məlumat da yoxdur.
Galib Əfəndiyev məlumat verdi ki, o DFID-in nümayəndəsi Yalçın Hüseynovla
razılaşıblar və Source Book kitabının tərcümə edilərək çap edilməsi üçün müvafiq
layihəni təmsil etdikləri donor təşkilatlar dəstəkləyə bilərlər.
S. Bağırov vaxtın az qaldığını və ikinci məsələnin uzun müzakirələr tələb
edəcəyini nəzərə alaraq təklif etdi ki, daha doğru olar ki, 3-cü məsələnin müzakirəsinə
keçilsin. İkinci məsələ kimi müzakirəsi nəzərdə tutulan Memorandumla bağlı Koalisiyanın
təklif etdiyi təkmilləşdirmələr və dəyişikliklər iclas iştirakçılarına paylanıb.
Bu sonuncu variant deyil. O hələ Koalisiyada müzakirə ediləcək. Buna görə də qərara
alındı ki, Koalisiya üzvləri 10 gün ərzində bu təkliflərlə tanış olsunlar və rəylərini
bildirsinlər.
3-cü məsələ ilə bağlı S. Bağırov məlumat verdi ki, Əsasnaməyə dəyişikliklərlə
bağlı iki təklif var. Bunlardan biri Şurada vəzifə bölgüsü, digəri isə Şuranın fəaliyətinə
nəzarət edəcək Müşahidə Komissiyasının yaradılması məsələləridir.
Şurada vəzifə bölgüsü ilə əlaqədar bu təklifin müəllifi Sevgim Rəhmanov
məlumat verdi. O əvvəlcə həyata keçirilməsinə yenicə başlanmış və müəllifi olduğu
“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün, Azərbaycan dövlətinin neft strategiyasının
regionlarda açıqlanması” layihəsi haqqında danışdı. Məlum oldu ki, layihənin həyata
keçirilməsində bir neçə Koalisiya üzvü, Şura üzvləri iştirak edəcək. O xatırlatdı
ki, keçən il bu vaxt EITI –ın Azərbaycanda tətbiqi üçün vətəndaş cəmiyəti təmsilçisinin
olmasının prinsipal olduğu haqqında danışılanda, S. Şərifov Azərbaycanda belə bir
quru tanımadığını demişdi. İndi isə EITI prosesinin Azərbaycanda tətbiqini davam
etdirmək və nə cür davam etdiriləcəyini öyrənmək üçün hökumət və şirkətlər bizim,
Koalisiyanın cavabını gözləyirlər. Bu gün artıq şirkətlər fərdi açıqlamalar verməyə
hazır olduqlarını bəyan edirlər. Bir neçə ay bundan əvvələdək biz bu haqda ancaq
xəyalımızda düşünə bilərdik. Bunlar nailiyət deyil? Bununla belə o Koalisiyanın
fəaliyətindən narazı olduğunu bildirdi. Çünki, Koalisiya üzvləri prosesdə yaxından
və fəal iştirak etmirlər. Şura üzvləri hər cümə günü bir neçə saat vaxtlarını iclasa
sərf edirlər və buna heyfslənmirlər, amma Koalisiyanın bir çox üzvləri 5- 6 aydan
bir keçirilən ümumi yığıncağa ya heç gəlmirlər, ya da gəlib Şura üzvlərini əsaslı-
əsassız tənqid edib gedirlər. Bu boyda işi 2- 3 nəfərin öhdəsinə buraxmaq olmaz.
Daha sonra S. Rəhmanov Şurada vəzifə bölgüsü haqqında layihəni təqdim etdi. Bu layihəyə
əsasən aşağıdakı istiqamətlər təklif edilir:
-
Yerli neft şirkətləri (o cümlədən ARDNŞ) ilə əlaqələr
-
Xarici neft şirkətləri ilə əlaqələr
-
MHŞT üzrə Hökumət Komissiyası ilə əlaqə
-
Koalisiya üzvləri ilə əlaqələr
-
Yerli və xarici mətbuatla əlaqələr
-
EITI-da iştirak edən xarici ölkələrlə əlaqələr
-
Banklarla əlaqələır
S. Rəhmanov əlavə etdi ki, bu siyahı sonuncu deyil. Ola bilsin ki, əlavə
təkliflər və dəyişikliklər olsun. Kimin nə təklifi olarsa bizə göndərsin. Düzdür
bunlara Şuranın daxili işi kimi də baxmaq olar. Lakin bu məsələ ilə Koalisiyanı
da tanış etməkdə məqsəd odur ki, bu işlərdə Koalisya üzvləri də iştirak etməlidir.
S. Hüseynov təklif etdi ki, iş bölgüsü Koalisiyanın qarşısında duran vəzifələrə
və məqsədlərə uyğun olmalıdır. Onun bu fikri qəbul edildi.
