Neft Fondunun informasiya siyasəti açıqlanıb

Dövlət
Neft Fondu (ARDNF) özünün informasiya siyasətini açıqlayıb. Fondun mətbuat katibliyindən
verilən məlumata görə, icraçı direktor Şahmar Mövsümov tərəfindən aprelin 20-də
təsdiq edilmiş sənəd “İnformasiya əldə etmək haqqında” qanununa uyğun olaraq,
“Fondun ictimaiyyətlə əlaqələrinin düzgün koordinasiya edilməsini, effektli idarə
olunmasını, ictimaiyyətin Fondla bağlı informasiya ehtiyaclarının ödənməsini,
onun şəffaf dövlət təşkilatı imicinin qorunmasını və inkişaf etdirilməsini təmin
etmək məqsədilə” hazırlanıb.
Sənəddə informasiya siyasətinin əsas prinsipləri bu siyasətin məqsədinə uyğun olaraq Fondun əsas vəzifələri, ictimaiyyəti məlumatlandırmalı olduğu məlumatların təsnifatı öz əksini tapıb. Sənəddə göstərilir ki, informasiya siyasətinin məqsədi zəruri informasiyanın formalaşdırılması və Fonda həvalə edilmiş vəzifələrin həlli üzrə informasiyanın çatdırılmasının təmin edilməsidir. Siyasətin əsas prinsipləri olaraq aşağıdakılar göstərilib:
- Azərbaycan Respublikasının qanunlarının tələblərinə, məlumat azadlığını tənzimləyən norma və qaydalara ciddi əməl edilməsi;
- Fondun şəffaflığı təmin etmək maraqlarının qorunması;
- İnformasiyanın ictimaiyyətə müntəzəm və kütləvi informasiya vasitələrinə münasibətdə ədalət prinsipinin qorunması şərti ilə çatdırılması;
- açıqlanan informasiyanın dəqiqliyinin təmin olunması;
- Fondun sahibi olmadığı informasiyanın konfidensiallığının qorunması.
Sənədə əsasən DNF ictimaiyyəti öz fəaliyyətinə dair aşağıdakı informasiyalarla təmin etməlidir:
- gəlir və xərcləri barədə rüblük məlumatlar;
- illik hesabatlar;
- Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair hesabatlar;
- audit hesabatları;
- Müşahidə Şurasının iclaslarına dair məlumatlar;
- təşkilati strukturu;
- büdcəsinə dair məlumatlar;
- aldığı qrantlar, onların şərtləri və istifadəsi haqqında məlumatlar;
- fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar;
- maliyyələşdirdiyi layihələrə dair ümumi məlumatlar;
- investisiya portfeli ilə bağlı konfidensial olmayan məlumatlar;
- rəhbərliyin xarici işgüzar səfərləri barədə məlumatlar;
- vakant vəzifələrlə bağlı elanlar.
Fond mövcud qanunvericiliyə və Əsasnaməsinə uyğun olaraq ictimaiyyətə açıq hesab etdiyi və öz fəaliyyətində şəffaflığı təmin etmək naminə yaydığı informasiya və sənədləri hər bir maraqlı tərəfin əldə etməsini , hesabatlarının Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik korpusa ötürülməsini təmin etməli, özünün maliyyə fəaliyyəti barədə məlumatlarını rübdə bir dəfə və hər ilin əvvəlində açıqlamalıdır.
Sənəddə diqqəti çəkən məqamlardan biri də DNF-nin qanunvericiliklə tələb edilməyən informasiyaları öz mülahizəsinə uyğun olaraq açıqlamasını nəzərdə tutan müddəadır.
Qeyd: Sənəd azərbaycan və ingilis dillərində, DNF-nin
www.oilfund.az ünvanındakı İnternet səhifəsində yerləşdirilib.