Azərbaycan İnvestisiya Şirkəti investisiya qoyuluşlarına başlayıb

Mart
ayında nizamnamə kapitalı (90 milyon manat) Dövlət Neft Fondunun vəsaitləri hesabına
formalaşdırılan Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti (AİŞ) ilk
investisiya qoyuluşuna qərar verib. Şirkətin Müşahidə Şurasının martın 30-da
keçirilən toplantısında qəbul edilən qərar süd və süd məhsulları, habelə təbii
şirələrin istehsalı ilə məşğul olan «Milk-Pro» MMC-yə investisiya qoyuluşunu nəzərdə
tutur.
AİŞ-in icraçı direktorunun müavini Riad Qasımovun APA İnformasiya Agentliyinə verdiyi məlumata görə, şirkət «Milk-Pro» MMC-yə süd zavodu layihəsinin reallaşdırılması üçün 5 mln. 375 min ABŞ dolları həcmində investisiya yatıracaq. Bundan başqa, AİŞ «Milk-Pro»nun səhmdarları sırasına daxil olmaqla müəssisənin nizamnamə kapitalında 20 faizlik iştirak payı əldə edib. R.Qasımov onu da bildirib ki, layihənin ümumi dəyəri 11 mln. dollardır və maliyyələşdirmənin bir hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı həyata keçirəcək. Layihə çərçivəsində Göyçay rayonundakı mövcud süd zavodunun istehsalının genişləndirilməsi, Hövsan qəsəbəsində yeni süd zavodunun tikintisi, həmçinin Gürcüstanda süd və süd məhsulları istehsalının təmin olunması nəzərdə tutulur.
Xatırladaq ki, AİŞ dövlət başçısının 30 mart 2006-cı il tarixli "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" sərəncamına əsasən yaradılıb. Sərəncamın müddəalarına uyğun olaraq, şirkət investisiya qoyuluşlarını təşkilatlarda iştirak payının (səhmlərin) əldə edilməsi yolu ilə həyata keçirir.
Bu günədək şirkət tərəfindən 50-dən artıq layihələrdə iştirak imkanlarına baxılıb. İcrasına hazırlıq işləri başlamış ilk layihə Azərbaycanda neft-kimya məhsullarını istehsal edən zavodun inşası ilə baglıdır. Bu layihənin səmərəliliyinin qiymətləndirilməsi, onun inkişaf perspektivlərinin araşdırılması və investorların cəlb edilməsi məqsədi ilə məsləhətçi qismində ABŞ-ın "Allied İnvestment House" şirkəti cəlb olunub. Qida sənayesində həyata keçirilməsi nəzərdə tutulan başqa bir layihə çərçivəsində isə "Azersun Holding" Şirkətlər Qrupunun iştirakı ilə gündəlik istehsal gücü 100 tondan çox olan yodlaşdırılmış və rafinasiya olunmuş duzun istehsalı üzrə zavodun inşası planlaşdırılır. AİŞ-in diqqət yetirdiyi daha bir sahə sement istehsalıdır. İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, bu məhsula artan tələbatın ödənilməsi, onun satış qiymətinin bazar rəqabəti şəraitində formalaşması və eyni zamanda ekoloji duruma zərər vurmadan istehsalın təmin edilməsi baxımından yeni sement zavodunun inşası, habelə "Qaradağ-Sement" ASC-də ekoloji cəhətdən daha təmiz olan və ətraf mühitə zərər vurmadan sement istehsalının həyata keçirilməsinə imkan verən yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Artıq yeni sement zavodunun inşası ilə bağlı Fransanın "Lafarge" şirkəti ilə anlaşma memorandumu imzalanmışdır.
Daşımalar sahəsində isə AİŞ "Qafqaz Trans Service" şirkəti ilə birlikdə Qaradağ rayonu ərazisində neft terminalının inşasında iştirak etmək niyyətindədir. Həmin terminal dəmir yolu daşımaları ilə Qara dəniz sahilində yerləşən terminallara və Bakı-Tiflis-Ceyhan əsas boru kəməri ilə Ceyhan limanına daşınacaq xam nefti Qazaxıstan və Türkmənistandan qəbul edəcək. Bununla yanaşı, terminala Azərbaycan xam neftinin də ötürülməsi nəzərdə tutulub. Bu layihənin texniki-iqtisadi əsaslandırılması üzrə işlər Böyük Britaniyanın "Nexant Limited" şirkəti tərəfindən aparılır. Bundan əlavə, çirkət daşımalar sahəsində Cənubi Koreyanın "STX" korporasiyası ilə işbirliyi qurmağa başlayıb. Korporasiya ilə şirkət arasında Azərbaycanda gəmilərin inşası və təmiri üzrə zavodun tikintisi, külək enerjisi stansiyalarının qurulması və digər investisiya layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.
H.Babayevin sözlərinə görə, qeyd olunan layihələrlə yanaşı, AİŞ tərəfindən əczaçılıq, kənd təsərrüfatı, kimya sənayesi, daşımalar və digər sahələrdə də investisiya layihələrinin həyata keçirilməsi üzrə işlər aparılır.