Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft gəlirlərinin bir qismi əhaliyə paylana bilər (11/03/2006 - "Yeni Musavat" qəzeti)

Neft gəlirlərinin bir qismi əhaliyə paylana bilər (11/03/2006 - "Yeni Musavat" qəzeti)
11 mart 2006-cı il - "Yeni Musavat" qəzeti redaksiyasında keçirilən media- forumda sualları Şura üzvləri Sabit Bağırov və Telman Zeynalov cavablandırırlar". Sabit Bağırov: "Kontraktlarda bəzi boşluqlar var". Telman Zeynalov: "Layihələr üzrə ekologiyaya nə qədər pul ayrıldığı açıqlanmır".

İki ildən yuxarıdır fəaliyyət göstərən Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyası cəmiyyətin diqqətini neft gəlirlərinə yönəltmək üçün müxtəlif layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri də müxtəlif mətbu orqanlarda neft gəlirləri ilə bağlı media-forumların keçirilməsidir. İndiyədək bir neçə qəzetdə belə forumlar təşkil edilib. Növbəti forum dünən "Yeni Müsavat" qəzetinin redaksiyasında baş tutdu. Sadə vətəndaşların, həmçinin jurnalistlərin, QHT nümayəndələrinin neft sənayesi və bu sahədən əldə edilən gəlirlərə, Koalisiyanın fəaliyyətinə dair suallarını qurumun koordinatoru Sabit Bağırov və Koalisiya Şurasının üzvü Telman Zeynalov cavablandırdılar.

İlk sualı Bakı sakini Xalidə Hacıyeva verdi: "Mənim sualım Sabit bəyədir. Hökumət niyə "Neft haqqında" qanun qəbul etmir?"

Sabit Bağırov:

- Sual doğrudan da düzgün qoyulub. Belə bir qanunun neft kontraktlarının hazırlandığı və imzalandığı ilk illərdə qəbul olunmaması anlaşılan idi. Çünki Azərbaycanda yenicə müstəqilli əldə etmiş bir ölkə idi, qanunvericiliyi təzə-təzə formalaşırdı. O zaman qısa bir müddətdə belə mürəkkəb bir qanunun qəbul edilməsi problemli idi. Amma sonradan bu qanunun niyə qəbul edilməməsi doğrudan da ağrılı sualdır və yəqin ki, biz onu ölkə rəhbərliyinə ünvanlamalıyıq. Burada maraqlı bir məqam da var. Belə ki, "Neft haqqında" qanunun qəbul edilməsi Milli Məclisin neft müqavilələrinin ratifikasiyasından kənarlaşdırır. Yəni millət vəkilləri müqavilələrin müzakirəsindən uzaqlaşır. Qənaətlərdən biri də budur ki, bəlkə onların özləri də proseslərdən kənarda qalmamaq üçün qanunun qəbulunda maraqlı deyillər? Digər bir səbəb bu ola bilər ki, qanunda əksini tapmalı olan bəzi problemli məsələlər hələ də həll olunmamış qalır. Onu da qeyd edim ki, ARDNŞ prezidenti və şirkətin başqa bir rəsmisi də indiki Milli Məclisdə təmsil olunub. Yəqin ki, bu faktor da "Neft haqqında" qanunun, nəhayət ki, qəbuluna müsbət təsir göstərə bilər.

Telman Zeynalov:

- Bu gün Azərbaycan iqtisadiyyatı neftin üzərində bərqərardır. Bu baxımdan, "Neft haqqında" qanunun olması son dərəcə zəruridir. Lakin Sabit bəyin sözünə qüvvət olaraq bildirim ki, qanunun qəbul olunması hazırkı neft kontraktlarının bir sıra qaranlıq məqamlarına işıq salacaq. Görünür, kimlərsə bunu istəmədikləri üçün həmin qanunun qəbuluna imkan vermirlər.

Səkinə Əliyeva: "Sizcə, belə getsə, camaat bu neftdən nə vaxt xeyir görəcək?"

