|
Azərbaycan Respublikası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində
2006-cı ilin ilk 6 ayı üçün (5-ci hesabat) açıqlanmış Hökumət komissiyasının hesabatı
ilə bağlı İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyi (27/04/2007)
Azərbaycan Respublikası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində
2006-cı ilin ilk 6 ayı üçün (5-ci hesabat) açıqlanmış Hökumət komissiyasının hesabatı
ilə bağlı İctimai Birliklərin MSŞA Koalisiyasının Rəyi (27/04/2007)
27 aprel, 2007-ci il
İctimai Birliklərin MSŞA Koalisiyası 5-ci hesabat üzrə növbəti auditin nəticələrinin
açıqlanmasını önəmli hadisə sayır və bunu Azərbaycan hökumətinin ölkədə fəaliyyət
göstərən neft və qaz şirkətləri ilə birgə mədən sənayesində şəffaflığın artırılması
yolunda atılan daha bir vacib addım kimi qiymətləndirir. Koalisiya məmnuniyyətlə
onu da qeyd etmək istərdi ki, 4-cü hesabatla bağlı Koalisiyanın bəzi təklifləri
nəzərə alınıb və bu da son hesabatın keyfiyyətinə müsbət təsir etmişdir. Bütün bunlarla
yanaşı MSŞA Koalisiyası Hökumət Komissiyası və neft şirkətləri ilə birlikdə imzaladığı
Anlaşma Memorandumunun tərəflərindən biri kimi 5-ci hesabat üzrə növbəti auditin
nəticələrini müstəqil surətdə təhlil edərək, aşağıdakı nəticələrə gəlmişdir.
1. Kapital xərclərinin artması Azərbaycanın qazanclarını azaldır 5-ci hesabat üzrə audit rəyi ilə tanışlıq belə qənaətə gəlməyə əsas verir ki, hesabat dövrü ərzində neft hasilatının aktiv fazaya daxil olması və bununla əlaqədar olaraq neftin hasilatının və müvafiq olaraq mənfəət nefti həcminin artması, ötən dövrlə müqayisədə neft gəlirləri məbləğinin çoxalmasına gətirib çıxarıb. Belə ki, əgər 2005-ci ilin ilk 6 ayı üzrə audit rəyində hökumətin mənfəət nefti payının həcmi 4,3 mln. barrel olmuşdursa, 2006-cı ilin müvafiq dövrü üçün bu göstərici 2 dəfədən də çox, konkret olaraq 8,779 mln. barrel təşkil edib. Lakin, Koalisiyanın fikrincə bu artım daha da çox ola bilərdi. "Əsrin kontraktı"nın şərtlərinə görə hər hesablaşma dövründə (təqvim rübü) hasil edilmiş neftin dəyərindən ilk növbədə həmin dövrdəki istismar xərcləri ödənilir. Bundan sonra qalan neftin 50%-i kapital xərclərin ödənilməsinə istifadə edilir. Digər 50%-i isə mənfəət neftini təşkil edir və Azərbaycan hökuməti ilə podratçı arasında bölüşdürülür. Bu zaman bölgü əmsalı (30% : 70%, 55% / 45% və ya 80% / 20%) podratçının xüsusi maliyyə göstəricisinin qiymətindən asılı olaraq təyin edilir. Hazırda mənfəət neftinin 30% Azərbaycanın 70%-i isə podratçının payına düşür. Kapital xərclərinin artması Azərbaycanın mənfəət neftindəki payının artmasını, yəni 30% : 70% nisbətindən 55% : 45% nisbətinə keçməsini gecikdirir və ümumiyyətlə ölkəmizin qazancını azaldır. Son hesabat dövründə ABƏŞ-in hasil etdiyi.neftin qeyd edildiyi kimi, cəmisi 8,779 mln. barreli hökumətə mənfəət nefti kimi çatmışdır ki (ümumən hasil edilən neftin təxminən 12%-i), bu da Neft Fondunun digər informasiyasına görə cəmi 414,3 mln. dollar vəsait deməkdir. Hasil edilmiş neftin yarıdan bir qədər çoxu hələ də