MSŞA Koalisiyası Şurasının iclası #25(105)(17/08/2007)
İştirak edirlər:
- Şura üzvləri – 8 nəfər
- Monitorinq Qrupu – 2 nəfər
- Koalisiya üzvləri – 13 nəfər
Gündəlik:
- Qərarların icrası və görülmüş işlər
- Layihələrin icrası və yeni layihə təklifləri
- Memorandumun təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirəsi (Sabit Bağırov)
- Mətbuat Xidmətinin fəaliyyət planının müzakirəsi
- Ümumi Yığıncağa hazırlığın müzakirəsi
- Şura üzvü Oqtay Gülalıyevin müraciətinin müzakirəsi
- Koalisiya üzvü Elçin Abdullayevin müraciətinin müzakirəsi
- “Gündəm” qəzetinin Baş redaktorunun müavini Nicat Dağların müraciətinin müzakirəsi
- Cari məsələlər
Müzakirələr:
1. Qərarların icrası və görülmüş işlər
Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu məlumat verdi:
- Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin 2 iclası keçirilib və onun qərarları Koalisiyanın email şəbəkəsində yayılıb;
- Layihə icraçıları ilə görüş keçirilib və layihələr üzrə avqust- sentyabr aylarında keçiriləcək tədbirlər planlaşdırılıb;
- Koalisiya üzvlərindən Siyasət sənədlərinin hazırlanması üzrə təkliflər alınıb və onların qiymətləndirilməsi üçün seçim meyarları layihəsi hazırlanıb;
- Şuranın yeni reqlamenti Şura üzvlərinə göndərilib və onların təsdiqindən sonra vebsayta yerləşdiriləcək;
- Koalisiya üzvləri ilə görüşlər keçirilir. Əhməd Abbasbəyli tərəfindən Ümumi yığıncaqda keçirilməsi üçün sorğu anketi hazırlanır və tezliklə Şuranın müzakirəsinə təqdim ediləcək;
- Keçən il həyata keçirilmiş layihələr üzrə hesabatların MQ-na təqdim edilməsi Şuranın qərarı ilə avqustun 1-dək başa çatmalı idi. Hələlik yalnız bir layihə üzrə (Ehtiram Əliyev) belə hesabat təqdim edilib. Şura bu qərarının yerinə yetirilməməsinə münasibət bildirməlidir;
Qubad İbadoğlu Koalisiya üzvlüyünə 20 ərizə verildiyini bildirdi və Şuranın bu ərizələrlə bağlı qərar verməsini xahiş etdi. Sevgim Rəhmanov təklif etdi ki, qəbul dayandırılsın. Nəriman Ağayev Əsasnamənin müvafiq bəndinə əsasən ərizələrə baxılmasını təklif etdi. Oqtay Gülalıyev ərizələrin qəbulunun müvəqqəti dayandırılmasını, lakin Ümumi yığıncağın keçirilməsi haqqında Şuranın qərarınadək verilmiş ərizələrə baxılmasını təklif etdi. Mehriban Vəzir ərizələrin qəbulunun davam etdirilməsini, onlara baxılmasının isə dayandırılmasını təklif etdi.
Qərar: Koalisiya üzvlüyünə qəbul üçün ərizələrin qəbulu davam etdirilsin. Üzvlüyə qəbul üçün ərizələrə baxılması Ümumi yığıncağadək müvəqqəti dayandırılsın.
Oqtay Gülalıyev Koalisiya jurnalının ilk sayının iyulda dərc edilməli olduğunu xatırlatdı və bunun indiyədək niyə yubandığı haqqında məlumat verilməsini xahiş etdi.
Qubad İbadoğlu jurnalın baş redaktorundan bu məsələ ilə bağlı aldığı məlumatı iclas iştirakçılarına çatdırdı. O bildirdi ki, jurnalın ilk sayının hazırlanması bir sıra obyektiv problemlərlə əlaqədar bir qədər yubanır və o qeyd etdi ki, Jurnalin ilk nomrəsinin hazirlanması daha çox əmək və zaman tələb edir. Q.İbadoğlu İlham Şabana istinadən məlumat verdi ki, jurnalın ilk sayi sentyabrda, növbəti sayları oktyabr, noyabr və dekabr aylarında nəşr ediləcək.
Shura uzvu Nəriman Agayev teklif etdi ki, Redaksiya Shurasinin görüşü keçirilsin.