A. Əliyev təklif etdi ki, bu istiqamətlərə hüquq təşəbbüsləri də əlavə
edilsin.
7 istiqamət üzrə siyahı əsas kimi qəbul edildi.
Gündəlikdəki növbəti məsələlərlə (Koalisiyanın Əsasnaməsinə təklif edilən dəyişikliklər-
Şuranın fəaliyətinə nəzarət edəcək Müşahidə komissiyasının yaradılması və Müşahidə
komissiyasının seçilməsi) bağlı S. Bağırov təklif etdi ki, bir neçə sual
aydınlaşdırılsın: birincisi odur ki, bu qurumu yaratmağa ehtiyac var, yoxsa yoxdur?.
Ikinci sual: tərkibi neçə nəfər olmalıdır, üçüncü, səsverməni elektron vasitə ilə
keçirə bilərikmi, ya da bir komissiya burada seçək ki, elektron səsverməni onlar
aparsınlar.
M. Gülalıyev təklif etdi ki, komissiya yaradılarsa, bu idarəetmədə çətinliklər
yaradacağı üçün bir nəfərdən ibarət qiymətləndirici seçilsin. Bu məsuliyətli bir
işdir. Şurada bir nəfər opponent fikirli ekspert olmalıdır. Onu DFİD-dən də dəvət
etmək olar, ictimaiyət arasından da, Koalisiyadan da və s. Əgər yeni struktur yaradılacaqsa,
idarəetmə təcrübəsi göstərir ki, yeni strukturun yaradılması idarəetməni daha da
çətinləşdirir.
S. Məmmədov bu təklifin əleyhinə olduğunu bildirdi. Lakin heç bir statusu
olmayan, yalnız öz münasibətini bildirən müstəqil bir neçə ekspertin olması mümkündür.
O zaman qiymətləndirmə bir nəfərin rəyindən asılı olmaz..
Z. İsmayıl da belə bir quruma ehtiyac olmadığını bildirdi və əgər olarsa
yalnız bir nəfərdən ibarət olmasının əleyhinə çıxdı. 3 nəfərdən ibarət ola bilər.
O dedi ki, Koalisiyanın da, Şuranın da fəaliyətinə nəzarəti ümumi yığıncaq həyata
keçirməlidir.
T. Zeynalov komissiya yaradılmasının əleyhinə oldu. Yalnız 3 nəfərdən
ibarət qiymətləndiricilərin olması lazımdır. O təklif etdi ki, bu məsələni də elektron
vasitəsi ilə səsverməsi keçirilsin.
S. Rəhmanov belə bir qurumun yaradılmasına ehtiyac olduğunu qeyd etdi
və təklif etdi ki, Koalisiyanın hər yığıncağında 3 nəfərdən ibarət qrup yaradılsın
və Şuranın hər iclasında iştirak edərək fəaliyətə, maliyəyə, EITI prinsiplərinə
əməl edilməsinə nəzarət etsin və qiymətləndirsin. Əgər Mais bəyin dediyi kimi bir
nəfər olarsa, və həmin adam tam obyektiv olaraq bir neçə dəfə Şuranı tərifləyərsə,
digərlərində belə bir fikir yarana bilər ki, qiymətləndirici ilə Şura üzvləri birləşiblər.
S. Bağırov təklif etdi ki, bu gün burada bir neçə nəfərdən ibarət qrup
yaradılsın və həmin qrup 10-15 gün ərzində bu məsələnin elektron poçt vasitəsi ilə
discussiyasını keçirsin, qiymətləndiricilərin statusunu və sayıni müəyənləşdirsin,
seçkini keçirsin.
Qərara alındı ki, Mais Gülalıyev, Oqtay Gülalıyev və Azad Əliyevdən ibarət
qrup müəyənləşdirilsin və onlar burada təklif edilən variantları- komissiya yaradılsın,
bir nəfərdən ibarət qiymətləndirici və 3 nəfərdən ibarət hər biri müstəqil qiymətləndiricilər
qrupunun seçilməsi- Koalisiya üzvlərinə elektron poiçt vasitəsi ilə göndərsinlər
və 10- 15 gün ərzində bu məsələnin elektron poçt vasitəsi ilə discussiyasını keçirsinlər,
qiymətləndiricilərin statusunu və sayıni müəyənləşdirsinlər və seçkini keçirsinlər.
5-ci məsələ (yeni üzvlərin qəbulu) ilə əlaqədar Sahib Məmmədov
Koalisiya üzvlərinin sayının genişləndirilməsinin o qədər də effektli olmayacağını,
bu məsələyə diqqətlə yanaşmağı təklif etdi. Qərara alındı ki, bu məsələnin də elektron
poçt vasitəsi ilə discussiyası təşkil edilsin və bu iş S. Məmmədova tapşırıldı
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 12:3:1
|