S.Bağırov:

- Bu ildən etibarən ölkənin neft gəlirləri sürətlə artacaq. Hesablamalara görə, neftin dünya bazarındakı indiki qiyməti qalsa, Azərbaycan 2009-2010-cu illərdə zirvə gəlirini əldə edəcək. Bir ildə qiymətlərdən asılı olaraq, ölkəyə 10-15 milyard dollar neft gəliri daxil olacaq. Əslində neft gəlirlərindən bəhrələnənlər indidən var. Bu gəlirlər Dövlət Neft Fonduna və dövlət büdcəsinə çatır. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondu, eyni zamanda özəl şirkətlər, vətəndaşlar da bu gəlirlərdən faydalanır. Baxın, son üç ildə Neft Fondundan dövlət büdcəsinə təxminən 350 milyon dollar köçürülüb. Bu o deməkdir ki, büdcədən əmək haqqı, pensiya və müavinət alanların hamısı artıq neft gəlirlərindən bəhrələnirlər. Yəni bu gəlirlərdən faydalananlar az deyil, getdikcə onların sayı daha da artacaq. Bu il Neft Fondundan büdcəyə 585 milyon yeni manat və ya təxminən 640 milyon dollar transfert olunacaq. Bu, büdcə gəlirlərinin kifayət qədər böyük hissəsidir. Lakin neft ümummilli sərvət olduğu üçün yalnız dövlət qulluğunda çalışanlar deyil, bütün vətəndaşlar ondan bəhrələnməlidir. Bir sıra başqa ölkələrin təcrübəsi göstərir ki, neftdən belə böyük gəlirlər əldə olunursa, onun bir qismini camaata paylamaq da olar. Hesab edirəm ki, haradasa 2009-2010-cu illərdə Azərbaycan hökuməti bu barədə düşünə bilər. Təbii ki, gəlirlərin bir qismi ayrı-ayrı istiqamətlərə xərclənəcək. Məsələn, bu il Neft Fondundan bir sıra layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Lakin bunlar ümumi xarakter daşıyır. Buna görə də gəlirlərin bir qismini vətəndaşlar arasında paylamaq tamamilə mümkündür. Belə imkan olacaq, ümid edək ki, Azərbaycan hökuməti bir sıra dövlətlərin bu sahədəki praktikasından yararlanacaq. Əlbəttə, bu zaman çox ciddi hesablamalar aparılmalıdır. Çünki birdən-birə çox böyük həcmli pulların dövriyyəyə çıxması makroiqtisadi sahədə problemlər yarada bilər. Bunun qarşısını almaq üçün dəqiq mexanizmin hazırlanması lazımdır.

T.Zeynalov:

- Hesab edirəm ki, neft gəlirlərinin böyük bir qismi gələcək nəsillərə saxlanmalıdır. Prezident çıxışlarının birində dedi ki, gəlirlərin 75 faizi xərclənəcək, 25 faizi gələcək nəsillərə saxlanacaq. Fikrimcə, bu nisbətin tam əksi götürülməlidir. Yəni gələcək nəsillərə 75 faiz saxlanmalıdır. Xərclənən vəsaitlər isə bilavasitə qeyri-neft sektorunun inkişafına yönəldilməli, onların üzərində ciddi ictimai nəzarət yaradılmalıdır. Digər tərəfdən, neft gəlirləri zəmanət qoyulmaqla irihəcmli xarici kreditlər alınır. Həmin kreditlərin xərclənməsinə nəzarət də yox dərəcəsindədir.