Sevgim Rəhmanov təklif etdi ki, jurnalın ilk sayının nəşri üçün 10 sentybr konkret vaxt təyin edilsin.
Nəriman Ağayev təklif etdi ki, jurnalın Baş redaktoru Şuranın növbəti iclasına jurnalın ilk sayının nəşri ilə bağlı cari vəziyyət haqqında məlumat verməsi üçün dəvət edilsin.
Digər təkliflərdə (İnqilab Əhmədov, Əhməd Əsgər) jurnalın ilk sayının nəşr edilməsi üçün Baş redaktora konkret vaxt təyin edilməsinin əleyhinə oldular.
Qubad İbadoğlu ötən il həyata keçirilmiş layihələr üzrə hesabatların təqdimi ilə əlaqədar Shuranın müəyyənləşdirdiyi son müddətin bitdiyini əsas göstərərək bu məsələyə də münasibət bildirilməsini xahiş etdi. O təklif etdi ki, hesabatların əksəriyyətinin MQ-yə təqdim edilməməsinə görə onun müddəti 1 sentyabradək uzadılsın.
Digər təkliflər belə oldu:
- Sevgim Rəhmanov: Şuranın növbəti iclasınadək Koordinator tərəfindən hesabatların verilməməsi səbəbləri araşdırılsın və Şuraya məlumat verilsin.
- Şuranın qərarlarına etinasız yanaşanlar haqqında münasibət bildirilsin.
Səsvermə ilə birinci təklif qəbul edildi.
QƏRAR: Şuranın növbəti iclasınadək Kordinator tərəfindən hesabatların verilməməsi səbəbləri araşdırılsın və Şuraya məlumat verilsin. Şuranın qərarlarına etinasız yanaşanlar haqqında münasibət bildirilsin.
2. Layihələrin icrası və yeni layihə təklifləri
Layihələrin icrası zamanı seminarlara ekspert statusunda cəlb ediləcək şəxslər barədə məlumatin əvvəlcədən verilməməsi üzrə deyilən iradlarla bağlı Qubad İbadoğlu bildirdi ki, Koalisiyanın hələ ki, ayrıca ekspertlər qrupu təşkil edilməyib. Əğər belə bir siyahısı varsa Şurada təsdiq edilsin və ehtiyac olduqda onlara muraciət edilsin.
Şuranın sonuncu iclasından keçən 20 gün ərzində layihələrin icrası davam edib. Bu müddətdə layihə icraçıları ilə görüşlər keçirilib, ümumi və fərdi müzakirələr aparılıb.
Çıxış edənlər (Sevgim Rəhmanov, Nəriman Ağayev) bildirdilər ki, keçirilməsi nəzərdə tutulan hər bir tədbir haqqında öncədən bütün Koalisiya email şəbəkə vasitəsi ilə məlumatlandırılmalıdır. Sabit Bağırov: ekspertlərin seçilməsinin Koalisiyanın imici və tədbirlərin uğurlu olması üçün cox böyük əhəmiyyəti var. O, ekspertlərin seçilməsi üçün prosedur təklif verdi : a) eksperti PowerPoint-da təqdimat hazırlasın, b) Təqdimat Şura üzvlərinə göndərilsin, c) Təqdimat Şurada bəyənilərsə tədbirlərdə istifadə edilməsinə razılıq verilsin, d) ekspertləri müəyyənləşdirmək üçün test sualları tərtib edilsin və həmin suallara cavab verə bilən Koalisiya üzvünün adı ekspert siyahısına daxil edilsin.
O, ekspertlərin siyahısının tərtib edilməsini ilin sonunadək başa çatdırılmasını vacib hesab etdi.
Qubad İbadoğlu layihələrin icrası ilə bağlı məlumatı davam etdirərək keçən müddət ərzində Siyasət sənədlərinin hazırlanması istiqaməti üzrə təkliflərin toplandığını bildirdi və həmin təkliflər haqqında məlumat verdi. O qeyd etdi ki, hələlik 5 istiqamət üzrə təklif verilməyib.
Sabit Bağırov təklif etdi ki, təkliflərin verilməsi müddəti (10 avqust) bitdikdən sonra daxil olan təkliflər və heç bir təklif verilməmiş istiqamətlər haqqında Şura qərar versin.
Sevgim Rəhmanov təkliuf etdi ki, siyasət sənədləri üzrə təkliflərin verilməsi müddəti avqustun sonunadək uzadılsın.
