|
“Əsrin müqaviləsi” üzrə pay bölgüsü nisbəti gələn
il dəyişəcək
“Əsrin müqaviləsi” üzrə pay bölgüsü nisbəti gələn
il dəyişəcək
Dünya bazarında qiymətlərin yüksək səviyyəsi
Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair hasilatın-pay
bölgüsü sazişi üzrə mənfəət neftinin bölgüsü prinsiplərinin vaxtından əvvəl
ikinci mərhələyə keçirilməsinə imkan verəcək. Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümovun jurnalistlərin sualına cavab olaraq verdiyi
məlumata görə, hazırda yataqdan hasil olunan mənfəət nefti 30 faizi
Azərbaycan hökumətinə çatır, 70 faizi isə layihədə iştirakçı olan şirkətlər
arasında bölünür.
Ş.Mövsümovun sözlərinə görə, bu nisbət 2008-ci ilin 1-ci və ya 2-ci rübündə dəyişərək Azərbaycan hökumətinin xeyrinə 55:45 ola bilər: “Gəlirlərin bölgüsü üzrə ikinci mərhələyə keçid bilavasitə dünya bazarında neftin qiymətinin yüksəkliyindən irəli gəlir. Əvvəllər bu dəyişikliyin 2009-2010-cu illərdə baş tutacağı prqonozlaşdırılırdı.” Gözlənilir ki, 2009-2010-cu illərdə artıq gəlirlərin bölgüsündə 80:20 nisbətinə keçiləcək. Onu da qeyd edək ki, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası bir neçə dəfə “Əsrin müqaviləsi” üzrə pay bölgüsü nisbətinin dəyişilməməsindən narahatlığını bildirmişdi. Koalisiya ekspertlərinin hökumət və şirkətlərin 6-cı hesabatları ilə bağlı hazırladıqları rəydə bu məsələ xüsusi vurğulanıb: “Hələ bir neçə il öncə məhz 2006-cı ilin sonuna “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə dair saziş çərçivəsində ölkəmizin xeyrinə əhəmiyyətli dəyişikliyin baş verməsi planlaşdirilirdı. Lakin 5-ci hesabatın təhlili göstərdi ki, 2006-cı ilin artıq birinci yarımilliyində planlaşdırıldığının əksinə olaraq, AÇG sazişində məsrəflərin kəskin artması səbəbindən Azərbaycan tərəfi şirkətlərlə müqayisədə hələ də gözlənilən yüksək rentabellik mərhələsinə keçə bilmədi. Son hesabat dövründə (2006-cı ildə) ABƏŞ tərəfindən hasil edilən bütün neftin təxminən 13% -i hökumətin payına düşüb. 2006-cı ildə AÇG yatağında hasilatın tempi əvvəlki illə müqayisədə 50 % artmışdır. Bununla yanaşı, mənfəət neftinin bölgüsü hələ də şirkətlərin xeyrinədir. Bu halda yaranmış sual yenə də cavabsız qalır: niyə AÇG-nin şərtinə görə hökumətin payı gözlənildiyi kimi, RGN > 16.75% mərhələsinə keçməyib, hələ də əvvəlki mərhələdə qalmaqdadır? Müxtəlif mənbələrdən alınmış informasiyaların təhlili göstərir ki, bunun başlıca səbəbi hesabat dövründə gözlənildiyinin əksinə olaraq, hələ də əsaslı xərclərin tamamilə ödənilməməsi ilə izah oluna bilər. Baxmayaraq ki, hesablamalara görə, 1995-2006-cı illər ərzində əsaslı xərclər 13,040 milyard dollar təşkil edib. Xatirlatmaq istərdik ki, hələ saziş bağlananda AÇG-nin ümumi xərclərinin 12 mlrd. dolları ötməyəcəyi elan edilsə də, artıq yalnız əsaslı xərclərin 14 mlrd. dollara çatacağı heç kəsdə şübhə doğurmur. Xərclərin miqyasında artıma doğru kənarlaşmanın dünya bazar qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilməsini obyektiv xarakter daşıyan arqument kimi nəzərə alsaq da, bu ədalətsizlik bir tərəfdən hesablamalarda ciddi xətaların olmasını, digər tərəfdən də xərclərin şişirdildiyini təsdiq edir.” Koalisiyanın bu mövqeyinin mətbuat orqanları vasitəsilə geniş ictimaiyyətə açıqlanmasından sonra DNF rəsmisinin verdiyi məlumat qaldırılan məsələyə aydınlıq gətirilməsi hesab oluna bilər.
◄ 1 2 3 ... 12 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:36:58
|