"Neft gəlirləri barədə vətəndaşları lazımi səviyyədə məlumatlandırmaq lazımdır"
(15/005/2007 - "525-ci qəzet")
ÖLKƏMİZİN MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNƏ QOŞULMASINDAN ÜÇ İL KEÇİR
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ideyası 2002-ci ildə Böyük Britaniyanın
baş naziri Toni Bleyr tərəfindən irəli sürülüb. Məqsəd təbii ehtiyatlardan asılı
olan ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılması
olub. Azərbaycan hökuməti isə bu təşəbbüsə 2003-cü ildə qoşulub. Eyni zamanda
Nazirlər Kabinetinin sərəncamı ilə EİTİ üzrə Hökumət Komissiyası da yaradılıb.
Bundan sonra qeyri-hökumət qurumlarının təmsilçiləri tərəfindən ölkənin təbii sərvətlərinin istismarından əldə olunan gəlirlərə, onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin etmək üçün "Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası" yaradılıb.
Koalisiya Şurasının əlaqələndiricisi, iqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması, eyni zamanda əldə olunan gəlirlər barədə vətəndaşları lazımi səviyyədə məlumatlandırmaq lazımdır. Onun sözlərinə görə, indiyə qədər bu istiqamətdə 19 layihə həyata keçirilib. Cari il ərzində daha bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulub. "Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 93 QHT və 13 fərdi şəxsi özündə birləşdirir. Mədən sənayesində şəffaflıqla bağlı hökumət komissiyasının indiyə qədər açıqladığı 5 hesabata koalisiya rəy verib". Q.İbadoğlu bildirib ki, ötən ilin altı ayı ərzində hökumət komissiyasının sözügedən sahə ilə bağlı hazırladığı hesabata dair koalisiya öz təklif və iradlarını bildirib. Onun sözlərinə görə, qeyd olunan dövr ərzində neft hasilatının aktiv fazaya daxil olması və bununla əlaqədar olaraq mənfəət neftinin artması, ötən dövrlə müqayisədə neft gəlirlərinin həcminin çoxalmasına çıxarıb. Belə ki, 2005-ci illə müqayisədə 2 dəfə artım qeydə alınıb. İqtisadçının fikrincə, bu artım daha da çox ola bilərdi. "Əsrin müqaviləsi"nin şərtlərinə uyğun olaraq, hər hesablaşma dövründə hasil edilmiş neftin dəyərindən ilk növbədə həmin dövrdəki istismar xərcləri ödənilir. Bundan sonra qalan neftin 50 faizi kapital xərclərinin ödənilməsinə sərf olunur. Yerdə qalan faiz isə mənfəət neftini təşkil edir ki, bu da Azərbaycan hökuməti ilə podratçı arasında bölüşdürülür. Amma Azərbaycanda mənfəət neftinin 30 faizi Azərbaycanın, 70 faizi isə podratçının payına düşür". Q.İbadoğlunun sözlərinə görə, koalisiyanı əsaslı xərclərin bu qədər artması və onun kompensasiya vaxtının uzanması narahat edir. "Azəri-Çıraq-Günəşli" yatağı çərçivəsində ümumi xərclərin 8 milyard dolları ötməyəcəyi proqnozlaşdırılsa da, artıq xərclər 14 milyard dolları keçib. "Beləliklə, nəticələr onu göstərir ki, kapital xərcləri ciddi nəzarət altına alınmalıdır. Bu nəzarətə müqavilənin şərtlərinə görə, birbaşa olaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) məsuliyyət daşıyır. Lakin ARDNŞ müqavilədə sifarişçini, yəni Azərbaycan hökumətini təmsil etməklə yanaşı, həm də podratçıdır. Burdan da belə bir nəticəyə gəlmək olar ki, bu qurum ikili statusa malikdir". Q.İbadoğlu kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq üçün hökuməti, Beynəlxalq Əməliyyat şirkətini və koalisiyanı təmsil edən işçi qrupunun yaradılmasını təklif edir. İqtisadçının fikrincə, ARDNŞ-nın hesabatlılıq sistemi və ödəmələri ziddiyyətli xarakter daşıyır. O deyib ki, qurumun hesabatında ötən ilin 6 ayı ərzində yerli şirkətlərdən ümumi daxilolmalar 403,6 milyon manat göstərilib. Bu o deməkdir ki, 2005-ci illə müqayisədə bu rəqəm 3 dəfə artıb. "Əgər 2005-ci ildə AÇG sazişi çərçivəsində mənfəət vergisi ödənilmirdisə, 2006-cı ildə artıq sazişin iştirakçılarından ARDNŞ də daxil olmaqla, hökumətə mənfəət vergisi ödənilir. Amma mənfəət vergisinin ödənilməsində də şübhə doğaracaq məqamlar var".
Müstəqil Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri, koalisiya üzvü Telman Zeynalov bildirib ki, neft sənayesində olan şəffaflıq təkcə gəlir və xərclərin düzgün aparılması ilə bitmir. Onun sözlərinə görə, ekoloji baxımdan da bu sahədə bir sıra problemlər qalmaqdadır. Qurum rəhbərinin fikrincə, neft və neft məhsullarının istehsalı ölkədə ekoloji vəziyyəti gərginləşdirir.
15 may, 2007
http://www.525ci.com/aze/2007/05/15/read=47