Dövlət Neft Fondunun keçirdiyi tenderdə Thomson Financial Limited şirkəti
qalib gəlib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) portfelin idarə olunması/portfel
mühasibat sistemi və baş mühasibat üçün proqram təminatı üzrə xidmətlərin satınalması
məqsədilə 2007-ci il yanvarın 14-də elan etdiyi iki tender başa çatıb. Fondun
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər iki tender «Dövlət
satınalmaları haqqında» qanuna əsasən həyata keçirilib və Thomson Financial Limited
şirkəti qalib gəlib.
Qeyd olunan sahələr üzrə proqram təminatı infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı qərarın verilməsinin səbəbi Fondun əməliyyat miqyasının genişlənməsi və genişlənən sistemlərə, proseslərin avtomatlaşdırılmasına, mövcud investisiyaların idarə edilməsi və monitorinqinin həyata keçirilməsinə ehtiyacın artmasıdır. Tender prosesində ARDNF-ə məsləhət xidmətini ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən Neft Fondunun İnstitusional Quruculuğunun Təkmilləşdirilməsi layihəsini həyata keçirən Overture Financial Services şirkəti göstərib.
Tenderə portfelin idarə olunması/portfel mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin göstərilməsinə dair 8, baş mühasibat kitabı (mühasibat sistemi) üzrə qeyd olunan xidmətlərin göstərilməsi üçün isə 9 təklif təqdim olunub. Tender komissiyası təklifləri qiymətləndirərkən 9 texniki və maliyyə meyarını nəzərə alıb.
Hər iki sistem üzrə proqram təminatının tətbiqinə ARDNF və Thomson Financial Limited şirkəti arasında müqavilənin bağlanmasından sonra başlanılacaq. Bu prosesin 9 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Thomson Financial şirkəti hüquq, vergi, mühasibat, maliyyə xidmətləri, ali təhsil, normativ-texniki məlumatlar, korporativ treninq və qiymətləndirmə, elmi araşdırma və səhiyyə sahəsi üzrə 20 milyondan çox istifadəçini əlavə dəyərli məlumatlarla və proqram təminatı vasitələrilə təchiz edən Thomson Korporasiyasının bir hissəsidir. 8,7 milyard ABŞ dolları həcmində illik gəlirə malik olan Thomson Korporasiyasının səhmləri Nyu-York və Toronto fond birjalarında qeydiyyatdadır.