S.Bağırov:

- Bir məsələni əlavə edim. 2004-cü ilin sentyabrında çox vacib bir sənəd - "Neft gəlirlərinin idarəedilməsi üzrə uzunmüddətli strategiya" - qəbul edilib. Orada maraqlı bir məqam var ki, gəlirlərin zirvə illərində ən azı 25 faiz gələcək nəsillər üçün saxlanıla bilər. Bu zirvə illəri də cəmi bir neçə ildir. Belə çıxır ki, həmin illərdə əldə edilən gəlirlərin 75 faizi xərclənə bilər. Mənə elə gəlir ki, bu məsələyə yenidən baxılmalıdır. Çünki əvvəla, çox böyük həcmli pulların xərclənməsi makroiqtisadi sahədə problemlərə səbəb ola bilər. Belə təhlükə artıq indidən yaranıb. Belə ki, bu il təxminən 1 milyard dollara yaxın gəlir əldə olunması gözlənilir, bundan bir qədər də artıq həcmdə vəsaitin xərclənməsi nəzərdə tutulur. Düzdür, problemlərimiz çoxdur. Lakin belə böyük həcmli pulların eyni vaxtda xərclənməsi inflyasiyanı sürətləndirəcəksə, əmək haqlarının artırılması nə verəcək? Şəxsən məndə belə təəssürat yaranır ki, hər şey kifayət qədər hesablanmır. Bax, narahatlıq doğuran budur. Biz çalışmalıyıq ki, maksimum çox həcmdə neft gəlirini gələcək nəsillərə saxlayaq.

Xanım İmranova: "Neft pulları hara xərclənir və sizcə, düzgünmü xərclənir?"

S.Bağırov:

- Bilirsiniz, neft gəlirlərinin bir hissəsi, qeyd etdiyimiz kimi, Neft Fondundan müəyyən layihələrin icrasına ayrılır. Həmin vəsaitləri izləmək, gələcəkdə monitorinq apararaq səmərəli xərclənib-xərclənmədiyini müəyyənləşdirmək mümkündür. Fonddan daha böyük bir qisim vəsaitlər isə büdcəyə transfert olunur. Həmin vəsaitlər digər gəlirlərlə qarışdırılaraq, oradan müxtəlif dövlət qurumları vasitəsilə xərcləndiyi üçün onların hərəkətinə nəzarət imkanı son dərəcə məhdudlaşır. Buna görə də hesab edirəm ki, gələcəkdə neft gəlirləri konkret layihələr üzrə xərclənməlidir.

T.Zeynalov:

- Mənə elə gəlir ki, beynəlxalq maliyyə qurumlarından tutalım ki, kənd təsərrüfatının inkişafı üçün kredit alıb, filan qədər faiz ödəməkdənsə, Neft Fondunun vəsaitlərindən istifadə etmək daha əlverişlidir. Sadəcə, xərclənməyə nəzarət yaradılmalıdır. Ümumiyyətlə, bütün dövlət qurumlarının fəaliyyəti ictimai nəzarət altında olmalıdır.

- Yeri gəlmişkən, neft gəlirlərinin artımı Azərbaycanda Holland sindromu problemini gündəmə gətirir. Bir çox ekspertlər bizdə bu problemin artıq başlandığını deyirlər. Siz necə hesab edirsiniz, bu mövqe haqlıdırmı?

S.Bağırov:

- Hələlik bu sahədə hər hansı ciddi tədqiqata, hesablamalara rast gəlməmişəm. Amma özümün yüngülvari hesablamalarım göstərir ki, Azərbaycanda Holland sindromunun təsiri hələ 90-cı illərin ortalarından özünü büruzə verməyə başlayıb. Nədə? Bütün ölkələrdə belədir ki, neft gəlirləri hökumətlərdə arxayınçılıq yaradır. İndi baxın Azərbaycana: bizim sənaye potensialımızın bugünkü vəziyyətə düşməsinin ən başlıca səbəbi hökumətin neft gəlirlərinə olan arxayınçılığıdır. Keçmiş "Neftmaşınqayırma" birliyinə daxil olan maşınqayırma zavodu ("Neftçilər" xəstəxanası ilə üzbəüz) - milli sərvətimiz bu gün tamam söküldü. Onun yerində isə çoxmərtəbəli binalar tikiləcək. Hesab edirəm ki, biz onu qoruyub-saxlaya bilərdik. Bax, Holland sindromunun təsiri budur. Ölkədə istehsal, qeyri-neft sektoru tənəzzül edir. Yəni yerli istehsal iş adamları üçün səmərəli olmur. Çox təəssüf ki, biz indi bunu müşahidə edirik.

