|
Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
Şurasının Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə imzalanmış üçtərəfli Anlaşma
Memorandumu ilə əlaqədar bəyanatı (27/11/2004)
Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası
Şurasının Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə imzalanmış üçtərəfli Anlaşma
Memorandumu ilə əlaqədar bəyanatı (27/11/2004)
24 noyabr 2004-cü il tarixdə Bakıda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün
(MSŞT) ayrı- ayrı ölkələrdə tətbiq edilməsi üçün razılaşdırılmış və Azərbaycan hökumətinin
də qəbul etdiyi prinsiplərə uyğun olaraq və adı çəkilən təşəbbüsün Azərbaycanda
uğurla tətbiq edilməsi əsas fəaliyyət məqsədlərindən biri olan Azərbaycan QHT-lərinin
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ölkədə fəaliyyət göstərən
xarici neft şirkətləri və MSŞT üzrə yaradılmış Hökumət Komissiyası ilə əməkdaşlığın
qurulması istiqamətində aparılmış uzunmüddətli danışıqların nəticəsi olaraq üçtərəfli
Anlaşma Memorandumu (AM) imzalanmışdır. Memorandumu Azərbaycan hökuməti adından
MSŞT üzrə Hökumət Komissiyasının Sədri cənab Samir Şərifov, Azərbaycanda fəaliyyət
göstərən xarici neft şirkətlərinin səlahiyyətli nümayəndələri və Azərbaycan QHT-lərinin
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Koordinatoru cənab Sabit
Bağırov imzalamışlar.
Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə imzalanmış üçtərəfli Anlaşma Memorandumu ilə əlaqədar bəyanatı, BAKI, 27 Noyabr, 2004-cü il Biz, Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurası olaraq Azərbaycan dövləti və Azərbaycan xalqının indiki və gələcək nəsilləri üçün çox əhəmiyyətli olan bu hadisədə bərabər hüquqlu bir tərəf kimi vətəndaş cəmiyyətini təmsil etməyimizdən qürur duyur və bunun məsuliyyətini dərk edirik. Bununla belə aşağıdakıları bildirməyi də vacib hesab edirik. İmzalanmış Memorandum mütərəqqi və ümidverici bir hadisə olsa da, neft sənayesində şəffaflığın bərqərar olmasında hələ ki, ilk addımdır. Bu sənəddə nəzərdə tutulan hesabat formalarında məlumatların həm genişləndirilməsinə, həm də onların şirkətlər tərəfindən fərdi şəkildə açıqlanmasına böyük ehtiyac duyulur. Biz neft şirkətlərinin öz fəaliyyətlərində şəffaflığın dərəcəsini artırarkən onları narahat edən səbəblərə (müqavilələrin kommersiya sirri, digər şirkətlərlə rəqabətdə yarana biləcək çətinliklər və s.) anlayışla yanaşır, lakin eyni zamanda hesab edirik ki, hələ də onların fəaliyyətlərində şəffaflığın artırılmasına imkanlar qalır. Biz inanırıq ki, neft şirkətləri getdikcə şəffaflığın artırılmasında daha böyük nailiyyətlər qazanacaq və MSŞT-in Azərbaycanda uğur qazanmasına layiqli töhfələrini verəcəklər. Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ictimai gəlirlər üzərində şəffaflığın təmin edilməsi istiqaməntində fəaliyyət göstərmək istəyən hər bir Azərbaycan vətəndaşı ilə, hər bir təşkilatla əməkdaşlıq edəcəkdir. Biz ümid edirik ki, Azərbaycanın vətəndaş cəmiyyəti bu məsuliyyətli işdə bizi dəstəkləyəcək və ölkənin təbii sərvətlərinin istismarı və əldə edilən gəlirlər üzərində şəffaflıq tam təmin ediləcəkdir. Azərbaycan QHT-lərinin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurası
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:22:8
|