|
İctimai Birliklərin Şəffaflıq Koalisiyası rəyini açıqladı
İctimai Birliklərin Şəffaflıq Koalisiyası rəyini açıqladı
UÇOT VƏ HESABAT SİSTEMİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI
TƏKLİF OLUNUR (525-ci qəzet 06/10/2007)
Zamirə İLQAR
 İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması"
(MSŞA) Koalisiyası hökumətin "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"
çərçivəsində 2006-cı il üçün açıqlanan 6-cı hesabata ənənəvi olaraq rəy
bildirib. Artıq 6 ildir ki, sözügedən koalisiya hökumətin açıqladığı
hesabatla bağlı öz təklif və iradlarını irəli sürür. Bu neçə ildə hökumət bu
qurumun bəzi təkliflərini nəzərə alsa da, ümumilikdə qeyd olunan əksər
problemlər öz həllini tapmayıb. İctimai Birliklərin MSŞA Koalisiyası 6-cı
hesabat üzrə növbəti auditin nəticələrinin açıqlanmasını önəmli hadisə sayır
və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət göstərən neft və qaz
şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması yolunda
atılan vacib addım kimi qiymətləndirir. Bununla yanaşı MSŞA Koalisiyası
Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı Anlaşma
Memorandumunun tərəflərindən biri kimi 6-cı hesabat üzrə növbəti auditin
nəticələrini müstəqil surətdə təhlil edərək bir sıra nəticələrə gəlib. Ümumi
rəy koalisiyanın nəzdində yaranan analitik qrup tərəfindən təhlil olunub.
Qurumun rəyini təhlil edən İctimai Birliklərin MSŞA Koalisiyasınin əlaqələndiricisi iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, hesabat dövründə ölkəmizin xeyrinə planlaşdırılan dəyişikliklər gözlənildiyi kimi qeydə alınmayıb. 6-cı hesabatın əhatə etdiyi 2006-cı ili Azərbaycanın neft və qaz gəlirlərini tarixində çox vacib dövr kimi qiymətləndirən ekspert, qeyd edib ki, hələ bir neçə il öncə məhz hesabat dövrünün sonuna Azəri-Çıraq Günəşli (AÇG) sazişi çərçivəsində ölkəmizin xeyrinə əhəmiyyətli dəyişikliyin baş verməsi planlaşdırılıb. Lakin 5-ci hesabatın təhlili göstərib ki, 2006-cı ilin artıq birinci yarımilliyində planlaşdırıldığının əksinə olaraq AÇG sazişində məsrəflərin kəskin artması səbəbindən Azərbaycan tərəfi şirkətlərlə müqayisədə hələ də gözlənilən yüksək rentabellik mərhələsinə keçə bilməyib. "Ötən rəydə bu məsələyə münasibət bildirilsə də yaranmış vəziyyətin və qərarlaşmış tendensiyanın əhəmiyyətini nəzərə alaraq, bir daha bəyan edirik ki, cari hesabatın təhlili göstərdi ki, bu istiqamətdə vəziyyət əvvəlki dövrlə müqayisədə yaxşılığa dogru dəyişməyib. Son hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən bütün neftin təxminən 13 faizi hökumətin payına düşüb. BP-nin müvafiq hesabatından məlumdur ki, 2006-cı ildə ABƏŞ-in bütövlükdə kapital xərcləri 2,477 milyard dollar, əməliyyat xərcləri isə 234 milyon dollar olub. Bu dövr ərzində saziş çərçivəsində ümumi hasilat 22,5 milyon ton, yaxud 166,5 milyon barel təşkil edib. Neftin 2006-cı ildə Azərbaycan üçün müvafiq tranzit və digər izafi xərclər çıxılandan sonra orta illik qiymətinin 52 dollar olmasını nəzərə alsaq, 2006-cı ildə cəmi 8,658 milyard dollar məbləğində ümumi gəlir əldə edilib. Kapital və əməliyyat xərclər çıxandan sonra hesabat dövründə bölüşdürülməli olan mənfəət nefti 5,947 milyard dollar məbləğində qalır. Hesabatda göstərildiyi kimi, dövlətin bu dövr üçün ümumi payı 896,3 milyon manat olur. Bununla yanaşı, podratçıların mənfəət nefti 4,934 milyard dollar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payını çıxmaqla isə xarici şirkətlərin mənfəət nefti 4,441 milyard dollar olur ki, bu məbləğə müvafiq olaraq həmin ildə büdcəyə xarici şirkətlər tərəfindən 972,958 milyon manat mənfəət vergisi ödənilib. Q.İbadoğlu bildirib ki, hasilat tempinin artmasına baxmayaraq, Azərbaycan hələ ki onun bəhrəsini adekvat həcmdə görmür. Onun sözlərinə görə, 2006-cı ildə AÇG yatağında hasilatın tempi əvvəlki illə müqayisədə 50 faiz artıb. "Bununla yanaşı mənfəət neftinin bölgüsü hələ də şirkətlərin xeyrinədir. Bu halda yaranmış sual yenə də cavabsız qalır: niyə AÇG-nin şərtinə görə hökumətin payı gözlənildiyi kimi RGN-16.75 faiz mərhələsinə keçməyib, hələ də əvvəlki mərhələdə qalmaqdadır? Müxtəlif mənbələrdən alınmış informasiyaların təhlili göstərir ki, bunun başlıca səbəbi hesabat dövründə gözlənildiyinin əksinə olaraq hələ də əsaslı xərclərin tamamilə ödənilməməsi ilə izah oluna bilər. Baxmayaraq ki, hesablamalara görə 1995-2006-cı illər ərzində əsaslı xərclər 13,040 milyard dollar təşkil edib. Hələ saziş bağlananda AÇG-nin ümumi xərclərinin 12 milyard dolları ötməyəcəyi elan edilsə də, artıq yalnız əsaslı xərclərin 14 milyard dollara çatacağı heç kəsdə şübhə doğurmur". Q.