Həbibə: "Xarici neft şirkətləri işçilərin əmək hüquqlarını nə dərəcədə təmin edirlər?"

S.Bağırov:

- Bu, kifayət qədər geniş məsələdir. Burada obyektiv və subyektiv narahatedici amillər var. Ən mühüm problem insanlarımızın məfkurəsində hələ də Sovet stereotiplərinin hökm sürməsidir. Bizim vətəndaşlar işə düzələndə əmək müqaviləsinin olub-olmaması, olanda onun şərtləri ilə maraqlanmır, hüquqlarının nədən ibarət olduğunu öyrənmir. Sovet dövründə öyrəşmişdik ki, hər məsələni dövlət həll edirdi. Amma indi biz bazar qaydaları ilə yaşayırıq. Hər kəs öz əməyini satarkən fikir verməlidir ki, bunun qarşılığında nə əldə edir. Əmək haqqı yalnız bir komponentdir, bununla yanaşı, sığorta, pensiya, təhlükəsizlik məsələləri həll olunmalıdır. İkinci böyük problem müstəqil həmkarlar təşkilatlarının inkişaf etməməsidir. Müstəqil və güclü həmkarlar təşkilatları hüquqların müdafiəsinə yardım edir. Təəssüflər olsun ki, bizdə bu çatışmır. Həmkarlar təşkilatları hökumətin, şirkətlərin asılılığından çıxmalıdılar.

- Bu məsələ ilə bağlı bir çox hallarda şirkətlər hökumətlə bağlanan müqaviləyə istinad edirlər. Hansı ki, qanun statusu alan həmin müqavilələr ölkənin Əmək Məcəlləsi ilə heç də həmişə uzlaşmır. Bəlkə problem buradadır?

- Bilirsiniz, kontraktlarda bir sıra boşluqlar var və onları bu və ya başqa formada yozmaq olar. Hökumətlə şirkətlər arasında əlavə protokollar, yaxud razılaşmalarla bu məsələləri qaydasına salmaq mümkündür. Məsələn, vergilərlə bağlı kontraktlarda əksini tapmayan detallar bu üsulla tənzimlənir. Son hadisələr göstərir ki, əmək hüquqları ilə bağlı bəzi məsələlər hələ də açıq qalmaqda davam edir.

Adını söyləməyən bir xanım: "Xarici şirkətlər ekologiyaya vurulan zərərin aradan qaldırılması üçün pul ayırırlarmı?"

T.Zeynalov:

- Neft sənayesində yalnız xarici deyil, yerli şirkətlər də fəaliyyət göstərir. Bu sahənin inkişafı nəticəsində Abşeronun 30 min hektar torpağı çirkləndirilib, 800-ə qədər gölməçələr yaranıb. Bu zərbənin aradan qaldırılmasına fikir verilmir, verilməyəcək də. Çünki indiyədək biz neft layihələrində ekoloji məsələlərə nə qədər vəsait ayrıldığını bilmirik, bunu açıqlamırlar. Digər tərəfdən, özümüzünkülər də bununla bağlı hər hansı məlumat vermirlər. İndiyədək Dünya Bankı çirklənmiş torpaqların təmizlənməsinə 8 milyon dollar bir, 5 milyon dollar bir ayırıb. Onların necə xərcləndiyi, hansı nəticələrin əldə olunduğu heç kimə məlum deyil. Mən Norveç hökumətinin maliyyə dəstəyi ilə bir layihə həyata keçirərək 1 ha çirklənmiş torpağı 50-60 min dollara təmizləməyin mümkün olduğunu sübut etdim. Halbuki başqaları buna yarım milyon dollar silirlər. Elə buna görə məni az qala xalq düşməni çıxartdılar.

Ümumiyyətlə, dünyanın əksər ölkələrində iqtisadiyyatın inkişafının ilk mərhələsində ekologiya məsələsi yada düşmür. Yalnız inkişafın müəyyən mərhələsindən sonra bu məsələyə diqqət ayrılır. İndi Azərbaycanda da ekologiya diqqətə alınmır.

