Hasilat sənayesində şəffaflıq yolunda ilk addım atıldı (26/11/2004 - "Yeni
Musavat" qəzeti)
Azərbaycan hökuməti, neft şirkətləri və QHT Koalisiyasının birgə memorandumu
imzalanıb
Həbibə ABDULLA
Srağagün Azərbaycanda neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər,
hökumət qurumları ve QHT Koalisiyası arasında “Hasilat sənayesində şəffaflıq təşəbbüsü”nün
reallaşmasına dair memorandum imzalanıb.
Memorandumu təşəbbüsün reallaşması ilə bağlı yaradılan komissiyanın sedri, Azərbaycan
Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov, ARDNŞ-nin prezidenti Natiq
Əliyev, QHT Koalisiyasının əlaqələndiricisi Sabit Bağırov, “bp-Azərbaycan” şirkətinin
prezidenti Devid Vudvord və ölkədə fəaliyyət göstərən digər xarici neft şirkətlərinin
rəhbərləri imzalayıblar.
Qubad İbadoğlu: “Memorandum vətəndaş cəmiyyəti institutlarının tələblərinə tam cavab vermir”
Xatırladaq ki, Azərbaycan Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən irəli sürülən təşəbbüsə qoşulmaq barədə rəsmi qərarı 2003-cü ilin iyununda qəbul ədib. Memorandumun imzalanmasında məqsəd təşəbbüsə qoşulan bütün tərəflərin məsuliyyət qaydalarını müəyyənləşdirməkdir. Hasilat sənayesində şəffaflıq prinsipi neft şirkətlərinin hökumətə ödənişləri, hökumətin isə şirkətlərdən aldıqlarına dair hesabat verməsini nəzərdə tutur. İmzalanmış memoranduma əsasən, bu cür illik hesabatlar hər ilin 15 aprelində, yarım illik hesabatlar isə 15 avqustunda təqdim olunacaq. Hesabatların auditini bunun üçün xüsusi cəlb ediləcək beynəlxalq audit şirkəti həyata keçirəcək. Bu şirkətin müsabiqə yolu ilə seçilməsi prosesində hökumət, şirkətlər və QHT-lər hər biri iki nümayəndə ilə təmsil olunacaq. Seçim Azərbaycanda çalışan 4-5 beynəlxalq audit firmaları arasında aparılacaq. Seçimdən sonra Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya şirkətlərə və hökumətə lazımi hesabatları auditora təqdim etmək üçün mektubla müraciet edəcək. Bundan sonra şirkət təqdim olunan hesabatları analiz edərək, nəticələrini təşəbbüs iştirakçılarına göndərəcək və o, cəmiyyətə açıqlanacaq. S.Şərifovun dediyinə görə, yaxın vaxtlarda 2003-cü il və 2004-cü ilin ilk yarımili üçün hesabatın hazırlanması üzrə tender keçiriləcək. 2004-cü il üçün illik hesabat yalnız bu istiqamətdə işlər başa çatandan sonra hazır olacaq. Audit şirkətinin xidmət haqqı növbə ilə hökumət və neft şirkətləri tərəfindən ödəniləcək. Birinci mərhələdə bu işi hökumət yerinə yetirəcək. Belə ki, artıq DNF-nin idarə olunması xərcləri sırasında bu məsələ nəzərə alınıb.
