|
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə başlandı
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə başlandı
Noyabrın 21-də Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisinin başlanmasına dair razılaşmanı imzalayıblar. Bu münasibətlə keçirilən təntənəli mərasimdə hər üç ölkənin prezidenti layihənin perspektivi ilə bağlı nikbin çıxışlar ediblər.
Üç ölkənin nəqliyyat sistemini birləşdirəcək bu xəttin Türkiyə hissəsində Qars istiqamətində dəmir yolunun tikintisinə başlanacaq. Bu barədə imzalanma mərasimində məlumat verən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, hazırda layihə üzrə Gürcüstan ərazisində uzunluğu 25 km olan Marabda-Kartsaxi dəmir yolunun tikintisinə başlanıb və bundan sonra Tiflis istiqamətində yolun 160 km-lik hissəsində reabilitasiya işləri aparılacaq: “Türkiyənin nəqliyyat və komunikasiya naziri Binəli Yıldırımın mənə verdiyi məlumata görə, artıq bir aydan sonra Türkiyə ərazisində dəmir yolunun təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub.” Nazir həmçinin qeyd edib ki, layihənin icrasında heç bir problem yoxdur və bütün təhlükəsizlik tədbirləri lazımi səviyyədə təmin olunub. Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd bu ilin fevralın 8-də Tiflisdə imzalanıb. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyətinə Dövlət Neft Fondunun vəsaitlərindən güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirəcək. Dəmir yolunun 2009-cu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:27
|