NEFT GƏLİRLƏRİ QARABAĞ MƏSƏLƏSİNDƏ ƏSAS AMİL DEYİL

SABİT BAĞIROV: "BU GƏLİRLƏR AZƏRBAYCANIN ÖZ MƏQSƏDLƏRİNƏ ÇATMASI ÜÇÜN ŞANS YARADIR"

TELMAN ZEYNALOV: "KİMLƏRSƏ ÖLKƏDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINDA MARAQLI DEYİL"

İki ildən yuxarıdır fəaliyyət göstərən Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyası cəmiyyətin diqqətini neft gəlirlərinə yönəltmək üçün müxtəlif layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri də müxtəlif mətbu orqanlarda neft gəlirləri ilə bağlı media-forumların keçirilməsidir. İndiyədək bir neçə qəzetdə belə forumlar təşkil edilib. Növbəti forum "Yeni Müsavat" qəzetinin redaksiyasında baş tutdu. Sadə vətəndaşların, həmçinin jurnalistlərin, QHT nümayəndələrinin neft sənayesi və bu sahədən əldə edilən gəlirlərə, Koalisiyanın fəaliyyətinə dair suallarını qurumun koordinatoru Sabit Bağırov və Koalisiya Şurasının üzvü Telman Zeynalov cavablandırdılar. Forumda Şura üzvü və layihə rəhbəri Oqtay Gülalıyev də iştirak edirdi.

QHT nümayəndəsi Məhəmməd Talıblı: "İlu sualım Telman müəllimədir. Siz "Bakı-Tiflis-Ceyhan"ın ətraf mühitə və sosial sahəyə təsirini öyrənən monitorinq qrupunun ötən ilki hesabatından razısınızmı? Digər sualım isə Sabit bəyədir. Neft gəlirləri ölkə iqtisadiyyatının və əhalinin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarmasa, hökumətin siyasi məsuliyyəti ilə yanaşı, mənəvi məsuliyyət də yaranacaq. Koordinatoru olduğunuz QHT Koalisiyasının bu məsuliyyətdə payı olacaqmı?"

İlk olaraq S.Bağırov cavab verir:

- Yaxşı sualdır. Neft gəlirləri Azərbaycanın öz məqsədlərinə nail olması yaxşı şans yaradır. Bu məqsədlərdən birincisi neftdən asılı olmayan, rəqabətə davamlı iqtisadiyyat formalaşdırmaqdı. Neft sərvəti tükənməz deyil və o tükəndikdən sonra iqtisadiyyatın digər sahələri onu əvəz etmək imkanında olmalıdır. İkinci məqsəd neft gəlirlərindən Azərbaycan vətəndaşının dünya əmək bazarında rəqabətə davamlılığını artırmaq üçün yararlanmaqdır. Yəni elm-texnologiyanı yüksək inkişaf etdirmək, müasir standartlara uyğun mütəxəssislər yetişdirmək lazımdır ki, vətəndaşlarımız dünyanın hər bir ölkəsində rahatlıqla iş tapa bilsin. Bu məqsədlərə nail olmaq üçün hər şey hökumətin qabiliyyətindən və vətəndaş cəmiyyətinin fəallığından asılı olacaq. Yəni məsuliyyət hər ikisinin üzərindədir.

T.Zeynalov:

- Birinci sualla bağlı bildirim ki, əsas məsuliyyət vətəndaş cəmiyyətinin üzərindədir. Vətəndaş cəmiyyəti hökumətə nəzarəti qurub, onun fəaliyyətini yönləndirə bilsə, məqsədə nail olunacaq. BTC üzrə birinci monitorinqlə bağlı hesabatdansa mən razı deyiləm, çünki orada bəzi məqamlar ictimaiyyətdən gizlədilib. Ola bilər ki, hesabat dolğun formada bp və "Soros" fonduna çatdırılsın, lakin ictimaiyyətə açıqlanan sənəddə bu dolğunluq yox idi. Hökumət təşkilatları şəffaflıqda niyə maraqlı deyil, bu, aydındır. Amma QHT-lərin belə etməsi yolverilməzdir. Bu mövqeyimə görə ikinci monitorinqə daxil edilməmişəm.

