| Konfrans öz işinə aprelin 6-nda başladı. Konfransı ARDNF-in İcraçı Direktoru, MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov açdı və iştirakçıları salamladı. Cənab Samir Şərifovun sədrlik etdiyi birinci gün iki paneldən ibarət oldu. Birinci panel "MHŞT-nin həyata keçirilməsində pilot təcrübə: Azərbaycan nümunəsi" mövzusuna həsr edildi və bu mövzu üzrə cənab Samir Şərifov, Böyük Britaniyanın Baş Auditoru cənab Con Born, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dr. Lori Bristou, Milli Məclisin Vitse-Spikeri, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Məsələləri Daimi Komissiyasının sədri cənab Valeh Ələsgərov, BP qrupunun Vitse-Prezidenti cənab Qraham Bəkster, ARDNŞ-in Vitse Prezidenti cənab Şahin Mustafayev və QHT Koalisiyasının koordinatoru cənab Sabit Bağırov məruzələrlə çıxış etdilər. İkinci panel "MHŞT-nin tətbiqinin beynəlxalq perspektivləri" mövzusuna həsr edildi və bu mövzu üzrə Dünya Bankının baş iqtisadçısı cənab Maykl Levitski, ABŞ Dövlət Departamentinin Siyasət Planlaşdırması bölməsinin direktoru Dr. Stefen Krasner, Açıq Cəmiyyət İnstitutunun və Corc Sorosun şəxsi məsləhətçisi xanım Karin Lissakers, AYİB-in Azərbaycan üzrə nümayəndəsi cənab Raymond Convey və Böyük Britaniyadan MHŞT üzrə katibliyin nümayəndəsi xanım Alison Koçreyn çıxış etdilər. Konfransın birinci günü iştirakçıların sayı 170-ə yaxın olmuşdur. Bunların arasında Azərbaycan hökumətinin nümayəndələri, bir sıra xarici ölkələrin hokumət nümayəndələri və səfirləri, beynəlxalq təşkilatların və maliyyə qurumların, neft şirkətlərinin, ictimai təşkilatların və mətbuatın nümayəndələri var idi. Konfransın ikinci və üçüncü günləri adı çəkilən beynəlxalq təşəbbüsdə vətəndaş cəmiyyətinin rolu və problemlərinə həsr edildi. İkinci gün keçirilən "Pilot ölkələrində vətəndaş cəmiyyəti" adlı birinci paneldə Qırğızstandan xanım Kaliya Moldogazieva, Qazaxstandan cənab Malik Isabekov, Nigeriyadan cənab Uche Igve, Rusiyadan cənab Andrey Makarichev və Azərbaycandan cənab Inqilab Əhmədov, cənab Sevgim Rəhmanov və cənab Qubad Ibadoglu məruzələrlə çıxış etdilər. Birinci panelə Sabit Bağırov sədrlik etdi. İkinci panel "Beynəlxalq QHT-lər" mövzusunda idi və bu paneldə Açıq Cəmiyyət İnstitutundan xanım Vanessa Herringshaw, PWYP Koalisiyasından cənab Henry Parham və Global Witness beynəlxalq təşkilatından cənab Gevin Hayman məruzələrlə çıxış etdilər. İkinci panelə Qalib Əfəndiyev sədrlik etdi. Günün ikinci hissəsində Mədən Sənayesində Şəffaflıq beynəlxalq Təşəbbüsündə vətəndaş cəmiyyətini maraqlandıran mövzularda eyni zamanda üç dəyirmi masa keçirildi. Dəyirmi masalar "MHŞT üzrə hesabat formaları və audit", "Təsdiqləmə üsulları" və "Milli QHT koalisiyalarının beynəlxalq koordinasiyası" problemlərinə həsr edildi. Bu dəyirmi masalar Inqilab Əhmədovun, Mayis Güləliyevin və Henri Parhamın sədrliyi ile keçirildi. Sonda iştirakçılar dəyirmi masaların nəticələrini və Təşəbbüsün gələcək inkişafı üçün təklifləri və tövsiyələri müzakirə etdilər və bu təklif və tövsiyələri sistemləşdirib Beynəlxalq Məsləhət Qrupuna, MHŞT üzrə Katibliyə təqdim etmək məqsədi ilə işçi qrup yaratdilar. Dəyirmi masaların nəticələrinin müzakirəsinə həsr edilmiş oturuma Fərda Əsədov sədrlik etdi. Konfransın üçüncü günü iştirakçılara iki məruzə təqdim edildi. Bunlar "Neft sazişləri" (Piter Vells) və "Vətəndaş cəmiyyəti təşkilatlari koalisiyalari və ictimai siyasət" (Leonid Polişşuk) mövzularına həsr edildi. Konfransın ikinci və üçüncü günlərində iştirakçıların sayı 80-ə yaxın olmuşdur. Bunların arasında Azərbaycanın və bir sıra xarici ölkə (Qazaxstan, Qırğızstan, Gürcüstan, Monqoliya, Türkmənistan, Türkiyə, Rusiya, Nigeriya, Misir) ictimai təşkilatlarının, beynəlxalq təşkilatların və maliyyə qurumların nümayəndələri var idi. Konfransın təşkilatçısı Azərbaycan QHT-lərinin "Mədən Sənayesində Şəffaflığın Artirılması" Koalisiyası olmuşdur. |