Oqtay Gülalıyev təklif etdi ki, təkliflərin verilməsi dayandırılsın və artıq təklif verilmiş 10 istiqamət üzrə seçim aparılsın.
Sabit Bağırov bu təklifi dəstəklədiyini bildirdi və qalan 5 istiqamət üzrə siyasət sənədlərinin yazılmasını növbəti layihədə nəzərdə tutmağı təklif etdi.
Nəriman Ağayev təklif etdi ki, hazırki mərhələdə ancaq avqustun 10-dək verilmiş təkliflər müsabiqəyə çıxarılsın. Gecikmiş təkliflər müsabiqənin ikinci mərhələsində baxılsın.
QƏRAR: Siyasət sənədləri üzrə təkliflərin verilməsi müddəti avqustun 30-dək uzadılsın.
Qubad İbadoğlu Norveç səfirliyinin Koalisiyanın müraciətinə cavab olaraq dekabrın 1-dən başlanması şərtilə bir layihəni maliyyələşdirəcəkləri haqqında məlumat verdi. Layihə təklifi ingilis dilində sentyabrın 1-dək səfirliyə təqdim edilməlidir.
Fəqan Əliyev həmin vəsaitə konfrans keçirməyi təklif etdi.
Sevgim Rəhmanov təklif etdi ki, Qubad İbadoğlu gələn həftəyədək səfirliyin tələblərinə uyğun layihə hazırlasın və Şuranın növbəti iclasının müzakirəsinə çıxarsın.
Mübariz Tağıyev və Ruhəngiz Hüseynova Vahid Layihənin maliyyələşməmiş istiqamətləri əsasında layihə hazırlanmasını təklif etdi.
QƏRAR: Norveç səfirliyinin Koalisiyanın ictimai təbliğat kampaniyasını maliyyələşdirmək haqqında müraciəti əsasında Şuranın növbəti iclasında müzakirə etmək üçün bu iclasda verilmiş təklifləri də nəzərə almaqla layihə hazırlamaq Əlaqələndiriciyə həvalə edilsin.
3. Memorandumun təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirəsi (Sabit Bağırov)
Sabit Bağırov təkliflərin məzmunu və mahiyyəti haqqında məlumat verdi və həmin təklifləri vacib edən amilləri göstərdi. Təkliflər əsasən aşağıdakı məsələləri əhatə edir:
- Əlavə iki illik hesabat formasının (operator və podratçı tərəfindən təqdim edilir) qəbul edilməsi;
- Şirkətlərin fərdi hesabatlılığının təmin edilməsi;
- Koalisiyaya qarşı diskriminasiyanın aradan qaldırılması;
O əlavə etdi ki, hazırlanmış təkliflər Koalisiya adından Memorandum tərəfdaşlarına rəsmi olaraq göndərilsin.
Qərar: Memoranduma dəyişikliklər üzrə hazırlanmış təkliflər Koalisiya adından Memorandum tərəfdaşlarına rəsmi olaraq göndərilsin. Bu qərarın yerinə yetirilməsi Şuranın Əlaqələndiricisinə həvalə edilsin.
4. Mətbuat Xidmətinin fəaliyyət planının müzakirəsi
Müzakirədən sonra qərar qəbul edildi.
Qərar: Mətbuat Xidmətinin fəaliyyət planı təsdiq edilsin.
5. Ümumi yığıncağa hazırlığın müzakirəsi
Qubad İbadoğlu iclas iştirakçılarını Ümumi yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin ÜY-ın keçirilməsi günü ilə əlaqədar tövsiyəsi ilə tanış etdi. O bildirdi ki, Şuranın ÜY üçün təyin etdiyi günlər Ramazan ayı və Ramazan bayramına təsadüf etdiyi üçün TK Şuraya tövsiyə edir ki, ÜY oktyabrın 20-də keçirilsin. Tövsiyə səsvermə ilə qəbul edildi.
Qərar: Ümumi yığıncağa hazırlıq üzrə TK-nin ÜY-ın oktyabrın 20-də keçirilməsi haqqında tövsiyəsi qəbul edilsin və ÜY keçirilməsi oktyabrın 20-nə təyin edilsin.
Qeyd: Gündəliyin növbəti məsələlərinin müzakirəsi növbəti iclasa təxirə salındı.
İclasın sədri: Nəriman Ağayev