Ceyran Vəliyeva: "Böyük neft gəlirləri Dağlıq Qarabağ məsələsinin həllində hansı rol oynaya bilərmi?"

Sabit Bağırov

- Bu, çox uzun bir söhbətin mövzusudur. Neftdən həm Azərbaycan, həm də xarici şirkətlər gəlir götürür və bunların hər birinin məsələyə təsiri var. Biz gəlirlər hesabına ordumuzu möhkəmləndirə bilərik və sabah Qarabağın müharibə yolu ilə geri qaytarılması məsələsi ortaya çıxanda üstünlüyümüz olar. Xarici tərəfin gəlir əldə etməsi bu məsələdə nüfuzlu dövlətlərin Azərbaycana daha anlaşıqlı yanaşmasına, Azərbaycanın problemlərini daha dərindən hiss etməsinə təsir göstərən bir amildir. Amma burada bir iş var ki, öncə biz diplomatik sahədə qələbə qazanmalıyıq. Yəni müharibə o zaman Azərbaycana uğur gətirə bilər ki, Ermənistanın arxasında Rusiya dayanmasın. Buna isə iki yolla nail olmaq mümkündür. Bunlardan birincisi diplomatik yolla Rusiyaya beynəlxalq təzyiqlərin artmasına nail olmaqdır. Digər variant budur ki, biz müəyyən qədər öz müstəqilliyimizdən Rusiyanın xeyrinə imtina edib, yenidən onun təsiri altına düşməliyik. İkinci variant bizim üçün qeyri-mümkündür. Birinci variant baş tutarsa, əslində elə Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün də real imkan yaranar. Məndə belə təssürat var ki, Azərbaycanda Qarabağa dair kifayət qədər düşünülmüş siyasət formalaşmayıb. Bu, məni çox narahat edir. Yəni bu məsələdə həm ölkə rəhbərliyində, həm də cəmiyyətdə emosiyalar, əsəbilik daha çoxdur. Bunlar hamısı kənara qoyulmalıdır. Müasir dünyada baş verən proseslər, dünyanın üstünlük verdiyi dəyərlər nəzərə alınmalıdır. Problemin sülh yolu ilə həlli konsensusdan keçir. Konsensus yalnız qarşı tərəflə bağlı deyil, həm də ölkə daxilində olmalıdır. Yəni ölkədaxili siyasi qüvvələr arasında da məsələ ilə bağlı konsensus əldə edilməli, o, siyasi monopoliyada qalmamalıdır. Bütün bu proseslərdə neft gəlirləri əsas rol oynayan amil deyil, vasitələrdən biridir. Mən arzu etməzdim ki, bizim gəlirlərimizin böyük bir qismi bu məsələlərə yönəlsin və gələcək nəsillərə heç nə qalmasın.

T.Zeynalov:

- Son vaxtlar ermənilər guya informasiya müharibəsində Azərbaycana uduzduqlarına dair məlumat yayırlar. Bu, real deyil və Azərbaycanın başının altına yastıq qoymaq məqsədi daşıyır. Ermənilər ikinci atom stansiyasını tikməyə hazırlaşırlar. Onlar həmin stansiyanın tullantılarını bizim torpaqlarımızda basdıracaqlar. Buna görə də onların geri qaytarılmasına imkan verməyəcəklər.

"Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı Natiq Cavadlı: "Sualım Sabit bəyədir. QHT-lərin qrant alması ilə bağlı çox söz-söhbətlər yayılıb. Hətta ayrı-ayrı sahələrdə qrant kanallarının inhisara alındığı deyilir. Siz bu məsələlərə necə yanaşırsınız?"