kapital və istismar xərclərin ödənilməsinə istifadə edilmişdir. Qalanı isə, yəni 20.5 mln bareli podratçının mənfəəti olmuşdur. İctimai Birliklərin MSŞA Koalisiya Şurasını əsaslı xərclərin bu qədər artması və onun kompensasiya vaxtının belə uzanması narahat etdiyinə görə xatırlatmaq istərdik ki, hələ saziş bağlananda AÇG -nin ümumi xərclərinin 8 mlrd.dolları ötməyəcəyi elan edilsə də, artıq xərclərin 14 mlrd. dolları ötəcəyi heç kəsdə şübhə doğurmur. Ekspertlər bu artımı əsas etibarı ilə dövr ərzində maşın və avadanlığın, habelə digər istiqamətlərdə əsaslı xərclərin gözlənildiyindən çox olması, ümumiyyətlə hasilatın başlanması dövrünün xeyli gecikməsi ilə izah edirlər. Lakin, bu obyektiv səbəblərlə yanaşı, xərclərin şişirdilməsi ehtimalı da əsassız görünmür. Maraqlıdır ki, saziş həyata keçirilən dövr ərzində əməliyyat xərcləri planlaşdırılandan daha az olmuşdur. Nəzərə alsaq ki, əməliyyat xərcləri əsas etibarı ilə Azərbaycanda, əsaslı xərclər isə ölkənin xaricində həyata keçirilir, bu da bəzi şübhələrə yol açır. Beləliklə, nəticələr onu göstərir ki, kapital xərclər ciddi nəzarət altında olmalıdır. Bu nəzarət kontraktın şərtlərinə görə ARDNŞ-nin məsuliyyətindədir. Lakin ARDNŞ kontraktda sifarişçini, yəni Azərbaycan hökumətini təmsil etdiyi ilə yanaşı eyni zamanda icraçı tərəfin (podratçının) üzvüdür. Bu cür ikili status isə maraqlar konflikti törədən amil olaraq qalmaqda davam edir. Kapital xərclərinin xeyli artması səbəblərini araşdırmaq məqsədilə üçtərəfli komissiyanın (hökümət, ABƏŞ və Koalisiya nümayəndələrindən ibarət olan) yaradılması məqsədə uyğun görünür. Koalisiya ümid edir ki, hökümət komissiyası və ABƏŞ bu təklifə diqqətlə yanaşacaq. 2. ARDNŞ-in hesabatlılıq sistemi və hökumətə ödəmələri ziddiyyətli xarakter daşıyır 5-ci hesabat üzrə audit rəyinin təhlili göstərdi ki, yerli şirkətlərdən hökumətə daxilolmalar haqqında məlumat yenə də ziddiyyətlidir. Hesabatda qeyd edilir ki, 2006-cı ilin ilk 6 ayında yerli şirkətlərdən (xatırladaq ki, söhbət ARDNŞ-in və onun iştirakı ilə ölkədə fəaliyyət göstərən və Anlaşma Memorandumunun tərəfdaşları olan Birgə Müəssisələrin yalnız hasilat sənayesində fəaliyyəti çərçivəsində hökumətə ödəmələri nəzərdə tutulur) ümumi daxilolmalar 403, 6 mln. AZN-dir. Xatırladaq ki, 2005-ci ilin 6 ayı üçün bu məbləğ 595,4 mlrd. AZM, yəni 119 mln. AZN idi. Göründüyü kimi, bu bir il ərzində yerli şirkətlərdən hökumətə ödəmələr 3 dəfədən çox artmışdır. Əgər 2005-ci ildə AÇG sazişi çərçivəsində mənfəət vergisi ödənilmirdisə, 2006-cı ildə artıq sazişin iştirakçılarından, ARDNŞ də daxil olmaqla, hökumətə mənfəət vergisi ödənilir. Amma, bununla yanaşı hesabatda əksini tapmış mənfəət vergisinin məbləğı şübhə doğurur. Belə ki, əgər 2005-ci ilin ilk 6 ayı üçün yerli şirkətlərdən daxil olan mənfəət vergisi 8,5 mln. AZN. idisə, hesabat dövründə bu rəqəm cəmi 3,1 mln. AZN. artaraq 11,6 mln.AZN. olmuşdur. Narahatçılığına səbəb olan odur ki, AÇG-nin xarici payçıları 2006-cı ilin 1-ci yarısında 213 mln. AZN mənfəət vergisi ödəmişlərsə, ən sadə hesabalamalara görə bu sazişdə 10% paya malik olan ARDNŞ yalnız bu sazışdəki fəaliyyətinə görə təxminən 23,6 mln. AZN mənfəət vergisi ödəməli idi. 15 mln.AZN həcmində fərqin nə ilə izah olunmasını Koalisiya üçün sual olaraq qalmaqdadır. Yerli şirkətlərin ödəməli olduğu digər vergilərlə də bağlı sual doğuran məqamlar var və Koalisiya ümid edir ki, ARDNŞ bütün qeyd edilənlərə aydınlıq gətirəcək. 