İbadoğlu hesab edir ki, xərclərin miqyasında artıma doğru kənarlaşmanın dünya bazar qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilməsi obyektiv xarakter daşıyan arqument kimi nəzərə alınsa da, bu ədalətsizlik bir tərəfdən hesablamalarda ciddi xətaların olmasını, digər tərəfdən də xərclərin şişirdildiyini təsdiq edir. Təhlillər göstərir ki, hasil olunmuş neftin tərəflər arasında bölgüsündə israfçılıq həddindən artıq çoxdur. "Hesabat dövrü üçün əldə olunmuş məlumatların təhlili göstərir ki, israfçılıq ilk növbədə xərclərin bu dövr üçün nəzərdə tutulduğundan çox olmasında özünü göstərir. Digər tərəfdən neftin dünya bazarında satış qiymətilə hesabat üçün ortalığa çıxan qiymət arasında böyük fərqin olmasında özünü büruzə verir. Burada məntiqi olaraq hökumətin ayrı-ayrı podratçının mənfəət neftini satması prosesində qeyd etdiyi satış qiymətinin nə dərəcədə real olması və bu prosesə hökumətin nəzarətinin nə dərəcədə səmərəli olması sual doğurur". Q.İbadoğlu bildirib ki, növbəti narahatlıq doğuran məsələ 2006-cı ildə Azərbaycan hökumətinin qazancı mənfəət neftinin pay bölgüsü ilə müqayisədə daha çox mənfəət vergisindən formalaşmasıdır. "Hesabat dövründə xarici neft şirkətlərinin bütövlükdə büdcəyə ödədiyi mənfəət vergisinin 1,1 milyard dollar olması müqabilində hökumətin sırf mənfəət payının, ARDNŞ-in mənfəət payı nəzərə alınmasa, cəmi 524 milyon dollar olması dövlətin əsas gəlir mənbəyi olan pay bölgüsündən qazanclarının hələ də önəmli xarakter daşımadığını təsdiq edir. Baxmayaraq ki, Hasilatın Pay Bölgüsü sazişinin fəlsəfəsində dövlətin əsas gəlir mənbəyinin mənfəət neftinin bölüşdürülməsindən əldə olunan daxilolmalar hesabına formalaşması dayanır". İqtisadçının qənaətincə, hesablama metodu və kassa metodu arasındakı fərqlər hesabatlarda kənarlaşmalara yol açır. Onun sözlərinə görə, ötən il üzrə Vergilər Nazirliyinin xarici neft şirkətlərinin büdcənin formalaşmasında iştirakı ilə bağlı açıqlamaları bəzi ziddiyyətli məqamları aşkara çıxarıb. Belə ki, bir tərəfdən AÇG podratçılarının artıq 2005-ci ilin sonuncu rübündən mənfəət vergisini ödəməyə başlaması, digər tərəfdən rüblər üzrə ödənilmiş verginin məbləğində ayrı-ayrı mənbələrin açıqladığı rəqəmlərdəki fərq sonda onunla izah edildi ki, xarici vergi ödəyicilərində də hesablanmış vergi ilə ödənilmiş vergi arasında fərq var. Ekspert bildirib ki, hazırda müəssisələrin çoxu mühasibat uçotunu hesablama metodu əsasında aparırlar". Yəni, hər hansı bir xidmət, mal, iş alındıqda və ya vergi öhdəliyi yarandıqda müəssisə, pul vəsaitinin ödənilib-ödənilməməsindən asılı olmayaraq, dərhal borcunu mühasibat uçotunda əks etdirməlidir. Bu zaman, dəyər xərcə yazılır ki, onda da borc yaranır. Sonra, borc ödənilir və mühasibat uçotundan silinir. Kassa metodundan istifadə edildikdə isə borc əks olunmur, xərc yalnız pul ödənildikdə əks olunur. "MHŞT üzrə hesabat hazırladıqda bəzi şirkətlər ödədikləri pulun əvəzinə yaranan, lakin hələ ödənilməyən borclarını göstəriblər. Belə olan halda ikili mühasibatlıq arasında olan ziddiyyət ciddi fərqlərə və izafi çətinliklərə səbəb olur". İqtisadçının sözlərinə görə, bu xarici neft şirkətlərinin mənfəət vergisini vaxtında və tam ödəməsində problemlərin ildən-ilə təkrar olunmasına şərait yaradır. 6-ci hesabat üzrə audit rəyinin müstəqil təhlili ARDNŞ-nin Pay Bölgüsü sazişində ikili statusu bir sıra problemlərin yaranmasına səbəb olub. Ötən ilki hesabatda ölkəyə çatası xam neftin ayrı-ayrılıqda deyil, hökumətlə ARDNŞ-yə birgə verilməsi dəqiq hesablama aparmağı çətinləşdirib və hökumətin əlahiddə pay bölgüsünü ayırd etməyə imkan verməyib. İctimai Birliklərin MSŞA Koalisiyası isə məsələdən çıxış yolu kimi 2 variant təklif edir. Birinci variantda uçot və hesabat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq ARDNŞ-nin ikili statusu aradan qaldırılmalı və onun Hasilatın Pay Bölgüsü sazişində yalnız yerli şirkət olaraq iştirakı təsbit olunmalıdır. İkinci varianta əsasən isə ARDNŞ fərdi olaraq hesabat təqdim etməlidir.
◄ 1 ... 29 30 31 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:22
|