S.Bağırov:

- Qrantların Azərbaycanda vətəndaş cəmiyyətinin yaşamasında çox böyük rolu var. İstənilən ölkənin inkişafında vətəndaş cəmiyyətinin rolunun nə qədər mühüm olduğunu izah etməyə ehtiyac yoxdur. Cəmiyyətdə QHT-lərə qarşı münasibəti mənfiyə dəyişmək üçün son vaxtlar onların xaricdən qrant alması məsələsini ortaya atıblar. Xaricdən qrant almaya son qoymağın ən yaxşı yolu QHT-lərin dövlət büdcəsindən maliyyələşməsidir. Dövlət vəsaitləri müxtəlif qurumlar vasitəsilə QHT-lərə verilə bilər. Əslində əksər inkişaf etmiş ölkələrdə hökumət təşkilatları bütün işləri QHT-lərin vasitəsilə həyata keçirirlər. Azərbaycanda QHT Forumu uzun müddətdir ki, bu istiqamətdə iş aparır, lakin hələ də bir nəticəsi yoxdur.

Hesabat məsələsinə gəlincə, bunu ilk növbədə hökumət qurumları etməlidilər. Çünki qrantların 90 faizini onlar alırlar. Əgər onlar hesabat vermirlərsə, QHT-lər niyə verməlidir? Onsuz da QHT-lər donor təşkilatlara hesabat verirlər. Digər tərəfdən, onlar layihələrlə bağlı Vergilər Nazirliyi, Statistika Komitəsi və digər qurumlara da məlumat verirlər. Dövlətdən maliyyə ayrılmasın, xaricdən qrant alınmasın, bəs bu vətəndaş cəmiyyəti nə ilə yaşasın?

Son olaraq bildirim ki, şəxsən bizim təşkilatımızın hazırda bir layihəsi var. Lakin qeydiyyatı olmayan bir neçə QHT maliyyə agenti kimi bizim təşkilatdan istifadə edir. Hesabatlarda da göstərilir ki, filan təşkilat ildə bu qədər layihə alır.

T.Zeynalov:

- Bu ölkədə vətəndaş cəmiyyətinin inkişafını istəməyənlər var. Buna görə də bu sektora maliyyə ayıran fondları da gözdən salmağa çalışırlar.

Elçin Abdullayev: "Son vaxtlar koalisiya daxilində bəzi narazılıqlar yaranıb, bu barədə mətbuatda da məlumat verilib. Sizcə, bu narazılıqlar koalisiyanın dağılmasına gətirib çıxarmayacaq ki?"

S.Bağırov:

- Açığı, mən koalisiya daxilində ciddi bir narazılıq, yaxud problem görmürəm. Koalisiya Şurası daxilində kifayət qədər konstruktiv bir mühit var. Şuranın iclaslarına Koalisiyanın digər üzvləri də sərbəst şəkildə qatılırlar, bəzən gərgin müzakirələr olur, müxtəlif fikirlər səsləndirilir. Bunların hamısı normaldır. Hesab edirəm ki, Koalisiya hələ uzun müddət yaşayacaq. Koalisiyanın müsbət bir cəhəti ondan ibarətdir ki, o, ümumiyyətlə, Azərbaycanda ictimai qurumların koalisiya şəklində fəaliyyəti sahəsində ilk çox uğurlu təcrübədir. Yəni indiyədək yaranan koalisiyalar belə nəticələr əldə edə bilməyiblər.

T.Zeynalov:

- Koalisiyada cəmiyyətin çox sağlam qüvvələri birləşib. Mənə elə gəlir ki, koalisiyanın fəaliyyət sahəsi genişlənməlidir. Xərclərə, xüsusilə ətraf mühitə ayrılan vəsaitlərin xərclənməsinə nəzarəti də koalisiya öz üzərinə götürməlidir. Ən azı cəmiyyəti maarifləndirmək sahəsində imkanlarımızdan istifadə etməliyik. Düzdür, hazırda cəmiyyətin, xüsusilə də mətbuatın bu sahəyə diqqəti qaneedici səviyyədə deyil. İstərdim ki, Koalisiya öz fəaliyyətində daha sərt olsun.

- Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda icrasından, o cümlədən Koalisiyanın bu sahədə fəaliyyətindən razısınızmı? Fəaliyyət planında neft gəlirlərinin xərclənməsinə nəzarətin yaradılması məsələsi də əksini tapıb. Bu təşəbbüsün uğurlu perspektivini görürsünüzmü?

S.Bağırov:

- Əlbəttə. Son iki ildə hökumət və şirkətlərin üç hesabatı açıqlanıb. Açığı, təşəbbüslə əlaqədar proseslər yeni başlayanda biz belə düşünürdük ki, hökumət və şirkətlər sövdələşib eyni rəqəmləri göstərəcəklər. Amma bu, belə olmadı. İndiyədək açıqlanan hər üç hesabatda auditor şirkətləri rəqəmlər arasında fərqlər aşkarlayıb, onlar təhlil olunub, fərqlərin səbəbləri aydınlaşdırılıb. Bu, çox yaxşı bir prosesdir. Sonuncu hesabatdan sonra koalisiyanın böyük bir rəyi mətbuatda dərc olunub. Mən vətəndaş cəmiyyəti fəallarının bu rəylə yaxından tanış olmasını arzulayıram. Ötən həftə belə bir bəyanat yayıldı ki, artıq ARDNŞ auditlə əlaqədar çox ciddi qərar qəbul edib. Söz veriblər ki, gələn ilin ortalarına qədər beynəlxalq standartlara keçid başa çatacaq və şirkət beynəlxalq auditdən keçəcək. Mən heç şübhə etmirəm ki, bu qərarın qəbul olunmasında bizim koalisiyanın da azacıq olsa belə, rolu var. Düzdür, tənqidi rəylərə görə bizdən bir balaca incimişdilər, amma gördüyünüz kimi, bizim fəaliyyətimizin də xeyri var.

Sualın digər hissəsinə gəlincə, təşəbbüs özü gəlirlərlə bağlıdır. Amma əsas problem xərclərdədir. Xərclərin üzərində nəzarətin yaradılması, onların şəffaflığı hələ ki, bu beynəlxalq təşəbbüsün əhatəsinə daxil deyil. Hal-hazırda onun genişlənməsi və inkişafı üzərində beynəlxalq qrup işləyir. Mən çox arzu edərdim ki, bu sahədə növbəti addımlar xərclərin şəffaflığı ilə bağlı olsun. Bu gün biz Azərbaycanın nə qədər qazandığını bilirik, amma qazanılanın necə xərcləndiyini bilmirik. Bizim arzumuz budur ki, hər bir Azərbaycan vətəndaşı yaxşı mənada "xəstələnsin". Nədir bu "xəstəliyin" adı, bilirsinizmi? "Gəlin neft gəlirlərinə fikir verək: hara xərclənir, necə xərclənir?" Bax, bu bizim hər birimizi düşündürməlidir. Hər bir vətəndaşın o gəlirlərdə payı var. Necə ki, hər kəs cibindəki pulu hər gün bir neçə dəfə sayır, neft gəlirlərinə də eyni diqqət ayrılmalıdır. Gəlirlər nə qədərdir, hara yığılır, necə saxlanır, necə xərclənir - bu, bizim vətəndaşlarımızı narahat etməli, maraqlandırmalıdır. Koalisiyamızın əsas məqsədlərindən biri məhz budur ki, vətəndaş cəmiyyəti, əhalimiz fəal olsun. Bu ildən etibarən biz çox maraqlı bir kampaniyaya başlamaq istəyirik. İlin müəyyən bir gününü neft gəlirlərinə həsr edəcəyik. Günün şüarı belə olacaq: "Neft gəlirləri hamımızındır!" Həmin gün müxtəlif tədbirlər həyata keçiriləcək: tok-şoular, konfranslar, təbliğat işləri, bukletlərin, kitabçaların paylanması və sair.

Qələmə aldı:
Dünya SAKİT
11 mart 2006-cı il


1 2 3 4 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:25

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.354295