3. MŞHT üzrə hesabatların nəzərdə tutulan vaxtdan gec təqdim olunması təəssüf doğurur. Koalisiya mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə götürülmüş öhdəliklərin sistemli və davamlı şəkildə reallaşdırılmasını nümayiş etdirən bu hesabatların nəzərdə tutulan vaxtdan gec təqdim olunması ilə bağlı yaranmış problemin tezliklə aradan qalxacağına və növbəti hesabatın Anlaşma Memorandumunda müəyyənləşdirilmış qrafikə uyğun olaraq vaxtında təqdim olunacağına ümid edir. Baxmayaraq ki, MSŞT-yə hələ də qoşulmayan Rusiya Federasiyasında BP-TNK bütün mərhələlərdə əldə etdiyi gəlirlər haqqında məlumatı (vergilər, təmiz mənfəət və s. göstəricilər də daxil olmaqla) bir qayda olaraq dövri şəkildə dərc edir. 4. Hesabatların təhlili üçün şirkətlərin fəaliyyətini xarakterizə edən zəruri informasiyalara çıxış problemli olaraq qalır. Bir tərəfdən şirkətlərin hesabatlarının fərdi qaydada açıqlanmaması audit rəyində göstərilən kənarlaşmaların hansı şirkətlərin günahı ucbatından baş verməsini müəyyənləşdirməyə çətinlik yaradır. Digər tərəfdən isə İctimai Birliklərin MSŞA Koalisiyasının informasiya sorğusu məqsədilə BP və ARDNŞ-yə ünvanladığı məktubların cavablandırılmaması narahatçılığı daha da artırır. Koalisiyanın həmin şirkətlərə ünvanladığı məktubun cavablandırılmaması "Məlumatın əldə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması kimi qiymətləndirilir və ictimai diqqətə təqdim olunur. İctimai Birliklərin MSŞA Koalisiyası Təşəbbüs çərçivəsində hökumətin 5-ci hesabatı üzrə aşağıdakı təkliflərin nəzərə alnmasını tövsiyyə edir: -
Anlaşma Memorandumun tələblərindən irəli gələrək, mövcud hesabat sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər arasında yeni müzakirələrə start verilməlidir; -
Şirkətlərin fərdi qaydada hesabatlar təqdim etməsi məqsədilə Hökumət Komissiyasının və İctimai Birliklərin MSŞA Koalisiyasının təşəbbüsləri genişləndirilməlidir; -
Hesabatlar üzrə auditor rəyinin hazırlanması məqsədilə keçirilən tenderdə rəqabət şəraiti təmin olunmalı və bu prosesə digər nüfuzlu şirkətlər də cəlb olunmalıdır; -
Şirkətlərin hesabatlılıq sistemində bilməyərəkdən yaranmış problemin həllı məqsədilə personal üçün kurslar təşkil olunmalıdır; -
ARDNŞ-nin ikili statusu aradan qaldırılmalıdır. ARDNŞ imzalanmış kontraktlarda payçılardan biri olduğuna görə onun məsuliyyətində olan hökumətin təmsilçiliyi ilə əlaqədar müvafiq vəzifələr digər dövlət orqanına tapşırılmalıdır. Bu zaman imzalanmış kontraktlarda müvafiq dəyişikliklər də edilməlidir. Ictimai Birliklərin MSŞA Koalisiyası
◄ 1 2 3 4 5 6 7 8 9 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:21:56
|