Qazaxıstan QHT-ləri Koalisiyanın təcrübəsindən yararlanmaq istəyirlər

İyunun 8-də Mədən Sənayesində Şəffaflığın Artırılması (MHŞT) QHT Koalisiyasının
mənzil qərargahında Qazaxıstanda MHŞT sahəsində fəaliyyət göstərən ekspertlərlə
görüş keçirilib. Görüşdə Koalisiyanın Şura üzvləri, Qazaxıstan Soros Fondunun
nümayəndəsi Anton Artemyev və MHŞT prosesində iştirak edən Qazaxıstan QHT Koalisiyasının
təmsilçisi Malik İsabekov iştirak edib.
Görüşdə Azərbaycan və Qazaxstan MHŞT Koalisiyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması ilə bağlı müzakirələr aparılıb. Qonaqlar Azərbaycan QHT-lərinin MHŞT-nin tətbiqi, Koalisiyanın cəmiyyət və Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrinin qurulması sahəsində ciddi uğurlar əldə etdiyini bildirərək, bu təcrübədən yararlanmaq istədiklərini qeyd ediblər. Onların xahişi ilə Şura üzvləri İnqilab Əhmədov, Sevgim Rəhmanov, koordinator Qubad İbadoğlu qeyd edilən istiqamətlər üzrə həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat veriblər. Şura üzvü Nəriman Ağayevin sualına cavab olaraq A.Artemyevin veridiyi məlumatdan aydın olub ki, Qazaxıstanın qeyri-neft-qaz mədən sənayesində çalışan bir neçə dövlət şirkəti MHŞT-nin tətbiqinə dair memorandumu imzalasalar da, bu, formal xarakter daşıyır. Qazaxıstan QHT-ləri həmin şirkətlərlə əlaqələrin qurulmasına başlamaq niyyətindədilər, lakin hələlik uyğun formatın tapılması mümkün olmayıb.
Aparılan müzakirələrdən sonra əlaqələrin daha da genişləndirilməsi, hər iki ölkədə MHŞT-yə qoşulmuş şirkətlərin fərdi hesabatlılığına nail olmaq üçün birgə tədbirlərin təşkili, regional İnternet şəbəkəsinin fəaliyyətə başlaması və digər istiqamətlərdə zəruri addımların atılması barədə razılaşma əldə olunub.
Görüş iştirakçıları MHŞT ilə bağlı geniş miqyasda informasiya təbliğatının aparılması ideyasını gələcək fəaliyyətin mühüm bir istiqaməti kimi məqsədəuyğun hesab ediblər.