Memorandumun imzalanmasını şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu onu müsbət qiymətləndirdiyini bildirdi: “Biz ”Mədən sənayesində şəffaflığın artırılması koalisiyası"nın üzvüyük. Hesab edirəm ki, memorandumun imzalanmasını alqışlamaq lazımdır. Çünki bu, ölkədə üçtərəfli birgə əməkdaşlıq baxımından ilk praktikadır. Memorandum bu əməkdaşlığın prinsiplərini və istiqamətlərini müəyyənləşdirir." Amma Qubad bəyin fikrincə, haqqında söhbət geden memorandumun imzalanması Azərbaycanda mədən sənayesində şəffaflığa tam nail olunacağından xəbər vermir: “Hesab edirəm ki, memorandum imzalanması ilə bu istiqamətdə yalnız müəyyən imkanlar yaranır, perspektivdə hər üç tərəfin maraqlarının uzlaşdırılması və şəffaflıqla bağlı işlərin əlaqələndirilməsi imkanlarını qazanırıq. Memorandumun özünə gəlincə, fikrimcə, sənəd bütövlükdə heç də vətəndaş cəmiyyəti institutlarının maraqlarına tam cavab vermir. Biz QHT-lərin ictimai birliyi olaraq çalışırdıq ki, bu təşəbbüsün reallaşdırılması onun fəlsəfəsinə uyğun olsun. Yəni hökumətin aldıqları və hökumətə ödənilənlər barədə informasiya tamamilə düzgün formada cəmiyyətə açıqlansın və hər kəsin bu informasiya ilə tanış olub rəy bildirmək imkanı olsun. Amma məsələ burasındadır ki, hökumət aldığı ilə bağlı informasiyanın dərcini öz üzərinə götürüb, ildə iki dəfə standart hesabat formaları doldurulandan sonra biz bu barədə məlumatlara əldə edə biləcəyik, şirkətlərə gəldikdə isə mövqe fərqlidir. Şirkətlər ayrı-ayrılıqda öz hesabatlarını dərc etmək niyyətində dəyil. Bunu da rəqabətlə izah edirlər. Doğrudan da müəyyən mənada bunu arqumentləşdirmək mümkündür. Hesab edirəm ki, bu prosəsin tam şəffaf olması üçün həm hökumət, həm şirkətlərin hesabatlarının dərci və vətəndaş cəmiyyəti institutlarının buna birbaşa çıxışı vacibdir. Amma bu gün şirkətlərin doldurduğu standart hesabat formaları ilə hökumətin doldurduğu hesabat formalarını tutuşdurmaq imkanına malik deyilik. Memorandumda da göstərildiyi kimi, bunu auditorlar edəcək və yalnız auditor rəyi barəsində biz ictimaiyyətə və mətbuata məlumatı açıqlaya biləcəyik. Təbii ki, ilkin olaraq bu bizi qane etməsə də, hesab etdik ki, başlanğıc və müəyyən müzakirələr aparmaq üçün memorandumun imzalanması bizə müəyyən şərait yaradır. Bu baxımdan biz çalışacağıq ki, növbəti mərhələlərdə memorandumun müəyyən prinsiplərindən irəli gələrək tam şəffaflıq uğrunda daha intensiv mübarizə aparaq.”
Bunun üçün ilk növbədə hesabat formalarını özlərinin təklif etdiyi standartlara uyğunlaşdırmaq və onu daha geniş, daha çox informasiya tutumlu etməyə nail olmağa çalışacaqlarını deyən Q.İbadoğlu bildirdi ki, ikinci mərhələdə vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların təsiri və təzyiqi ilə şirkətlərin hesabatlarının açıqlanmasına nail olunmalıdır: “Qeyd edim ki, bu, qlobal bir problemdir, şirkətlər də özləri müstəqil qərar qəbul etmək imkanlarına malik deyillər. Amma qlobal səviyyədə ”Şel" artıq öz hesabatını açıqlamağa razı olduğunu bildirib. Biz buna tam nail olmasaq da, çalışacağıq ki, Dövlət Neft Şirkətinin yaxın zamanlarda ayrıca hesabatı dərc olunsun. Çünki onun mövqeyini digər şirkətlərin gətirdiyi arqumentlə əsaslandırmaq mümkün deyil. Üçüncü bir istiqamət həmin hesabatların arxivləşdirilməsidir ki, biz memorandumla buna nail olmuşuq. Hesabatların arxivləşdirilməsi imkan yaradır ki, bir neçə müddətdən sonra bizim o hesabatlara çıxışımız olsun. Nəzərə almaq lazımdır ki, bu yöndə Azərbaycan pilot ölkəsidir."