|
Gələn Neft Fondunun
gəlirlərinin 3,5 milyard manat olacağı proqnozlaşdırılır
Gələn Neft Fondunun
gəlirlərinin 3,5 milyard manat olacağı proqnozlaşdırılır
Oktyabrın
1-nə Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 45,5% artaraq 1
843,8 mln. manata (2 166,5 mln. ABŞ dolları) çatıb. Fondun icraçı direktoru
Şahmar Mövsümovun jurnalistlər üçün mətbuat konfransında verdiyi məlumata
görə, hesabat dövründə ARDNF-nin neft sazişlərinin həyata keçirilməsi ilə
bağlı gəlirləri 1 279,3 mln. manat, o cümlədən mənfəət neftinin satışından 1
216,7 mln. manat, akr hesabı ödənişlərdən 0,8 mln. manat, bonus
ödənişlərindən 39,4 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil
verilən aktivlərdən 1 mln. manat, Azərbaycanda istehsal edilən və ixrac
olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti
arasındakı fərqdən isə 21,4 mln. manat təşkil edib.
«Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 51,5 mln. manat, Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı gəlirlər isə 2,8 mln. manata bərabər olub», - deyə Ş.Mövsümov əlavə edib. ARDNF başçısı qeyd edib ki, hesabat dövrü ərzində Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 108,7 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 34,1 mln. manat və 55,7 mln. manat vəsait ayrılıb. Həmçinin bu il dövlət büdcəsinə 468,8 mln. manat vəsait transfer edilib, 0,2 mln. manat «Bakı-Tiflisi-Qars yeni dəmir yolu Layihəsi»nin Gürcüstan hissəsindəki tikinti işlərinin maliyyələşdirilməsinə yönəldilib. İlin sonunadək bu layihə üzrə daha 30 milyon manatın da sərf olunması nəzərdə tutulur. «Azəri-Çıraq-Günəşli» yataqlarının birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı ARDNŞ-yə 87,6 mln. manat vəsait ödənilib. Cari ilin ilk 9 ayı ərzində Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər isə 2,1 mln. manat təşkil edib. 2008-ci ildə Fondun gəlirlərinin 3,5 mlrd. manat və ya 4,5 mlrd. ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Ş.Mövsümovun sözlərinə görə, gəlirlərin 95%-i mənfəət neftinin satışından daxilolmalar hesabına formalaşacaq. ARDNF-dən 2008-ci ildə dövlət büdcəsinə transfertin həcmi 1,1 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Ş.Mövsümov bildirib ki, Fondun gələn il üçün büdcəsinin layihəsi artıq tərtib edilərək Müşahidə Şurasına təqdim olunub.
◄ 1 ... 3 4 5 ... 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:55
|