|
3 yaşlı koalisiya (15/05/2007 - "Kaspi" qəzeti)
3 yaşlı koalisiya (15/05/2007 - "Kaspi" qəzeti)
93 QHT neft gəlirlərinin xərclənməsinə nəzarət edir
Amin MUSTAFAYEV
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mədən Sənayesində Şəffaflığın Artırılması
üzrə QHT Koalisiyasının (MSŞT) yaradılmasının 3 illiyi münasibəti ilə mətbuat konfransı
keçirildi.
MSŞT Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu bildirdi ki, "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabrında Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində məqsəd təbii ehtiyatlardan asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır. Koalisiya Şurasının üzvü İnqilab Əhmədov Böyük Britaniya hökumətinin rəhbəri tərəfindən irəli sürülən bu təşəbbüsün son dərəcə vacib siyasi mahiyyət daşıdığını qeyd etdi: "Bu təşəbbüsə iki konsepsiyadan yanaşıla bilər. Birincisi, bu, Toni Bleyer tərəfindən irəli sürülən adi bir siyasi bəyanatdır və o, siyasi arenadan gedəndən sonra unudulacaqdır. İkincisi isə bu, hökumət rəhbərlərinin özlərindən asılı olmayan labüd bir məsələdir. Azərbaycanın da bu cür labüd bir təşəbbüsə qoşulması çox mühüm bir addımdır". Q.İbadoğlu Azərbaycan hökumətinin bu təşəbbüsə dəstək verərək 2003-cü il iyunun 17-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulduğunu bildirdi. 2003-cü il noyabrın 13-də Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə EITI üzrə hökumət komissiyası yaradılıb. 2004-cü ilin noyabrın 24-də Bakıda EITI-nin Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökuməti, yerli və xarici neft şirkətləri və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi çıxış edən MSŞT isə 2004-cü il mayın 13-də ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə, onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin etmək üçün yaradılıb. Koalisiya Şurasının üzvü Oktay Güləliyev də dövlətin bu təşəbbüsə qoşulmasını yüksək qiymətləndirdi: "Bu təşəbbüs kiçik əhatə dairəsində lokallaşmadı. Genişləndi və genişlənməkdə davam edir. Əhalinin neftdən gələn gəlirlər və onların xərclənməsi barədə məlumatlandırılması çox vacib bir amildir. İnanıram ki, Neft Fondundakı gəlirlərin artırılması və investisiya məqsədilə yönləndirilməsində bizim koalisiya öz töhfəsini verəcək". Qubad İbadoğlu həmçinin, MSŞT Koalisiyasının 3 il ərzində gördüyü işlər haqqında da danışdı: "Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi, eyni zamanda, əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün koalisiya tərəfindən indiyə qədər 19 layihə həyata keçirilib və cari ildə daha bir neçə layihənin icrası nəzərdə tutulur. Koalisiya yaradılarkən 29 QHT və 3 fərdi şəxsdən ibarət idisə, hazırda 93 QHT və 13 fərdi üzvü özündə birləşdirir". Mətbuat konfransında çıxış edən Koalisiya Şurasının üzvü Telman Zeynalov isə ekoloyi vəziyyətlə bağlı narahatlığını iştirakçıların diqqətinə çatdırdı: "Mən ətraf mühitin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üçün xüsusi bir şöbənin yaradılmasını təklif etmişəm. Təbiətə vurulan ziyanın qarşısı mütləq alınmalıdır". Q.İbadoğlu EITI çərçivəsində indiyə qədər açıqlanan 5 hesabata rəyi verdiklərini də bildirdi: "Anlaşma Memorandumunun tələblərindən irəli gələrək, mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında yeni müzakirələrə start verilməlidir. Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi məqsədilə hökumət komissiyasının və koalisiyanın təşəbbüsləri genişləndirilməlidir. Hesabatlar üzrə auditor rəyinin hazırlanması məqsədilə keçirilən tenderdə rəqabət şəraiti təmin olunmalı bu prosesə digər nüfuzlu şirkətlər də cəlb olunmalıdır". "Kaspi" qəzeti www.kaspi.az 15 may, 2007
◄ 1 ... 5 6 7 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 15:7:46
|