|
ARDNŞ-nin Ceyhanda tikəcəyi
zavodun ilkin dəyəri 4 milyard dollardır
ARDNŞ-nin Ceyhanda tikəcəyi
zavodun ilkin dəyəri 4 milyard dollardır
Dövlət Neft Şirkətinin Ceyhanda inşa edəcəyi neft emalı zavodunun ilkin
dəyəri 4 milyard dollar civarında qiymətləndirilir. Şirkətin prezidenti
Rövnəq Abdullayevin “Trend” agentliyinə verdiyi məlumata görə, zavodu ARDNŞ
və TURQAS alyansı tikəcək.
Tikinti iki mərhələni əhatə edəcək. Birinci mərhələdə neft emal edən müəssisənin, ikinci mərhələdə isə neft-kimya kompleksinin tikilməsi nəzərdə tutulur. Tikinti işləri 2008-ci ildə başlayaraq 2012-ci ildə yekunlaşacaq. Zavodun illik gücü 10-15 milyon ton təşkil edəcək. Burada əsasən Türkiyənin daxili tələbatı üçün nəzərdə tutulan bütün növ yüksək keyfiyyətli benzin, mazut, dizel yanacağı, aviasiya kerosini və neft-kimya məhsulları istehsal olunacaq. ARDNŞ artıq layihənin ilkin variantını, Türkiyənin Ekologiya Nazirliyi isə zavodun ətraf mühitə təsirini qiymətləndirmə sənədini hazırlayır. R.Abdullayevin dediyinə görə, hər iki sənəd yaxın 5-6 aya tam hazır olacaq. Onu da qeyd edək ki, Ceyhan limanı ərazisində neft emalı zavodlarının tikintisi ilə bağlı Türkiyə hökumətinə 3 müraciət edilib. Bunlardan biri Türkiyənin “Calik Enerji”, Qazaxıstanın “KazMunayQaz” və Hindistanın “Oil İndia” şirkətlərinin alyansından daxil olub. İkinci təklif ARDNŞ -“TURQAS” alyansının, üçüncü isə Türkiyənin “Petroil offici” və Avstriyanın OMV şirkətlərindən gəlib. Hazırda Türkiyə neft emalı müəssisələrinə böyük tələbat duymaqdadır. Ölkənin neft məhsullarına olan illik 32 milyon tonluq tələbatının yalnız 26,5 milyon tonu 5 mövcud emal zavodunda istehsal olunur. Proqnozlara görə, 2010-cu ildə Türkiyədə neft məhsullarına tələbat 34 milyon tona, 2012-ci ildə isə 43 milyon tona yüksələcək.
◄ 1 ... 8 9 10 ... 15 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:37:16
|